“Bacısının elçiliyində tanış olduq və sevdik…” - Ruslan Qurbanovun xanımı

“Bacısının elçiliyində tanış olduq və sevdik…” -   Ruslan Qurbanovun xanımı
12:27 17 Noyabr 2016
1927 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin və “Qəbələ”nin hücumçusu Ruslan Qurbanov və həyat yoldaşı Elnara Qurbanova “Qafqazinfo”ya müsahibə verib. Müsahibəni təqdim edirik.

- Rusiyanın Stavropol şəhərində doğulsanız da, 18 yaşınızda Azərbaycana köçmüsüz. Bizim ölkəyə adaptasiya problemi olmadı?
- Azərbaycana gələndə heç təsəvvür etmirdim ki, bura mənə rahat olacaq. Bu ölkə haqqında əvvəl heç nə bilmirdim, gələn kimi şəhərə vuruldum və dedim ki, burda qalmaq üçün əlimdən gələn hər şeyi etməliyəm. Mən həqiqətən çox şadam və hətta karyeram bitəndə belə, deyəcəm ki, Azərbaycan ikinci evimdir.

- Karyeranızı başa vurduqdan sonra da burada qalmağı düşünürsünüz?
- Elə həyat yoldaşımla Bakıda qalmağı planlaşdırırıq. İlk olaraq, ona görə ki, hamımız müsəlmanıq və bizə daha rahat olacaq.

- Azərbaycanın fərqli mentaliteti olduğu kimi, Dağıstanın da özünəməxsus adətləri var. Oxşarlıqlar çoxdur, yoxsa fərqlər?
- Demək olar ki, çox şey oxşardır. Milli mentalitet, mədəniyyət cəhətdən Azərbaycanda nədirsə, Dağıstanda da odur. Dini cəhətdən də hər ikimiz müsəlmanıq. Bizim toylarımız belə bir-birinə bənzəyir.

- Adətlərdən söhbət düşmüşkən bizim futbolçular ailəsi ilə birgə müsahibə verməyə, görüntülənməyə çəkinir. Ancaq siz razılıq verdiniz...
- Heç bilmirəm bu suala necə cavab verim? Belə müsahibələr bütün dünyada normal haldır. Yeri gələndə ayrı, bəzən ailə ilə bir yerdə mətbuata danışırsan. Bunda pis heç nə görmürəm. Əksinə, bu daha yaxşıdır ki, vaxtımı ailəmlə, qızımla birgə keçirirəm, hardasa avaralanmıram. Əsas odur, onların canı sağ olsun. Bu, mənimçün hər şeydən artıqdır.


Elə bu cavabdan sonra diqqətimizi Ruslan Qurbanovun xanımı Elnara Qurbanovaya yönəldirik.

- Maraqlıdır, evinizin xanımı olmaqdan başqa nə işlə məşğulsuz?
- Heç bir işlə məşğul olmuram, çünki orta məktəbi bitirən kimi ailə həyatı qurmuşam.

- Necə tanış olmusuz?
- Əmim oğlu ilə Ruslanın bacısı evlidir. Onların elçilik mərasimində tanış olmuşuq. O zaman görüşdük və bir-birimizi sevdik.

- Bəs, siz Azərbaycan haqqında nə düşünürsüz?
- Həyat yoldaşıma da demişəm ki, bura çox xoşuma gəlir. Doğulduğum Saratov şəhərindən bura gələndə dedim daha geri getmək istəmirəm. Gələcəkdə də burda qalmaq istəyirik.

- Dağıstan deyəndə ağlımıza ilk olaraq maraqlı rəqs gəlir. Ruslan, bəs, siz yaxşı oynamağı bacarırsınız?
- Ruslan Q. Əlbəttə. Yəqin, bizim qanımızdadır bu. Mən dostlarımın və bir çox toylarda olmuşam, tez-tez məndən xahiş ediblər ki, rəqs edim. 2010-cu ildə bura gələndə, Sadıq Sadıqov (“Neftçi”nin sabiq prezidenti) prezident olduğu vaxtlar biz çempionluq qələbəmizi restoranda qeyd edirdik. Orada rəqs etdik. Artıq mən Azərbyacan rəqslərini də bacarıram.

- “Qəbələ” klubuna keçməyiniz gözlənilməz və qalmaqallı oldu...
- Sadəcə mən son anadək bu barədə heç kimə danışmaq istəmədim. Çempionat başa çatanda artıq “Qəbələ” mənimlə maraqlanırdı. Lakin hələ “ Neftçi” ilə 1 illik müqaviləm var idi. Mən rəhbərliklə danışmaq istəyirdim, ancaq heç cür alınmırdı. Tanrıya təşəkkür edirəm ki, hər şey yaxşı alındı və mən indi “Qəbələ”də olmaqdan xoşbəxtəm, Roman Qriqorçukla işləmək xoşdur. Ondan nələrsə öyrənirəm və hələ yəqin ki, daha çox şey öyrənəcəm. 6 ilimi “Neftçi”də keçirmişəm və bu klub mənim üçün həmişə doğmadır. Futbolçu həyatı belədir- bir gün bu klubdasan, sabah bir başqasında. Ona görə indi olduğum klubdan razıyam və məni hər şey qane edir.

- “Neftçi”dən ayrılanda demişdiz ki, orada adamla it kimi davranırlar...
- Mənim rəhbərliklə, Çingiz (Abdullayev) müəllimlə heç bir problemim olmayıb. O, xeyirxah insandır, hörmətim var. Sadəcə elə insanlar var idi ki, mənim zəhmətimi qiymətləndirmirdi. Bəlkə də şərtlərimlə razılaşmaq istəmirdilər. Uğurlu mövsüm keçirmişdim Çempionatda 13, kubokda 5 qol vurmuşdum və rəhbərlikdən xahiş etdim ki, əgər imkan varsa məvacibimi bir az artırsınlar. Rəhbərlik mənə söz verdi. Hətta rəsmi saytda da yazıldı bu barədə. Ancaq heç nə olmadı, mən yenə qaldım “Neftçi”də. Yenə deyirəm, Müşahidə Şurası ilə heç bir problemim olmayıb. Onlar hər zaman bizə dəstək olublar. Sadəcə 1-2 insan var idi ki, klubdakı atmosferi korlayırdılar. Xəbərim olmayan işləri mənim üzərimə atmaq istəyir, məni hansısa söhbətlərin əsas adamı kimi göstərməyə çalışırdılar. Halbuki, mən klubda baş verən bütün söz-söhbətləri ən axırda eşidib, bilirdim. Klub rəhbərliyinin xoşuna gəlməyəcək bütün hadisələrin səbəbkarı kimi məni göstərməyə çalışırdılar. Mən həmin adamların adlarını çəkmək istəmirəm, çünki doğrudan da artıq hər şey geridə qalıb. Qoy özləri bilsinlər kimləri nəzərdə tuturam. İndi də klub haqda pis heç nə deyə bilmərəm, hazırda çətin dönəmdən keçirlər və inanıram ki, hər şeyin öhdəsində gələcəklər. Onlara uğurlar arzulayıram. O zaman olanlar artıq keçib və keçmişə qayıtmaq istəmirəm, sadəcə irəli baxmaq lazımdır.


- Emosional davranışlarınız haqqında danışmışkən, Ruslan oyunda uduzanda ya da qələbə qazananda, evdə necə olur?
- Çox həyəcan keçirir, əsəbi olur. Mən onu sakitləşdirməyə çalışıram. “Bu, oyundur. Oyunda udmaq da, uduzmaq da var”- deyirəm. Qələbə qazananda isə çox sevinir, evdə danışır kim vurdu qolu, necə oldu. Mən də evdə Ruslanın oyunlarını izləyəndə çox həyəcanlı oluram. O, qol vuranda mən də, Milana (qızı) da sevincdən qışqırır.

- Hansı oyundan sonra çox əsəbi olmusunuz? 
- Ruslan Q. Yəqin ki, ən xoşagəlməzi Avropa Liqasında son iki oyun olub. Biz qələbəni əldən vermişik.

- Futbolçular tez-tez ölkədən kənara çıxır oyunlara görə. Siz tək qalırsınız. Çətin olmur?
- Elnara Q. Yox, mənə çətin deyil. Artıq öyrəşmişəm. İlk vaxtlar ağır idi, çünki hələ Milana da dünyaya gəlməmişdi. Qızımız doğuldu və mənim artıq məşğuliyyətim var. Əlbəttə, Ruslanın səfərdən gəlişini səbirsizliklə gözləyirəm. Ancaq millinin oyunları başlayanda Ruslanın valideynlərinin, öz anamın yanına gedib onlarla qalıram.

- Söhbətin əvvəlində Ruslan dedi ki, sizin atanız azərbaycanlıdır...
- Bəli, atam azərbaycanlı, anam isə ləzgidir. Atam Gürcüstanın Marneuli bölgəsindəndir. Anamla Saratovda tanış olub evləniblər, lakin mən uşaqkən ayrılıblar. Ata tərəfim-nənə, baba, əmilər, bibilərim Bakıda yaşayırlar. Ata qohumlarımla ünsiyyətim var. Nənəm bu yaxınlarda dünyasını dəyişib.

- Azərbaycan yeməklərindən hansıları sevirsiniz?
- Elnara Q: Kababı çox sevirəm. Bu yaxınlarda Ruslanla Qəbələdə piti yedik. Mənim çox xoşuma gəldi.
- Ruslan Q. Belə, mətbəximiz demək olar ki, eynidir. Bizdə də dolma, mantı, qutablar, xəngəl bişirilir.

- Ruslana hansı yeməkləri bişirirsiniz, bizim, yoxsa öz mətbəxinizdən?
- Hər iki mətbəxdən hazırlayıram. Adətən, Ruslan evə gəlməzdən qabaq zəng edib soruşuram ki, hansı yeməyi bişirim? Nə istəsə onu hazırlayıram.


- Qızınızın idmanla məşğul olmağını istəyərsiz?
- Əlbəttə. Evdə onun hərəkətlərinə fikir verirəm, çox elastikdir, cəlddir. Bir dəqiqə bir yerdə dayanmır. 4 yaşı tamam olandan sonra onu bədii gimnastikaya qoymaq istəyirik. Ruslanın anası deyir ki, o da uşaq vaxtı belə olub. Milana da atasına bənzəyir.

- Ruslanı həyat yoldaşı və ata kimi necə xarakterizə edərdiniz?
- O, həm fikizi həm mənəvi olaraq mənə dəstək olur. Mən xəstə olanda evdə kömək edir. Çox diqqətcildir. Getdiyi ölkələrdən bizə hədiyyələr alır. Nə qızını, nə məni diqqətsiz qoyur. Futbolçu, həyat yoldaşı həm də ata kimi ondan çox razıyam.

- Hansı xarakterini sevmirsiniz?
- Doğrusu, onun hansısa pis cəhəti yoxdur. Bəlkə də, sevirəm, həyat yoldaşımdır deyə mən görə bilmirəm. Ümumilikdə, deyə bilərəm ki, yaxşı cəhətləri üstünlük təşkil edir.


- Ruslan, millinin qələbələri barədə bir az danışardınız. 7 xalı təsadüf sayanlar çoxdur...
- 7 xal yığdıq, ancaq təəssüf ki, son oyunda böyük hesabla uduzduq. Biz bunun üçün getməmişdik və tamam başqa nəticə gözləyirdik. Fürsətdən istifadə edib xalqdan, bizə inanan, bizə görə həyəcan keçirən azarkeşlərdən üzr istəyirəm. Son oyuna gəldikdə isə, yəqin ki, irlandlar ən güclü silahlarından- uzun boy amilindən istifadə etdilər. Bizim oyunçular arasında mən uzunboylulardan hesab edilirəm və deyə bilərəm ki, çox çətin idi ikinci mərtəbədə onlarla mübarizə aparmaq. Elə 3 qol da belə vuruldu. Ancaq məğlubiyyəti unutmaq lazımdır və martda bizi dünya çempionatının seçmə mərhələsində Almaniya ilə oyun gözləyir. Onlar haqda çox söz demək olar, çox güclüdür və həmişə finala, yarımfinala qədər gedib çıxıblar.Ancaq biz əlimizdən gələni edəcəyik ki, onlara qarşı çıxaq. Başa düşsünlər ki, Azərbaycana elə-belə gəlməyiblər.

- İdmançılarımızın əksəriyyəti namaz qılır, oruc tuturlar. Bir sözlər, dinə bağlıdırlar. Nəzərə alsaq ki, İslamda da müxtəlif təriqətlər var və bu futbolumuza da daxil olub. Siz nə düşünürsüz bu barədə?
- Millidəki futbolçuların demək olar ki, hamısı –elə mən özüm də dinə bağlıyıq, namaz qılırıq. Qəbələdə də namaz qılan oyunçular var. Mənimçün, nə də digər futbolçular üçün məzhəb fərqi yoxdur. Heç vaxt fərq qoymuruq kim sünnidir, ya şiə. Nəticədə hər kəs Allaha inanır, namaz qılır. Şiəyəm namazı mən düzgün qılıram, ya da əksini deyənləri heç vaxt başa düşmürəm. Biz kimin düz, kimin səhv ibadət etdiyini deyə bilmərik. Bunu yalnız Allah bilir və ümid edirəm bütün səhvlərimizə görə bizi bağışlayar.

- Azərbaycanda həmyerliniz olan futbolçular çoxdur. Hansılarla dostluq edirsiniz?
- Bir-birimizlə əlaqəmiz var. Mənim azərbaycanlı oyunçularla da ünsiyyətim var. Bir yerdə oturur, çay içirik. Ancaq heç birimizin elə çox vaxtı, istirahət günü olmur.

- Bəs, futbolçulardan ən yaxın dostunuz olan varmı?
- Burda oyunçuların çoxu mənim dostumdur və heç biri arasında ayrıseçkilik edə bilmərəm. Hamısı mənin yaxın dostlarımdır.

- Roman Qriqorçuk və Robert Prosineçkini necə müqayisə edərdiniz?
- Hər ikisi çox yaxşı məşqçidir. Hər ikisi futbolçularla ümumi dil tapır, onlara yaxşı oynamağı öyrədir, səhvləri izah edir. Onları müqayisə etmək doğrudan çətindir mənim üçün. Hər ikisi ilə işləmək mənim üçün xoşdur.

- Bəzi futbolçular rayonlara getmək istəmir. Sizsə, Qəbələyə gedib, gəlirsiniz. Ailə baxımından çətin deyil?
- Mən nə vaxt Qəbələyə gedirəm ailəmi özümlə aparıram. Əlbəttə, bir az çətin olur. Ancaq mən bu yolu seçmişəmsə, demək müəyyən çətinliklərlə üzləşəcəm. Onu da deyim ki, rayonda olmaq mənə daha faydalıdır. Dağ, təmiz hava, müəyyən edilən gündəlik rejim. Bakıda olanda həmişə bunlara riayət etmək olmur.


- Gələcəkdə biznes qurmağı düşünürsüz?
- Futbol mənə çox şey verdi. Ancaq hər şeydən öncə mən Allaha minnətdaram. Əlbəttə, gələcəkdə mənə gəlir gətirəcək bir şeylə məşğul olmağı düşünürəm. Ancaq bunun üçün də indi çalışmaq, sərmayə toplamaq lazımdır. Mənə Bakıda elə bir imkan versələr, sevə-sevə istifadə edərəm. Rusiyada da bir şey etməyi düşünürəm. İndi isə mən ailəmə, doğmalarıma kömək edirəm. Gəlir olsun, gələcəkdə biznes də qurmaq olar.

- Siz evdar xanım olmaqdan sıxılmırsınız? Gələcəkdə hansı işdə çalışmaq fikriniz var?
- Ruslan icazə versə, əlbəttə, işləyərəm. Mənim vizaja, saç düzümlərinə, stilist olmağa xüsusi marağım var.
- Ruslan Q. O, burda tanınmış gözəllik studiyalarının birində saç ustalığı üzrə kursu bitirib, sertifikat da alıb. İnşallah, gələcəkdə şəxsi gözəllik salonu olsa, işləyər.

- Müğənnilərimizdən kimləri dinləyirsiniz?
- Elnara Q. Düzü, müğənnilərin adı yadımda qalmır, ancaq sizin musiqiləri dinləyirəm, xoşuma gəlir. Röyanı dinləyirəm. Bircə onun adı yadımda qalıb.
- Ruslan Q. Mən də adları yadda saxlamasam da çox müğənnini, eləcə də, Röyanı, MiriYusifi dinləyirəm. Hətta, meyxanaya da qulaq asıram. Ancaq sözləri tam olaraq başa düşmürəm.

- Şimali İrlandiya ilə oyuna əvvəl “Niyə də yox?” meyxanası oxundu, eşitmisiniz?
- Hə, eşitmişəm. Amma deyəsən düşərli olmadı, uduzduq.

- Bəzi həmkarlarınız şou-bizneslə də sıx əlaqədədir, kliplərə çəkilir. Bəs sizə təklif gəlib?
- Olub, yeni başlayan müğənnilərdən biri klipində rol almağı təklif etmişdi, istəmədim. Çəkilərəm, nəticə yaxşı olmaz, sonra xalq deyər nə klipdə oynamağı bacarır nə də meydanda.



Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bacsnn-elciliyind-tan-olduq-v-sevdik-t54216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR