Sarkisyandan yeni “ixtira”lar və ya meymun güzgüyə baxır

Sarkisyandan yeni “ixtira”lar və ya meymun güzgüyə baxır
22:05 17 Noyabr 2016
131 Dünya
Ölkə mətbuatı
A- A+

Serj Sarkisyan növbəti dəfə sərsəmləməyə başlayıb. Əvvəlcə "ağıllı tərpənərək" Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, lakin...

Lakin Ermənistan rəhbəri "RİA Novosti" agentliyinə müsahibəsində Dağlıq Qarabağ probleminin həlli məsələsində xalqların öz müqəddəratını təyinetmə hüququnun nəzərə alınmasının vacibliyini vurğulayıb. Təbii ki, Sarkisyan bununla Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etməsini nəzərdə tutur. Serjə xatırlatmaq lazımdır ki, ermənilər artıq bir dəfə öz müqəddəratlarını havadarlarının köməyi sayəsində təyin ediblər - Azərbaycanın əzəli tarixi torpaqlarında "Ermənistan" adlı dövlət yaratmaqla.

Azadın oğlu Serj sərsəmləməyə davam edir: "Xalqların öz müqəddəratını təyin etməsi hüququ ölkələrin ərazi bütövlüyü prinsipinə zidd deyil". Sarkisyanın bu səfeh mövqeyi ilə razılaşsaq, belə çıxır ki, hazırda dünyada ən azı 500 dövlət olmalıdır. Bu hüququ bu şəkildə qəbul etsək, deməli, ermənilər yaxın gələcəkdə həm Rusiyada, həm də Fransada dövlət yaratmaq xəyalına düşəcəklər.

Bundan başqa, Sarkisyan müsahibəsi zamanı "erməni tərəfLƏRİ - Ermənistan və Dağlıq Qarabağ" ifadəsi işlədir. Maraqlıdır, Ermənistanın belə rəsmən tanımadığı qondarma rejim necə tərəf ola bilər və ölkənin ən ali rəsmisi - dövlət başçısı tərəfindən necə tərəf kimi qəbul edilə bilər?

Serj bir qədər də irəli gedərək işğal etdikləri 7 Azərbaycan rayonunu "təhlükəsizlik zonası" adlandırır. Ya Sarkisyan elə bir dahidir ki, biz onun fikirlərini hələ dərk edə bilmirik, o səviyyəyə çatmamışıq, ya da hamını ələ salır. Bir yandan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, digər tərəfdən, işğal etdikləri rayonları "təhlükəsiz zona" adlandıran insanı başqa necə xarakterizə etmək olar? Bu, dünyanı ələ salmaq və beynəlxalq hüquqa tüpürməkdən başqa bir şey deyil. Hansı "təhlükəsizlik zonası?" - bu yaxınlarda erməni silahlılarının təlimlər keçirdiyi Ağdam, yoxsa sərvətlərini taladıqları Kəlbəcər və ya digər rayonlar? Və həmin "təhlükəsizlik zonası"ndan hər gün Azərbaycan istiqamətində avtomat, iriçaplı pulemyotlardan, minaatanlardan atəş açılır.

Sarkisyan aprel döyüşlərinə toxunaraq bildirib ki, bu, Azərbaycan və Ermənistan tərəfləri arasında "sıfır etimad"ın olduğunu göstərdi. Növbəti "ixtira"! Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 rayonunu işğal edən, həmin ərazilərin maddi-mədəni sərvətlərini talayan, Xocalı faciəsi kimi XX əsrin ən dəhşətli soyqırımını törədən, məscidlərimizi, qəbiristanlıqlarımızı təhqir edən ermənilərə qarşı hansı etimaddan söhbət gedə bilər axı?

Prezident "sadəlöhv Serjik" rolu oynamağa davam edir: "Dağlıq Qarabağın hüquqi statusu bölgə əhalisinin öz iradəsini sərbəst ifadə etməsi yolu ilə - referendumla həll olunmalıdır". Sarkisyan "Dağlıq Qarabağ əhalisi" dedikdə, azərbaycanlı icmanı deyil, erməni icmasını nəzərdə tutur. Bəlkə Serj Dağlıq Qarabağda, ümumiyyətlə, azərbaycanlıların yaşadığını inkar edir? Bəlkə Dağlıq Qarabağdakı müsəlman abidələrini də ermənilər tikib, sonradan dönüb xristian olublar? Bunun adı həyasızlıqdan başqa bir şey deyil.

Ermənistan prezidenti münaqişənin nizamlanması üçün güc tətbiq edilməməsini əsas prinsiplərdən biri hesab edir. Bəli, "güc tətbiq etməmək". Əlavə şərhə ehtiyac yoxdur, çünki bu, "oğru elə bağırdı, doğrunun bağrı yarıldı" məsəlinə bənzəyir. Sanki özgə torpaqlarına göz dikən ermənilər deyil.

Sarkisyanın sərsəmləmələri bununla bitmir. O, 2008-ci ildən bu yana davam edən danışıqlara toxunaraq iddia edir ki, hər görüşdə razılaşma əldə olunub, lakin guya Azərbaycan tərəfi sonradan bundan imtina edir, danışıqların gedişini pozur. Bu isə o deməkdir ki, "meymun baxdı güzgüyə, adını qoydu özgəyə". Sarkisyanın Azərbaycan tərəfini Dağlıq Qarabağdakı qondarma rejimin "müstəqilliy"ini tanımadığı üçün bir növ qınaması isə artıq məntiqsizliyin kulminasiya nöqtəsidir. Ermənistanın özünün belə tanımadığı bir qondarma rejimi - işğal olunmuş ərazilərimizdə yaradılan saxta rejimi Azərbaycan necə tanıya bilər və niyə tanımalıdır?

Serj "tarixi torpaqlar"dan da danışır. Ermənistan liderinə tarix fənnindən dərs keçmək lazımdır - bəlkə ölkəsinin tarixi Azərbaycan torpaqlarında qurulduğu, İrəvanın tarixi Azərbaycan şəhəri olduğunu öyrənə.

Göründüyü kimi, müsahibə başdan-ayağa yalan, böhtan, klassik "erməni həyasızlığı" ilə əhatə olunub. Bundan başqa, Sarkisyan Azərbaycanın Ermənistandan güclü ölkə olduğunu etiraf edir. Kim bilir, bəlkə də quyruğu qapı arasında qalan Serj bu etirafdan "məzlum, yazıq erməni" obrazı yaratmaq üçün istifadə edəcək.

Bəxtiyar Hacıyev

Trend


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR