İşıq əmi ölməyib - FOTOLAR

İşıq əmi ölməyib - FOTOLAR
17:33 16 Noyabr 2016
108 Şou
Ölkə mətbuatı
A- A+

Harda olsam

şər qarışanda,

gün batanda,

Mən də birdən-birə

yerə çökürəm,

ölürəm elə bil.

İllah da ki, gün

dağın dalında gizlənə,

dənizin dibində bata…

Bir çiskinli payız gecəsi, elə öz şeirində söylədiyi kimi şər qarışanda, gün batanda onu itirdik. Əslində bu dünyadan o dünyaya yalnız özünü apardı, sözünü isə bizə qoydu.

Publika.az sevilən şair Fikrət Sadığı qələm dostları ilə birgə yad edir:

Musa Yaqub:

“Biz onunla uzun illər Ədəbiyyatı Təbliğ Bürosunda işləmişik. Fikrət iddiasız, öz dünyası olan adam idi, ədəbiyyat aləminə sakit gəlib, elə sakit də çıxıb getdi. Mən onunla yaxından dostluq edirdim. Keçmişini də gözəl tanıyırdım, indisini də. Cavanlıqda “mantyor” işlədiyi üçün hamı onu “İşıq əmi” deyə çağırırdı. Elə şeirləriylə də ürəkləri işıqlandırmağı bacardı. Deyirlər şair ölməz, şair xəstələnməz, amma özü getsə də, Fikrət Sadığın şeirləri, poeziyası yaşayacaq. Siz Allah, məni bağışlayın, qəhər məni boğdu, xatirələri də yadımdan çıxardım”.

Seyran Səxavət:

“Fikrət Sadıq istedadlı şair, yaxşı adam, tərbiyəli insan idi. Hərçənd indi tərbiyə sözü birdəfəlik leksikondan yığışdırılıb. Fikrət Sadıq sözü oynatmağı bacarırdı. O nəvəsini də oynadırdı, sözü də. Amma nəvəsini bir ayrı cür oynadırdı, sözü bir ayrı cür.

Balaca bir şeirini deyəcəm, o şeirlə Fikrət özünün portretini cızıb.

Üç cür olur zurnaçılar,

biri elə zurna çalar,
biri belə zurna çalar,
biri də elə-belə zurna çalar.

Bu şeir onun ətrafa, cəmiyyətə münasibətini nümayiş etdirir.

Fikrət millətini sevən adam idi. Orxan kimi ziyalı qoyub getdi. Orxanın ilk hekayəsini “Ulduz” jurnalında mən çap eləmişəm, elə hekayənin adını da mən qoymuşam. Dostumun ölüm xəbərini eşitmək mənə ağır gəldi. Böyük kişilər barədə gərək böyük-böyük danışasan, bunun üçün də bir gün kifayət eləməz”.

Vidadi Babanlı:

“Dünyasını dəyişib deyə tərifləmirəm, həqiqətən də Fikrət Sadıq xeyirxah, heç kimlə işi olmayan, dedi-qodudan, intriqalardan uzaq adam olub. Hərçənd mən onun şairliyini o qədər də bəyənmirdim, amma insan kimi mükəmməl idi. İllər boyu bir dəfə görmədim ki, Fikrət kiminsə əleyhinə danışsın, kimisə vursun, kimisə zərbə altında qoysun. Mən deyə bilmərəm, onun şeirlərinin ömrü nə qədər olacaq, amma yüz faiz əminəm ki, insan kimi dostlarının, qohumlarının, sevənlərinin ürəyində daim yaşayacaq”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/176176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR