Rəssamlıq Akademiyasının keramika rəssamları

Rəssamlıq Akademiyasının keramika rəssamları
13:07 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+



"Report"un əməkdaşı keramika rəssamları və tələbələrin toplaşdığı məkandan yazır
Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının emalatxanasına daxil olanda ilk diqqətimizi divardakı şəkillər çəkdi. Birinci mərtəbənin divarlarında isə xalçalar fərqli bir abu-hava yaradır...
"Report"un əməkdaşı bu dəfə keramika rəssamı olan müəllimlərin və tələbələrin toplaşdığı məkana gedib, onların iş şəraiti və əl işləri ilə tanış olub. 
Bizi Akademiyanın dekorativ-tətbiqi sənət fakültəsinin dekanı İmran Kərimov və fakültənin “Bədii keramika, şüşə və metal” kafedrasının müdiri Saleh Məmmədov qarşıladı. İmran Kərimov bizə Saleh müəllimin bələdçilik edəcəyini söylədi. Biz də bələçimizlə Akademiyanı gəzməyə başladıq. Saleh müəllim bildirdi ki, Akademiyada həm nəzəri, həm də praktiki dərslər keçirilir: “Akademiyaya qəbul olan tələbələr birinci kursda ümumi dekorativ tətbiqi sənət fakültəsinə daxil olurlar, ikinci kursdan isə ixtisaslar üzrə bölünürlər. Ümumi anlayışlar bütün dekorativ sənətlərdə eynidir, amma növbəti mərhələdə onu hansısa materiala keçirməlisən”.

Rəssamlığın ilk addımlığında
Akademiyanı gəzərkən birinci mərtəbədəki otaqlar diqqətimi çəkdi. Otaqlardan birinin qapısını açıb, müəllimdən içəri keçmək üçün icazə alırıq. Məlum olur ki, burada birinci kurslar dərs keçir. Otaqdakı stolun üstündəki rəsmləri müşahidə edirik, uşaqların ilk əl işləri qiymətləndirmə üçün düzülüb.
S.Məmmədov deyir ki, son vaxtar dekorativ-tətbiqi sənətə maraq çoxalıb: “Bu il birinci kursda 7 qrup var. Gələn il tələbələr 5 ayrı-ayrı ixtisaslara bölünəcəklər. Bu uşaqların hamısı talantlıdır, onları tapıb inkişaf etdirmək, cilalamaq lazımdır ki, brilliant olsunlar. Birinci kurs tələbələrinə gərək sərbəstlik verəsən, nə qədər sərbəslik versən, bir o qədər ideya ortaya çıxacaq”.


Müəllim söhbət zamanı müdaxilə edərək bildirir ki, bu uşaqlar fikirlərini bildirmək istəyəndə daha sözlə yox, çəkdikləri rəsmlərlə deyəcəklər: “Onların danışığı beyindən əllərinə, əllərindən kağıza ötürülür. Rəssamlıq da ünsiyyətin bir növüdür”.
Bədii toxuculuq və xalça sənəti
Dekorativ-tətbiqi sənət fakültəsinin iki kafedrası var: “Bədii toxuculuq və xalça sənəti” kafedrası, “Bədii keramika, şüşə və metal” kafedrası.
Birinci kurslarla sağollaşıb yandakı otağa keçirik. Otaqda “Bədii toxuculuq və xalça sənəti” kafedrasının tələbələrinin toxuma işi ilə məşğul olduğunu görürük.
Kafedra müdiri bildirir ki, Akademiyanın divarlarında olan xalçalar tələbələrin işləridir: “Bu xalçaların hər birindən dünyada bir dənədir. Çünki həmin xalça onu toxuyan tələbənin ideyasıdır, əl işidir”.

Otaqları müşahidə etdikdən sonra emalatxanaya yollanırıq. Tələbələr birinci kursda nəzəri cəhətdən öyrəndiklərini burada praktikada tətbiq edirlər. 
Nəzəriyyədən təcrübəyə...
“Keramika ilə, məşğul olmaq istəyənlər həm rəssam, həm heykəltəraş, həm də tədqiqatçı olmalıdırlar, çox şeyi bilməli, çox şeyi bacarmalıdırlar. Keramika özündə həm heykəltəraşlığı, həm də rəssamlığı birləşdirir. Keramika sənayedir.

Sobalar, xüsusi gillər, xüsusi boyalar, fırçalar, yağlar lazımdır”.
Bunu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının emalatxanasında həmsöhbətimiz, bələdçimiz olan “Bədii keramika, şüşə və metal” kafedrasının müəllimi Fuad Əliyev keramika sənətindən danışarkən bildirir.
Onun sözlərinə görə, dulusçuluq dəzgahı qədimdə əl ilə, sonra ayaqla idarə olunub, get-gedə mexanikləşib, hazırda pedalla və motorla daha rahat istifadə olunur.
Otağı müşahidə edərkən girişdə böyük qablarada suyun içində gil və qəliblər görürük. Usta bildirir ki, gil təbiətdən götürüləndə içində başqa maddələr, daş ola bilər, bu səbəbdən də mütləq süzülməlidir: “Çünki bişirilmə zamanı içində
 yad cisim olsa, məsələn gips, daş olsa peçdə bişmə prosesi zamanı partlamaya səbəb ola bilər. Təbiətdən alınan gil, zavod şəraitində xüsusi texnologiya ilə süzülür, təmizlənir. Burda isə gil kustar üsulla süzülür. Gipsi qəliblərin içərisində süzürük, çünki onun suyu çəkmə qabiliyyəti var. Sulu gipsi onun üzərinə tökəndə gildə olan suyu özünə çəkir və gil plastilin formasına düşür. Sonra həmin gili yoğurmaq üçün götürürük”.
Usta deyir ki, yoğrulmamış gildən nəsə düzəltmək olmaz: “İşə başlamamışdan əvvəl gili yoğururuq, yoğrulmasa arasında hava qala bilər və bu sobada bişən dulus məmulatının partlamasına səbəb ola bilər. Yoğrulmuş gilin içində hava olmadığını müəyyənləşdirmək üçün onu simlə kəsib yoxlayırıq. Sonra hazırlanmış gil dəzgahın üzərinə qoyulur və mərkəzləşir”.
Dəqiqlik, həssaslıq, texniki işlərə riayyət etmək...


F.Əliyev iş prosesini izah edərək qeyd edir ki, bu işdə əsas şərt dəqiqlik, hissiyyat və texniki işlərə riayət etməkdir: “Əli içəridən çölə doğru sıxanda gil enlənir, çöldən içəriyə doğru sıxanda isə uzanır. Gili qoyanda dəzgah quru olmalıdır. Bu işi quru əllə görmək olmaz, mütləq əl suya salınmalıdır. Gili mütləq əldə sıxmaq lazımdır, sıxanda həm mərkəzləşir, həm də su ilə gilin yoğrulması prosesi gedir. İkinci mərhələ formanı açmaqdır. Bir əl içəridən formanı açanda, digər əl çöl tərəfdən kömək edir”.
Formaları tələbələr özləri verir, bəziləri məmulatları müəllimsiz, tək düzəldirlər.
“Əllərin çox suda qalmasının ziyanı yoxdur”
Mütəxəssis bildirir ki, əllərin çox suda qalmasının elə bir ziyanı yoxdur: “Əl kremlərinin çoxunda gildən istifadə olunur. Belə sürtünmə həm də əlləri masaj edir, yəni heç bir ziyanı yoxdur”.

Dulusçuluq sənəti nəsildən-nəsilə ötürülür. Müəllim bildirir ki, tələbələrin içərisində də, ailə üzvlərindən də bu sənətlə məşğul olanlar çoxdur.
Tələbələrin əl işlərinin taleyinə gəlincə, məlum olur ki, tələbələrə düzəltdikləri kompazisiyalarını özlərinə götürməyə icazə verilmir: “Bəzən olur ki, düzəltdikləri qabların daha birini hazırlayıb aparmaqlarına icazə veiririk. Onların istəklərinə qarşı çıxa bilmirik. Onlar da öz işlərini göstərmək istəyirlər. Tələbələrimiz gördükləri bütün işlərdə öz adlarını qeyd edirlər”.
Sifarişlər


“Keramika çox əziyyətli işdir, maliyyəsi də çoxdur. Bəzən sifarişlər olur. Sifarişin qiyməti işdən asılıdır. Qiymət təxminən 300-400 manatdan başlayır. Qiyməti 1000 və daha yüksək olan kompazisiyalar da olur, baxır işə. Dulus məmulatlarını evlərdə, otellərdə dəyərli əşya kimi nümayiş etdirirlər” - deyir, keramik-rəssam olan F.Əliyev.
F.Əliyev tələbələrindən çox razı olduğunu bildirir. Ustanın sözlərinə görə, akademiyanın xaricdə oxuyan tələbələri var: “Tələbələrin içində İtaliyaya, Türkiyəyə gedənlər var. Mən özüm də Türkiyədə Memar Sinan Universitetində magistratura təhsili almışam, keramika üzrə rəssamam”.


Rəssamlıq fakültəsində oğlan tələbə qıtlığı
Müşahidəmiz göstərir ki, həm dəhlizdə, həm sinif otaqlarında, həm də emalatxanalarda ya bir-iki oğlan var, ya da heç yoxdur.
F.Əliyev bildirir ki, ildən-ilə oğlanların sayında artım olur: “Son illərdə tələbələrin içərisində qızlar çoxdu. Oğlanlar isə çox az olur, bir-iki nəfər”. 


















Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/ressamliq-akademiyasinin-keramika-ressamlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR