"Büdcəmiz 1 milyona yaxındır" - Yaşar Bəşirov

"Büdcəmiz 1 milyona yaxındır" -   Yaşar Bəşirov
19:47 15 Noyabr 2016
123 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun Sport7.Az saytına müsahibəsi

- Ötən ay Avstriyada keçirilən dünya çempionatında yüksək nəticə göstərdiniz. Belə nəticəni gözləyirdiniz?
- Komandamız dünyada ən güclülərdən biridir. Bunu heç kim dana bilməz. Nəticələrimiz göz qabağındadır. Vaxt var idi ki, məşq etməyə heç yerimiz yox idi. 20 il bundan qabaq həm məşq keçirdim, həm mətbuat katibi kimi idmançıların şəkillərini çəkirdim, həm də masajist kimi işləyirdim. Bir sözlə, karatedə hər işi özüm görürdüm. Ancaq indi sağolsun ki, cənab prezident, nazirimiz Azad Rəhimov və eləcə də Beynəlxalq Bank köməklik göstərir. 2 ildir ki, bizdə maliyyə problemləri vardı. Biz bunun səbəblərini başa düşürük. Maddi problemlərimizin olub-olmasından asılı olmayaraq, uşaqlarımız həmişə nəticə verib. Bu gün 7 nəfər beynəlxalq dərəcəli hakimimiz var. Cahangir Babayev həmin Hakimlər Kollegiyasının rəhbəridir. Məşqçilər heyətimizin rəhbəri vitse-prezidentimiz Rəhman Hətəmovdur. Təbii ki, biz bu nəticəni gözləyirdik. Daha yüksək də nəticə göstərə də bilərdik. Komanda şəklində bizi bir az sıxdılar. Qızlarımız Avropa çempionu olsalar da, zəif çıxış etdilər. Halbuki bu dünya çempionatında mükafatçı da ola bilərdilər. 

118 ölkənin qatıldığı bu turnirdə cəmi 26 ölkə medal qazandı. Türkiyə və Rusiya 60-ya yaxın idmançı ilə qatılsa da, qızıl medal qazana bilmədi. Biz isə Avropa ölkələri arasında II, dünyada isə V yeri tutduq. Biz 3 il əvvəl İndoneziyada keçirilmiş sonuncu İslam Oyunlarında komanda şəklində qalib olmuşuq. Orda İran komandasına finalda qalib gəlmişdik. Həmin İran komandası bu il dünya çempionu oldu. İslam Oyunlarında əsas rəqiblərimiz İran, Türkiyə və Misirdir. Türkiyə Karate Federasiyasının prezidenti Esat Dəlihasanla dostam. O pis vəziyyətdə qalmışdı ki, necə olur ki, cəmi 1 bürünc medal qazandıq. 2 il əvvəl Almaniyanın Bremen şəhərində keçirilmiş dünya çempionatında da biz medalsız qalmışdıq. Yəni, idmanda belə hallar olur. Amma ümumilikdə sabit nəticələr vermişik. Yalnız gənclərin nəticələrindən narazıyam. 2002-2003-cü illərdə 5 idmançı ilə gedib qızıl medalla geri dönürdük.


- İndi niyə gənclərin çıxışında eniş yaşanır ki?
- Müəyyən vaxtlarda biz onlara diqqət göstərə bilmədik. Maddi tərəfdən sıxıntı çəkdiyimizdən, əsas diqqəti böyüklərə yönəltdik. Onlar yarışlara gedə bilmədiyindən, praktika azlığından, onlara daha çox diqqət ayırmadığımızdan, zəif nəticələr qeydə alındı. Ancaq indi karate Olimpiya idman növlərinə daxil edildiyindən, gənclərə də diqqət ayırmağımız lazımdır. Yeri gəlmişkən, 2017-ci ildə Milli Karate Federasiyasının Dünya Karate Federasiyasına üzv olmasının 20 illiyi qeyd olunacaq. Biz ora 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məktubu əsasında daxil olmuşuq. İlk nəticəmiz 1999-cu ildə Seymur Hüseynov tərəfindən verilib. O, 65 kq çəki dərəcəsinə bürünc medal qazandı. O vaxtdan bəri nəticələrimiz yaxşılaşmağa doğru getdi. İndi bütün dünyada bizi favorit kimi qəbul edirlər. Dünyanın 1 nömrəli idmançısı 5 qat dünya, 13 qat Avropa çempionu kimi Rafael Ağayevdir. Karatenin kumite növündən sonra ilk dəfə katada da nəticə qazandıq. Vahid Eyvazovun tələbəsi Roman Heydərov bürünc medal qazandı. O, Olimpiadada medal verə bilər. Rafael Ağayevin 31 yaşı var. 35 yaşadək rahat karyerasını davam etdirə bilər. Məncə, o, bizə ilk qızıl medalı qazandırdıqdan sonra fəaliyyətini dayandıra bilər. Hələ vətənə bu borcu qalıb. Ancaq istənilən halda Rafael bir tarixdir. Hələ onun kimi karatedə 5 dəfə dünya çempionu olmuş birisi yoxdur. Federasiyada hərtərəfli iş gedir. Ötən il nümunəvi federasiya olduğumuz üçün jurnalistlər tərəfindən mükafatlandırılmışıq.

-  Sonuncu müsahibələrinizdən birində bildirmişdiniz ki, Beynəlxalq Bankla müqavilə hələ bağlamamısınız. İndi vəziyyət nə yerdədir?
- Müqavilənin müddətini 1 illiyə artırmışıq. Burda problem yoxdur. Onlar yenə bizim baş sponsorumuzdur. Sadəcə, onlarda rəhbərlik dəyişdiyi üçün bir müddət müqavilə bağlanmadı. Ancaq dolların qalxması ilə əlaqədar olaraq maddi çətinliklərimiz var. Buna görə də əlavə sponsor da olsa yaxşı olar. Türkiyə Karate Federasiyasının 10 milyonluq büdcəsi var. Fransada 12, İspaniyada 10 milyon avroya yaxın büdcədir. 

- Sizin büdcəniz nə qədərdir?
- 1 milyon manata yaxın. 800 min Beynəlxalq Bank, 200 min də Gənclər və İdman Nazirliyi bizə pul ayırır. Düzdür, nazirlik bizə əlavə də pullar verir. Sonuncu yarışa gedəndə 100-150 min kömək etdilər. Ancaq o biri federasiyalarla müqayisədə büdcəmizdə yerlə göy arasında fərq var. Büdcəmiz 2-3 milyon olsaydı, daha yaxşı olardı. Belə olsaydı, daha çox yarışlara qatılardıq. Ancaq başa düşürük ki, hər yerdə maddi böhrandır. Ona görə də pul olsa da işləyəcəyik, olmasa da.


- Karate artıq Olimpiadaya daxil edilib. Bununla əlaqədar olaraq büdcənin artırılması söhbəti gedirmi?
- Bəli. Maliyyə məsələlərinə I vitse-prezidentimiz Rəhman Hətəmov baxır. Belə məsləhət görülüb. Ancaq federasiya prezidenti kimi mən də məsuliyyət daşıyıram. Prezident kimi rəhbərlikdən büdcəmizin artırılmasını xahiş edəcəyəm. Sonuncu mükafatlandırmamızı Beynəlxalq Bank etdi. 55 min manat verdilər. Düzdür, Rafael Ağayevə cənab prezident və Beynəlxalq Bank tərəfindən puldan əlavə, maşın və ev də verilib. O, eləcə də mən Avropa Oyunlarından sonra "Şöhrət” ordeni ilə mükafatlandırılmışıq. Yəni, dövlət bizə həmişə diqqət ayırıb. Ancaq İslam Oyunlarına yaxşı hazırlıq üçün çoxlu yarışlara qatılmağımız lazımdır. Avropa Oyunlarında ilk bürünc medalı İlahə Qasımova, ilk qızılı Firdovsi Fərzəliyev verib. İslamiadada da ilkləri biz etmək istəyirik.

- İslam Oyunlarında neçə çəki dərəcəsi üzrə karate görüşlərinin olacağı bilinir?
- Hələ ki şəxsi görüşlərin olacağı bilinir. Bəlkə kumitedə komanda görüşləri də oldu. Ancaq Avropa Oyunlarında olduğu kimi, bu dəfə də 5 kişi və 5 qadın karatenin kumite növü,  1 kişi və 1 qadın idmançımız katada yarışacaq. Bu barədə tam dəqiqlik 1-2 aya bilinəcək. Maddi problemlər olduğu üçün əvvəlki İslam Oyunlarından fərqli olaraq, kişilərdə 55 kq çəki dərəcəsi olmayacaq. Buna görə də komanda yarışlarının olub-olmayacağı da hələ bilinmir.

- Karate əlavə Olimpiya idman növü kimi daxil edilib. Belə çıxır ki, Tokio-2020-dən sonra biz karateni bu mötəbər yarışda görə bilməyəcəyik?
- İllər əvvəl heç kim karatenin Olimpiadada təmsil olunacağına inanmırdı. Ancaq mən 1994-cü ildə federasiyamızın bayrağında Olimpiadanın loqosunu əks etdirmişdim. Onu elə-belə etməmişdim. Bilirdim ki, bu nə vaxtsa olacaq. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sabiq rəhbəri Xuan Antonio Samaranç tərəfindən karate Olimpiya idman növü kimi təsdiq olunmuşdu. Ancaq yalnız 17 ildən sonra karatenin Olimpiadada olacağı rəsmiləşdi. Bunda Avropa Oyunlarına karatenin salınması da rol oynadı. Çünki Bakıya BOK-un prezidenti Tomas Bax da gəlmişdi. Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos da mənimlə görüşündə dedi ki, Avropa Oyunlarında karatenin bu şəkildə keçirilməsi bu idman növünün Olimpiadaya daxil edilməsinə çox böyük təkan verəcək. Sualınızın cavabına gəlincə, böyük ehtimalla, biz karateni 2024-də də görəcəyik. Çünki tədricədən qaydalar daha da təkmilləşdiriləcək ki, karate Olimpiadada daimi olsun. Bu barədə ötən ay Antonio Espinos yenidən seçiləndə də bizə söz verdi. 

- Bir dəfə qeyd etmişdiniz ki, bəzi federasiyalar bizim nəticələri öz adına yazırlar...
- WKF-ə daxil olan ölkələrin sayı hazırda 192-dir. Bunların biri də bizim federasiyadır. WKF BOK-a üzv olan qurumdur. Həmin federasilar isə heç bir quruma üzv deyillər. Adlarını çəkmək istəmirəm. Karatenin 300-ə yaxın növü var. Onların ən böyüyü şotokan karatedir. 128 dövlət ora üzvdür. Digər beynəlxalq karate federasiyalarının eləsində 30, eləsində də 40 dövlət var. Bizim idmançılarımız həmin növlərdə ölkəmizi təmsil edirlər və gəlib deyirlər ki, biz karate üzrə dünya və ya Avropa çempionu olduq. Amma onlar bizim keçirdiyimiz respublika çempionatında iştirak etsələr, 1-2 mərhələ adlasalar, böyük nəticə sayılacaq. Yəni, onlarla bizim qaydalar arasında səviyyə, reytinq məsələsi var. Bizim geyimlər də onlarınkından fərqlənir. Bizdə vurmağın qaydası var. Əgər o zərbələr dəysə, idmançı zədələnə, hətta ölə də bilər. Olimpiya idman növlərində də qan tökülməməlidir.

- Avropa Oyunlarında 4 qızıl və 2 bürünc medal qazanmaqla komanda hesabında I oldunuz.  Həmin yarışlarda II olan Türkiyədən başqa, eləcə də Misir və İran idmançıları əsas rəqibləriniz olacaq? Neçə medala proqnoz verirsiniz?
- Müsəlman ölkələri arasında Seneqal və İndoneziya da karatedə güclüdür. İran dünyanın ən güclü müsəlman ölkəsidir. Təbii ki, indi medal qazanmaq daha çətin olacaq. İranı əvvəlki İslamiadada məğlub etmişik. Çalışacağıq ki, yenə qalib gələk. Evdə doğma divarlar da kömək edir. Heç kim gözləmirdi ki, Avropa Oyunlarında 12 qızıl medaldan 4-nü biz qazanacağıq. Halbuki Avropa Oyunlarından 2 il əvvəl ölkə başçısı məndən qızıl medal sayı soruşanda 1-2 dənə olacağını bildirmişdim.

- Sizdə baş məşqçi təyinatı yoxdur və vitse-prezident Rəhman Hətəmov baş məşqçi əvəzi sayılır. Bu vəzifəyə baş məşqçi niyə qoyulmur ki?
- Bizdə federasiya daxilində fikir ayrılıqları var. Mən o posta bir namizədi görürəm, ancaq onu bəyənmirlər. Sonda belə qərara gəldik ki, bu posta namizədlər bir yerdə məşqçilər heyəti kimi işləsinlər və onlara Rəhman müəllim başçılıq etsin. Hazırda 4 məşqçi bir yerdə işləyir. Açığı, bu da pis alınmır və məncə, İslam Oyunlarına kimi də belə davam edəcək. Ondan sonra vəziyyətə baxacağıq.


- Sizin namizədiniz kimdir ki?
- Şahin Xudaverdiyev. Səbəbini də deyim. Çünki yığmanın üzvlərinin əksəri onun çalışdırdığı klubun – "Qara Qaplan”ın idmançılarıdır. 8 ildir ki, onlar respublikada I olurlar. "Qara Qaplan” 1992-ci ildə yaradılmış ilk peşəkar klublarımızdandır. O vaxt mən açmışam. Digər namizəd karatedə ilk medalı bizə qazandırmış Seymur Hüseynov idi. Lakin mən dedim ki, onun məşqçi kimi hələ yetişdirdiyi idmançılar yoxdur, təcrübəsi azdır. Ancaq onun təşkilatçılığı, idmançılarla ünsiyyəti əla formadadır. Təklif etmişdim ki, Şahini 1 illik baş məşqçi təyin edək. Lakin nəsə söz-söhbət alındı, razılaşa bilmədik. Uşaqlar artıq Rəhman müəllimə öyrəşiblər, ona görə yaxın zamanda dəyişiklik gözlənilmir. Millət vəkili, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevin də MKM klubu (Mərkəzi Karate Məktəbi) var. O da bizə dəstək verir. Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev də həmçinin.

- Bizdə təxminən nə qədər karate klubu fəaliyyət göstərir?
- Bizim federasiyanın keçirdiyi çempionatlarda 60-a yaxın klubun idmançıları mübarizə aparır. Ancaq onların sayı durmadan artır. Gəncləri də zəif federasiyaların keçirdiyi çempionatlara yox, məhz WKF-ə üzv olan bizim federasiyanın çempionatlarında iştiraka çağırıram. Gəlib özlərini daha güclü çempionatda sınasınlar.

- Vaxtı ilə Olimpiya idman növünə daxil olmayanda karate bu qədər işıqlandırılmırdı. Hətta bəzi saytlar o vaxtlar sizin xəbərlərinizi işıqlandırmaqdan imtina edirdi. İndi isə daha çox yer verilir. Bu sizə təsir etmir ki?
- Məncə, bu, təbii haldır. Olimpiya idmanın zirvəsidir. Şəxsən mənim üçün karatedən gözəl idman növü yoxdur. İlk Avropa çempionu olmuşam. Oğlumu da bu idmana qoymuşam. Lakin bununla belə, karateni bu günədək güləş və ya boksla müqayisə etmək olmazdı. Olimpiadada qızıl medal qazanmağın reytinqi daha yüksəkdir. Əvvəl də bizə maraq vardı. Ancaq bu qədər deyildi. Bizə maraq artacaq. Üstəlik, biz nəticə verən idman növünü təmsil edirik. 2013-cü ildəki İslam Oyunlarında Rafael Ağayev, Ayxan Mamayev və komanda şəklində qızıl medal qazandıq. 6 qızıldan 3-ü bizim oldu. Prezident də seçkilərə 3-4 gün qalmış bizi qəbul etdi.


- Karatedə İnkişaf Proqramı hazırlamısınız?
- Hazırda bu sahədə işləyirik. Çalışırıq ki, regionları inkişaf etdirək. İstərdim ki, karate məktəblərdə də keçilsin. Bunun üçün çox avadanlıq da lazım deyil. Nazir Azad müəllim də tapşırıb ki, idman məktəblərinə bu barədə özüm deyim. Bölgələrə tatamilər verməklə, seminarlar keçirməklə orda da karateni inkişaf etdirmək istəyirik.

- Hər federasiyada 4 və ya 5 ildən bir seçki keçirilir...
- Bizdə 2 il əvvəl oldu. Mən seçildim.

- Yaxınlarda federasiyanın strukturunda dəyişiklik gözlənilir?
- Bizdə 9 nəfərdən ibarət İdarə Heyəti var. Bu, işin gedişindən asılı olan şeydir. Əvvəllər bizdə 4 vitse-prezident olub. Hazırda 2 vitse-prezidentimiz var. Biri Rəhman Hətəmov, digəri Yusif Məmmədovdur. Baş katibimiz isə çoxdandır ki, Mircabbar Seyidovdur.

- Karate üzrə dünya çempionatının Bakıda keçirilməsi nə dərəcədə realdır?
- Dünya çempionatı 2018-ci ildə Peruda keçirilməli idi. Lakin maddi durumlarına görə onlar imtina etmək istəyirlər. Türkiyəyə isə heç kim ev sahibliyini həvalə etmək istəmir. Çünki hazırda orda terror hadisələri çox olur. Mən də Antonio Espinosa bildirmişəm ki, Peru rəsmən imtina etsə, biz dünya çempionatını keçirməyə hazırıq.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbudcmiz-1-milyona-yaxndrquot-t54171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR