Kim Çanq Qyu: "Sumqayıtda karbamid zavodunun tikinti işlərinin 70%-i tamamlanıb"

Kim Çanq Qyu: "Sumqayıtda karbamid zavodunun tikinti işlərinin 70%-i tamamlanıb"
16:52 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Sumqayıtda inşa edilən karbamid zavodunun tikintisi 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində başa çatacaq.
"Report" xəbər verir ki, bu barədə Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq Qyu bu gün jurnalistlərə verdiyi açıqlamasında bildirib.
"Ötən həftə zavodun tikildiyi ərazidə inşaat işləri ilə tanış olduq. Hazırda işlərin 70%-i tamamlanıb. Bütün işlərin təqribən 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində yekunlaşacağını düşünürük" - səfir vurğulayıb.
Onun sözlərinə görə, karbamid zavodunun tikintisi Koreyanın "Samsung" şirkətinin böyük və uğurlu layihəsidir.
"Koreya şirkətləri həmişə işi vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmələri ilə tanınır. Hər hansı problem olanda onlar qısa zamanda həll edilir. Bəzi maliyyə problemləri ortaya çıxmışdı, lakin problem aradan qaldırılıb və işlər davam etdirilir" - Kim Çanq Qyu deyib.
Ümumiyyətlə, Karbamid Zavodunun inşası layihəsi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/koreya-respublikasinin-sefiri-sumqayitda-karbamid-zavodunun-tikinti-islerinin-70-i-tamamlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR