Zamanın bəlası - piylənmə

Zamanın bəlası - piylənmə
21:27 15 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekspertlər uşaqlarda piylənmənin əsasən hərəkətsizlik və süni qidalarla bağlı olduğunu deyirlər

Azərbaycanda piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb. Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Əhalinin hər 100 000 nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 2016-cı ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə düşən bu xəstələrin sayı isə 51 nəfər olub. Ötən il piylənmə aşkar edilmiş uşaqların 46,8 faizi qız, 53,2 faizi oğlan olub. Piylənmə aşkarlanmış qızların 66,8 faizi 13 yaşına qədər, 33,2 faizi 14-17 yaşlarında olub. Oğlanlarda isə bu göstərici müvafiq olaraq 65,1 və 34,9 faiz təşkil edib.

Səhiyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır. Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%). Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artıb. Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur. Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirib. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir.

Artıq çəki cəmiyyətin bütün yaş təbəqələri üzrə ciddi fəsadlar törətməyə başlayıb. Lakin uşaqların piylənmədən əziyyət çəkməsi demək olar ki, cəmiyyət üçün faciədir. Çünki uşaqlar bir millətin gələcəyidir. Statistik rəqəmlərə baxsaq, bir il ərzində uşaqlarda piylənmənin iki dəfədən də çox artdığını görə bilərik. Bəs görəsən, uşaqlarda piylənmənin qarşısını almaq üçün valideynlər nə etməlidir?

Elə bu suallarla pediatr Vaqif Qarayevəmüraciət etdik. O, qəzetimizə açıqlamasında bildirdi ki, uşaqlarda piylənmənin həm tibbi, həm də tibbdən kənar səbəbləri var: "Pediatr olaraq deyə bilərəm ki, əsas səbəblərdən biri uşaqların düzgün qidalanmamasıdır. Valideynlər övladlarına yağlı yemək verməyə çox meyillidilər. Bu isə qəti olaraq yolverilməzdir. Həmçinin piylənmənin səbəblərindən biri də zamanın bəlası olan fast-foodlardır. Belə iaşə müəssisələrinə nə vaxt getsən, orada uzun növbələrin olduğunu görərsən. Bu məhsullar piylənmə ilə yanaşı, uşaq orqanizmində digər ciddi fəsadlar da törədir. Alimlərin son tədqiqatlarına əsasən, hətta onkoloji problemlərin səbəblərindən biri kimi də göstərilir. Ona görə də valideynlər bu məhsullardan qəti olaraq imtina etməlidirlər"

Pediatr piylənmənin digər əsas səbəblərindən biri kimi uşaqların hərəkətsizliyini vurğuladı: "Xüsusən məktəb yaşlı uşaqlar saatlarla kitabın qarşısında otururlar. Məktəb, hazırlıq kursları və s. uşaqları normal həyat tərzindən uzaqlaşdırmış olur. Uşaqların gündəlik həyat və fəaliyyətində dinamizm yoxdur. Təəssüflər olsun ki, bu gün bir çox uşağın gündəlik həyat fəaliyyəti sadəcə olaraq kitablar və kompüterlərdən ibarətdir. Onların  öz enerjilərini düzgün istiqamətdə paylamağa imkanları olmur. Əgər uşaqlar idmanla məşğul olmurlarsa, mütləq açıq havada bir neçə saat hərəkət etməlidirlər. Sonda isə deyə bilərəm ki, əgər piylənmənin tibbi səbəbləri yoxdursa, uşaqlar düzgün qidalanmalı və aktiv həyat tərzi keçirməlidirlər".

Uzman dietoloq Leyla Zülfüqarlı deyir ki, yaxın on il ərzində bu rəqəmlərin daha da artacağı proqnoz edilir: "Piylənmənin əsas səbəblərindən biri və birincisi uşaqların və yeniyetmələrin qeyri-düzgün qidalanmasıdır. Bizdə şəkər yüklənməsi illərlə nəsildən-nəslə ötürülür. Bir çoxlarımız nənə-babalarımızın etdiklərini yenidən təkrarlayırıq. Təssüf ki, köhnəlmiş stereotiplər belə neqativ faktların çoxalmasına səbəb olur. Həmçinin geni dəyişdirilmiş, süni qidalar da uaşqların piylənməsini artırır. Biz dəfələrlə tərkibində şəkərin çox olduğu şirinçayın və şəkərli qidaların zərərli olduğunu desək də, bir çoxları buna əhəmiyyət vermir. Hər kəs deyir ki, elə əvvəldən şirinçayla böyümüşük. Əslində o dövrlə indiki arasinda xeyli fərq var".

Dietolqun sözlərinə görə, əvvəlki nəsillərdə kodlaşmış xəstəliklər indi gənc nəsildə sürətlə artır: "Bu, nəsillərlə ötürülən metobolik xəstəliklərdir. Əgər 20 il öncə bu xəstəliklərin qarşısını alsaydıq, bu gün belə problemlər yaşanmazdı. Əgər uşaqlarda aşırı dərəcədə piylənmə varsa, bu, patologiyadır. Həmin uşaqlar böyüdükcə digər xəstəliklər də qazanır. Həmin uşaqlar yeniyetməlik dövrünə çatdıqda, bir sıra ciddi sağlıq problemləri yaşayırlar. Yenə qeyd etmək istərdim ki, bunun iki əsas səbəbi var. İlk növbədə keçmişdən qalan qidalanma rejimində dəyişikliyin edilməməsi, ikincisi isə, süni qidaların məişətdə çox istifadə edilməsi".

"Kaspi"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR