Dövlət İmtahan Mərkəzi 121 müəllimi cəzalandırdı

Dövlət İmtahan Mərkəzi 121 müəllimi cəzalandırdı
15:23 16 Noyabr 2016
292 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb.

DİM-dən Publika.az-a verilən məlumata görə, bu il qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 854 nəzarətçi-müəllimə təşəkkür elan edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 121 nəzarətçi bazadan xaric edilib.

2016-cı ildə keçirilən test imtahanlarına nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 13966 nəfərdən ibarət olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 8853, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına 5012 , orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 3676 nəzarətçi cəlb edilib.

Xatırladaq ki, indiyə qədər DİM tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2713 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 273 müəllim fəxri fərmanla təltif edilmişdir. Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 5, 13, 100, 150, 191, 258, 263, 271, 283, 285 saylı məktəblərinin nəzarətçi-müəllimləri xüsusi olaraq seçilirlər. Regionlar üzrə isə Gəncə şəhəri 6 və 28 saylı, Şəki şəhəri 11 və 18 saylı, Naxçıvan şəhəri 14 saylı, Şərur şəhəri 2 saylı, Göyçay şəhəri 7 saylı; Xaçmaz şəhəri 9 saylı, Lənkəran şəhəri xarici dil təmayüllü internat tam orta məktəbi və 3 saylı məktəblərinin nəzarətçi-müəllimləri, fərqlənir.

Araşdırma imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və s. kateqoriyalar əsasında müəyyənləşdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR