Azərbaycan Çinə 500 min şüşə şərab ixrac edəcək

Azərbaycan Çinə 500 min şüşə şərab ixrac edəcək
15:02 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Şərab istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrindən ibarət Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri başa çatıb. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, noyabrın 9-dan 15-nə qədər davam edən səfər çərçivəsində Azərbaycan şirkətləri Honq Konqda Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində və Quancou şəhərində “Interwine” Beynəlxalq Şərabçılıq Sərgisində iştirak edib. Azərbaycan şərabları hər iki sərgidə iştirakçılar və media nümayəndələri tərəfindən maraqla qarşılanıb, Azərbaycanın “ASPI Winery” şirkətinin istehsalı olan “Savalan” şərabı isə qızıl medala layiq görülüb. Sərgi iştirakçılarına həmçinin, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib, müxtəlif çap materialları təqdim olunub.
Səfər zamanı Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, AZPROMO-nun Çindəki nümayəndəliyinin dəstəyi ilə yerli distributorlar və potensial müştərilərlə görüşlər keçiriblər.
İxrac missiyası çərçivəsində 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair Müqavilə imzalanıb. Bundan başqa, Azərbaycan şərablarının dequstasiyası keçirilib, “ASPİ Winery” şirkəti tərəfindən şərablarımızın istehsal texnologiyasına dair master-klasslar təşkil olunub.
Qeyd edək ki, səfər Prezident İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli, “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” fərmanına uyğun təşkil edilib və xərclər dövlət tərəfindən qarşılanıb. Növbəti ixrac missiyası 27-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil ediləcək. Artıq bununla bağlı İqtisadiyyat Nazirliyinin www.economy.gov.az saytında elan yerləşdirilib. 







Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-cine-500-min-suse-serab-ixrac-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR