"İlham Mirzəyev profesor deyil" - İnstitut direktoru

"İlham Mirzəyev profesor deyil" - İnstitut direktoru
16:29 17 Noyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin APA-ya müsahibəsi

 

- İlham müəllim, rəhbəri olduğunuz Fəlsəfə İnstitutunun builki fəaliyyətini qısa olaraq necə qiymətləndirirsiniz?

 

- Bu il bizim İnstitut üçün keyfiyyət baxımından əlamətdar il olub. Fəlsəfə İnstitutunda struktur dəyişiklikləri aparılır. Biz yeni və maraqlı mövzular üzərində çalışırıq. Xarici və yerli mərkəzlərlə çox dərin və güclü əlaqələr yarada bilmişik. Misal üçün, bu il bizim alimlərin MDB məkanında, eləcə də bütün dünyada məşhur olan “Voprosı filosofii” ("Fəlsəfə məsələləri") jurnalında məqalələri çap olunub.

 

Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. “Multikulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosioloji və hüquqi baxış” kitabı da çap olunub ki, kitab çox keyfiyyətlidir. Bizim İnstitut multikulturalizmin təbliğində çox fəal iştirak edir. Multikulturalizm və Azərbaycançılıq ideologiyası bir-birinə çox sıx bağlıdır. Multikulturalizm sahəsində bir neçə beynəlxalq konfrans keçirmişik. Bu konfranslarda həm yerli, həm xarici alimlər çıxış edib. Biz bu sahəni hərtərəfli şəkildə öyrənməyə çalışırıq. Qeyd etməliyəm ki, sabah “Fəlsəfə günü” ilə əlaqədar Sorbon Universitetinin professoru Fransua Jorjon tədbirimizdə iştirak edəcək. Bu hal bizim beynəlxalq əlaqələrimizin yüksək səviyyədə olmasından xəbər verir.

 

- Azərbaycanda elmin, xüsusilə humanitar və ictimai elmlərin hazırkı durumu, inkişaf perspektivi hansı səviyyədədir? 

 

- Akademiyanın Humanitar və İctimai Elmlər bölmələri sürətlə yenilənir. İnstitutlararası münasibətlər çox yaxşıdır. Humanitar və İctimai Elmlər bölmələri həm yerli universitetlərlə, həm də beynəlxalq qurumlarla sıx əlaqə yaradıb. Humanitar və İctimai Elmlər bölmələrində çox keyfiyyətli işlər görülür.

 

- Bu sahədə kadr potensialını qənaətbəxş hesab etmək olarmı və daha yaxşı kadrların yetişdirilməsi üçün əlavə hansı işlər görülə bilər?

 

- İctimai elmlərdə kadr problemi var, biz bu problemlə üzləşirik. Bu da gənclərin müəyyən mənada elmə marağının azalması ilə bağlıdır. Gənclər daha çox menecmentə meyl göstərir və nadir hallarda elmlə məşğul olmaq istəyir. Buna görə də Akif Əlizadə Akademiyaya gənc alimləri dəvət edir, elm festivalları keçirir və s. Akademiyada magistratura təhsili təşkil edilib.

 

- Ancaq bəzi hallarda elmin müxtəlif sahələri üzrə həmin sahəyə aidiyyəti olmayan və ya bu sahəni dərindən bilməyən insanların cəmiyyətə yüksək adlar altında təqdim edilməsi faktları da var. Bunu, ümumilikdə Azərbaycanda elmi fikrin populyarlaşmasına maneçilik törədən amil hesab edirsiniz? 

 

- Cəmiyyətdə elmi adların nüfuzu böyükdür. Ona görə də elmlə məşğul olmayan adamlar istəyir ki, elmi adları olsun. Burada bir növ ziddiyyət əmələ gəlir. Bu tip adamlar elmi ad almaq istəyir, lakin nə alim olmaq üçün potensialı var, nə də olmaq istəmir. Bizdə bu problem var. Bu bir tərəfdən elmin nüfuzundan məlumat verir, o biri tərəfdən isə elmin imicinə zərər vurur. Ona görə də çalışmaq lazımdır ki, elmi adlar yalnız alimlərə verilsin. Buna qarşı tədbirlər görülür. Son vaxtlar belə ad alanların sayı azalıb.

 

- Konkret olaraq sizin İnstitutun keçmiş əməkdaşı İlham Mirzəyev mediada professor, elmlər doktoru kimi təqdim olunur. Bu, doğrudurmu?

 

- İlham Mirzəyev professor deyil. O, psixologiya üzrə elmlər namizədi,  psixoloqdur. Onun özünü professor kimi təqdim etməsi yaxşı hal deyil. Bilirsiniz, ümumən ad, o cümlədən elmi ad şəxsiyyəti ucaltmır, şəxsiyyət adı ucaldır. Əgər hansısa elmi və ya fəxri adı olmayan insan iddia edirsə ki, o bu adın sahibidir, bu özü-özlüyündə sual doğurur. Sualların ən başlıcası isə odur ki, belə addım atan insan nə məqsəd güdür? Bəlkə yüksək adın kölgəsində gizlənərək cəmiyyətdə nüfuz qazanmaq istəyir? Dəqiq deyə bilmərəm. Amma hər halda telekanalda veriliş hazırlayarkən dəvət etdikləri adam barədə dolğun məlumat əldə etməlidirlər. Əks halda veriliş konkret şəxslərin arzuolunmaz reklamına çevrilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR