“Birinci xanımı təhqir edənlər də məsuliyyətə cəlb olunsun” - TƏKLİF

“Birinci xanımı təhqir edənlər də məsuliyyətə cəlb olunsun” - TƏKLİF
14:33 16 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə yeni bir maddənin – 148-1 maddəsinin əlavə olunması təklifi müzakirə edilib. Müddəaya əsasən, internet informasiya resurlarında saxta istifadəçi adlar, profillər və ya hesablardan istifadə edərək böhtan atma və təhqir etmə hallarına görə 1000 manatdan 1500 manatadək cərimə, 360 saatdan 480 saatadək və ya 2 ilədək islah işləri və ya 1 illik müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Təklif edilən yeni maddədən irəli gələrək Cinayət Məcəlləsinin 323-cü (Azərbaycan dövləti başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Layihədə belə hallara görə 500 manatdan 1000 manatadək cərimə, 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir: “323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

İclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yeni təkliflə çıxış edib.

O bildirib ki, Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişikliyə ölkənin birinci xanımının da adı əlavə olunmalıdır:

“İnternet məkanında – sosial şəbəkələrdə bəzən dövlət başçısı ilə yanaşı, onun xanımına qarşı da xoşagəlməz fikirlər səsləndirilir. Dövlət başçısının xanımını, ailə üzvlərini təhqir etmək, birbaşa onun özünü təhqir etmək deməkdir. Buna görə təklif edirəm ki, birinci xanımın da şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi də qanunvericilikdə cinayət məsuliyyəti kimi əks olunsun”.

Q.Həsənquliyev qeyd edib ki, dünya təcrübəsində birinci xanım statusu həmişə qanunla qorunub:

“Birinci xanım həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Misal üçün, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın xanımı, yaxud hazırkı prezident Barak Obamanın xanımı ictimai-siyasi həyatda aktiv fəaliyyət göstərirlər. Hətta Amerika ictimaiyətində son günlər belə fikirlər səsləndirilir ki, Mişel Obama növbəti prezident seçkilərində namizəd kimi iştirak etməlidir. Azərbaycanda da birinci xanım statusu böyük önəm daşıyır. Birinci xanım ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, həmçinin, bir çox sosial layihələrin təşəbbüskarı və icraçısıdır. Böyük nüfuza malikdir. Fikrimcə, birinci xanımın təhqir olunması, şərəf və ləyaqətinin alçaldılmasına görə da cinayət məsuliyyəti sözügedən məcəllədə nəzərdə tutulmalıdır”.

BAXCP sədri bu müddəanın həmçinin, eks-prezidentlərə də şamil olunmasını təklif edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR