Saxtakarın müdafiəçiləri

Saxtakarın müdafiəçiləri
17:42 16 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Baş Prokurorluğu Cinayət Məcəlləsinə əlavələr edilməsi üçün Milli Məclisə təklif göndərib. Mahiyyəti budur ki, internet informasiya resurslarında saxta istifadəçi adından, hesablardan istifadə edərək böhtan və təhqirlərə yol vermək cinayət məsuliyyəti sayılsın, müvafiq olaraq, CM-nin 148-ci maddəsinə 1 bəndi əlavə edilsin.

Dəyişikliyi zəruri edən amillər barədə əsaslandırma aparmağa ehtiyac yoxdur. Saxta profillərdən istifadə edərək şəxsi həyat sirri hesab edilən məlumatların ələ keçirilərək yayılması, insanların təhqir, şantaj edilməsi, böhtana məruz qalması təkcə Azərbaycan üçün xarakterik deyil, qlobal bəlaya çevrilib. İş o yerə çatıb ki, Avropa Şurası kimi dövlətlərarası təşkilatlar həyəcan siqnalı çalıb, mövzuya aid beynəlxalq müzakirələr keçirilməsinə start veriblər.
Problemə qarşı mübarizə aparılmasının vahid mexanizmi yoxdur. Yalnız ümumi prinsip var: mübarizə elə aparılmalıdır ki, internetdə ifadə azadlığı məhdudlaşdırılmasın, qanunlara, beynəlxalq konvensiyalara uyğun olsun. Bu prinsipi əsas götürən ölkələr, problemə qarşı mübarizədə fərdi modellər seçməkdə azaddırlar.

Azərbaycanda internet informasiya resurslarında saxta istifadəçi ad və ya hesablarından istifadə edərək böhtan və təhqirə yol verməyin cinayət məsuliyyəti sayılması təklifi nə beynəlxalq praktikaya, nə də Azərbaycan qanunlarına zidd deyil. Əslində, məntiqlə yanaşsaq, görərik ki, təkilif edilən layihədə nəzərdə tutulan müddəalar Azərbaycan qanunlarında ayrı-ayrılıqda, dağınıq halda mövcuddurlar, indi söhbət onların daha da konkretləşməsindən gedir. Məsələn, "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"nun 3-cü maddəsinə ("Əsas anlayışlar" bölməsi) görə, internet də digər yayımlar kimi KİV hesab olunur. Əgər internetə KİV kimi yanaşırıqsa, onda KİV haqqında qanunun 28-ci maddəsinin də tətbiq edilməsinin qayğısını çəkməyə borcluyuq. Həmin maddəyə görə, KİV-də istinad məlumatları - KİV qurumunun təsisçi, yaradıcısı, rəhbəri, dövriyyəsi, xəbərin müəllifi dəqiq göstərilməlidir. Bunu internetə tətbiq etsək, profil sahibləri haqqında məlumat da səhih olmalıdır. Yaxud, təhqir və böhtanın yolverilməzliyi həm KİV haqqında qanunvericilik, həm Cinayət Məcəlləsi, həm də xəbər istehsalçılarının (jurnalistlərin) "Etik Kodeksi" ilə yasaqlanır. 2013-cü ildə Cinayət Məcəlləsinin 147 və 148 -ci maddələrinə xüsusi əlavələr edildi, təhqir və böhtanın internet üzərindən də yayılmasının yolverilməz olduğu bir daha qeyd edildi. Misalların sayını kifayət qədər uzada bilərik. Amma sadalananlar təklif edilən dəyişikliklərin məntiqə və qanunlara uyğun olmasını əsaslandırmaq üçün kifayətdir.

Qeyri-adi görünən, əsaslandırılması zəruri olan isə bu dəyişikliyə qarşı çıxanların mövqeyidir. Dəyişiklik təklifi gündəmə çıxdığı andan öz əleyhidarlarını da tapıb. Belələri təkcə qanuna əlavə layihəsini tənqid etmirlər, həm də "Azərbaycanda azad internet dövrü bitdi" deyə beynəlxalq kampaniya başladıblar. Məntiqi sual yaranır: bunlar saxta profil sahiblərini niyə müdafiə edirlər? Əlbəttə, cavab aydındır: belələri üçün internet azadlığı yox, istənilən hadisədən yararlanıb Azərbaycana qarşı kampaniya aparmaq maraqlıdır. Bununla yanaşı, "şər qrupuna daxil olanların" istinad etdikləri arqumentlər də maraqlıdır. Məsələn, elan edirlər ki, Avropada təhqir və böhtana qarşı mübarizə artıq diffomasiya qanunu əsasında aparılır, Azərbaycan isə "hələ də Cinayət Məcəlləsini möhkəmləndirməyə üstünlük verir".

Əlbəttə, beynəlxalq praktikada təhqir və böhtana görə məsuliyyətin Cinayət Məcəlləsindən çıxarılıb diffomasiya haqqında qanunla tənzimlənməsi tendensiyası var. Azərbaycan Respublikasının Prezidenti də 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq edib. Həmin sərəncama əsasən, Azərbaycanda diffomasiya qanununun qəbul edilməsi və digər qanunların buna uyğunlaşdırılması üçün hazırlıq aparılmalıdır. Media ictimaiyyətinin gözləntisi budur ki, prokurorluq internetdə təhqir və böhtanın qarşısının alınması üçün atdığı prinsipial adımlarla yanaşı, həm də diffomasiya haqqında əlahiddə qanunun qəbul edilməsi yönündə prosesləri də sürətləndirsin. Amma bunun son dəyişiklik təklifini bəhanə edib Azərbaycana qarşı kampaniya aparanlara aidiyyəti yoxdur. Çünki onlar lazım olan aşkar bir məqamın üzərindən sakitcə ötür və ya onu gizlətməyə çalışırlar. Məsələ ondadır ki, diffomasiya qanunu Avropa məkanında yalnız 17 ölkədə tətbiq edilir, digər 30 ölkədə hələ də proses Cinayət Məcəlləsi ilə tənzimlənir. Bu halda difomasiya qanununun qəbul edilməməsini əsas götürüb Azərbaycanda internetin boğulmasını necə iddia etmək olar?

Sonda bir məqamı da qeyd etmək zəruridir. İnternetdə saxta profillərdən istifadə edib yalan məlumat yayanlar, xəbər istehsal edənlər hüquqi məsuliyyətdən yayınmağın yollarını da yaxşı bilirlər. Onlar adətən xarici ölkələrdə qeydiyyatdan keçməklə fəaliyyət göstərirlər ki, bu halda onların kimliklərini müəyyənləşdirmək və məsuliyyətə cəlb etmək mümkünsüz olur. Prokurorluğun təklif etdiyi dəyişikliklərdə bu məqam yenə də açıq qalır. Yəni anonim profil müəllifləri barədə hüquqi məsuliyyət nəzərdə tutulsa da, bu qanunun gerçəkləşdirilmə mexanizmləri, yəni saxta profil müəlliflərinin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmə mexanizmlərinə aydınlıq gətirilmir. Prokurorluq saxta profil müəlliflərini, həm də onlar xaricdə qeydiyyatdan keçdikləri halda, necə müəyyənləşdirə və hüquqi məsuliyyətə cəlb edə biləcək? Yaxşı olar ki, təklif müəllifləri media ictimaiyyətini maraqlandıran bu suallara aydınlıq gətirsinlər ki, əlavə şərhlərə yer qalmasın.

Müşfiq Ələsgərli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR