Bu haqda Quranı Kərimdə belə buyurulur:
"Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən
çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan)
qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl,
üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz,
qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini
yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);
zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin
atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud
ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud
qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud
öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik)
cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək
yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ
anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək
şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya
bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki,
nicat tapasınız! (Mətləbinizə çatasınız!)" (Nur surəsi 24/34;
həmçinin baxın Əhzab surəsi, 33/55)
Zinət yerlərindən məqsəd, adı üstündə qadınların zinət əşyaları
taxdıqları boyun, qulaq, saç, dirsəyə qədər qolları və ayaqların
dizdən aşağı olan hissəsidir. Hicablı qadının naməhrəm kişilərin
yanında olduqda açıq qala biləcək yerləri: əl, üz və topuqdan aşağı
ayaqlardır.
Qadının örtüsüz olaraq yanlarına çıxa biləcəyi kimsələr
aşağıdakılardır.
a) Əri: Qadın, ərinin yanında istədiyi kimi geyinə bilər. Həyat
yoldaşları arasında örtünmədə məhdudiyyət yoxdur. Qadın ərinə gözəl
görünmək üçün bəzənib-düzənə, ətir sürə bilər.
b) Ata
c) Qayınata, qayınatanın atası da daxildir.
d) Öz oğlu. Oğlunun nəvələri də buna daxildir..
e) Ərinin digər xanımdan olan oğlu.
f) Öz qardaşı.
g) Qardaşı oğlu və qardaşı oğlunun nəvələri.
h) Bacısı oğlu və bacısı nəvələri.
i) Müsəlman qadın. Mömin bir qadın digər mömin xanımların yanında
diz qapağı ilə göbək arası qapalı olaraq görünə bilər. Ancaq
fitnəyə səbəb olacaqsa ancaq zinət yerlərini göstərər.
j) Kölə və kəniz
k) Yaşlılıq, xəstəlikdən kimi səbəblərdən kişilik duyğuları
qalmamış xidmətçilər: sürücü, bağban, aşpaz və s.
l) qadınların məhrəm yerlərini hələ anlamayan uşaq. Qadınların
yanında olduqlarında onların geyim, hərəkət, danışıqlarından
təsirlənməyəcək uşaqlar məhrəm sayılır. Ancaq yeniyetməlik dövrünə
yaxınlaşmış uşaqlar naməhrəm sayılır.
Evlənilməsi mütləq olaraq haram olan xanımlar
"Atalarınızın xanımları...Sizə analarınız, qızlarınız, bacılarınız,
bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd
analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq
etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız)
ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın
qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən
gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə
almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan
bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm
edəndir! (Nisa, 4/22-23)
Hicablı qadınlar bu ayəyə əsasən baba, əmi, dayı, süd atası, süd
qardaşı kimi mütləq evlənilməsi haram olan şəxslərin yanına da
zinət yerləri açıq şəkildə çıxa bilərlər. Ancaq fitnəyə səbəb
olacaqsa hicablı olması gərəkir.
Bir qadına həyat yoldaşının qardaşı, yəni qaynı, kürəkəni,
baldızının həyat yoldaşı, dayı, xala, bibi və əmi oğlu naməhrəmdir.
Onların yanında hicabsız dolaşa bilməz. Təkbaşına onlardan biri ilə
eyni evdə qala bilməz. Allah Rəsulu (s.ə.s) belə buyurur:
"Qadınların yanına girmədən uzaq olun." "Ey Allahın Rəsulu! Həyat
yoldaşının qardaşı, qayın üçün nə buyrursunuz?"˗ deyə soruşuldu.
"Qayın ölümdür."˗ deyə Allah Rəsulu (s.ə.s) cavab verdi. (Tirmizi,
Rada, 16; Əhməd ibn Hənbəl, IV, 149, 153.)
Nəticə etibarı ilə deyə bilərik ki, yuxarıda qeyd etdiklərimiz
dinimizin cizgiləridir. Hicablı qadın naməhrəm şəxslərin yanında
hal və hərəkətlərinə, danışıq və geyiminə diqqət etməlidir.
meneviyyat.az