Dünyada 41% uşaq kiberfırıldaqçılığın qurbanına çevrilib

Dünyada 41% uşaq kiberfırıldaqçılığın qurbanına çevrilib
19:12 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Uşaqların internetdə tez-tez təhlükələrə məruz qalması valideynlər tərəfindən vaxtında müdafiə tədbirlərinin görülməməsi ilə bağlıdır. 
"Report" xəbər verir ki, “Kaspersky Lab” şirkətinin internet istifadəçiləri arasında apardığı sorğunun nəticələrinə əsasən, istifadəçilərin yalnız 26%-i övladlarının internetdə fəaliyyətini tənzimləmək üçün valideyn nəzarət funksiyası olan təhlükəsiz proqram təminatlarından istifadə edir. Bununla belə, xüsusi həllərin köməyi olmadan da keçinə biləcəyini düşünən çoxluq arasında hər beşinci respondent uşaqların sərbəst şəkildə valideynlərin nəzarəti olmadan internetdən istifadəni öyrənməklərinin tərəfdarıdır. Bu isə ekspertlərdə narahatlıq yaradır.
Belə ki, “Kaspersky Lab”ın araşdırma apardığı 12 ay ərzində 41% uşaq kibertəhlükələrlə üzləşib. Böyüklər tərəfindən lazımi qayğı ilə əhatə olunmayan gənc internet istifadəçiləri kiberfırıldaqçılığın qurbanına çevrilib, təhlükəli yad insanlarla ünsiyyət qurub və arzuolunmaz kontentlə rastlaşıblar.
Bununla yanaşı, araşdırma onu da göstərib ki, valideynlər uşaqların internetdə qarşılaşa biləcəyi təhlükələrdən xəbərdardılar. Belə ki, onların 37%-i düşünür ki, uşaq internetdə yaşına və psixoloji inkişaf səviyyəsinə uyğun olmayan bir şey görə bilər. 36% respondent isə onların internetdə təhlükəli insanlarla ünsiyyət qurmasından qorxur. Valideynlərin 34%-i isə mümkün internet fırıldaqçılığından və bunun övladlarına təsirindən narahatdır.
Bütün bu təhlükələri dərk edərək valideynlər hər halda övladlarını onlayn təhlükələrdən qorumaq üçün müəyyən tədbirlər görür. Əksər zamanlarda bu, internetin təhlükələri barədə uşaqla söhbətin aparılması olur (38%). Daha bir maraqlı məqam hər beşinci respondentin bu problemin həllini sosial şəbəkələrdə uşaqla dostluq etməkdə görməsidir.
"Valideynlər anlamalıdırlar ki, onlayn təhlükələr uşaqlar üçün fiziki dünyanın təhlükələri qədər qorxuludur. Real həyatda heç bir valideyn öz uşağının nəzarətsiz yol keçməsinə və ya yad biri ilə ünsiyyət qurmasına icazə vermir. İnternetə gəldikdə isə valideynlərin əksəriyyəti uşaqları brauzer və məlum olmayan kontentlə təkbaşına buraxır. Uşaqlara mütəmadi olaraq internetin təhlükələri barədə danışmaq, ehtiyatlı və ayıq davranışı öyrətmək lazımdır. Bu vasitə faydalı olsa da uşağın hər hansı bir təhlükə ilə üzləşməyəcəyinə təminat vermir. Bunun üçün maarifləndirici tədbirlərlə yanaşı, valideynlər texnoloji səviyyədə internet təhlükələrin qarşısını alan xüsusi həllərdən də istifadə etməlidirlər” -  “Kaspersky Lab” şirkətinin istehlakçı biznesinin rəhbəri Andrey Moxolya bildirib.
Qeyd edək ki, “Kaspersky Lab” şirkətinin apardığı sorğu 21 ölkədən 12 546 internet istifadəçisini əhatə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/dunyada-41-usaq-kiberfirildaqciligin-qurbanina-cevrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR