"16 yaşlı uşağın barada nə işi var?" - Millət vəkili

"16 yaşlı uşağın barada nə işi var?" - Millət vəkili
16:42 16 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gənclər siyasəti haqqında" qanuna ediləcək əlavə və dəyişikliklərə əsasən Azərbaycanda 18 yaşı tamam olmayan şəxslərə spirtli içkilərdən, tütün məmulatlarından istifadə qadağan edilir. Bundan əlavə 18 yaşı olmayan yeniyetmələrin bar, gecə klublarına gedişi də məhdudlaşdırılır.

Dəyişikliyə görə, yeniyetmələr saat 20:00-dan sonra gecə klublarına, barlara buraxılmayacaqlar. Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, qanuna ediləcək dəyişiklik zəruridir. 

Milli.Az bildirir ki, bu barədə azvision.az-a açıqlama verən millət vəkili bildirib ki, son vaxtlar yaş məhdudiyyəti nəzərə alınmadan gecə klublarına, barlara gedən gənclərin sayı çoxluq təşkil edir. 

"Belə yerlərdə hər tip insan olur. Narkotikdən istfadə edənlər, spirtli içki içənlər gənclərə pis örnəkdir. Bundan əlavə barlarda əxlaqsızlıq hökm sürür. Yetkinlik yaşına çatmayanları belə yerlərə buraxmaq olmaz. Təəssüflər olsun ki, yaxşı işdən çox pis vərdiş və nümunə daha tez yayılır. 16 yaşında pasport alan şəxs yetkindir, amma psixoloji və mənəvi cəhətdən 16-18 yaşında insan tam yetkin deyil. İnstitut oxumayıb, işləməyib, həyatı tanımır. Bu yaşda uşağın barda nə işi var? Adətən belə uşaqlar yad, pis vərdişlərin təsirlərinə tez düşürlər. İŞİD-ə gedənlər, vəhabiliyə qoşulanlar əsasən bu yaşda olanlardır. Bundan əlavə gənclər arasında narkomanlıq, içki aludəçiliyi halları da yayılıb. Onlar özlərini böyük hesab edirlər, amma həyatın bərkinə-boşuna düşməyib, çətinliklər görməyiblər". 

M.Quliyev hesab edir ki, qadağalar təkcə 18 yaşına qədər deyil, 24-25 yaşında olan gənclərə də tətbiq edilməlidir: "Amerikada 21 yaşına çatmayanlara tütün məmulatları və spritli içkilər satılmır. Bu qanun layihəsini dəstəkləyirəm və doğru hesab edirəm. Yeniyetmələrə siqaret və spirtli içki satılmasına qarşı qadağa qanunvericiliyimizdə əvvəllər olsa da, cərimənin məbləği çox az idi. İndi cərimələr sərtləşdirilir. İnzibati qaydada sərt cərimə tətbiq etmək lazımdır ki, bar və mağaza rəhbərliyi iki və üç dəfə qaydanı pozanda, onlara qarşı cinayət işi açılsın. Düşünürəm ki, cərimələr həmin gənclərin valideynlərinə də tətbiq edilməlidir ki, övladlarına nəzarət etsinlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR