Niyə məhz “Məktəb, yoxsa məscid”?

Niyə məhz “Məktəb, yoxsa məscid”?
23:12 17 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"Pulunuz olsaydı, məktəb tikdirərdiniz, yoxsa məscid?" - bu günlərdə ortalığa atılan virus suallardan biridir. Niyə virus? Çünki, sualın özü məntiqsizdir, qərəzlidir. Məntiqsizdir, ona görə ki, məscid İslam dininə məxsus olan bir ibadət yeridir. İslam dininin də ilk buyuruşu "Oxu"-dur! "Oxu" isə hər bir elmin başlanğıcıdır. Məktəb də elmə yiyələnmənin birinci pilləsidir. Əgər məktəb olmasa, həmin bu "Oxu"-nu necə reallaşdırmaq olar? Nə məscidsiz bir məktəbin mənası var, nə də məktəbsiz bir məscid insanı ali məqamlara çatdıra bilər. İslam həmişə oxumağı, savadı, düşüncəni əsas və vacib hesab edib. Elə məhz İbn Sinalar, Tusilər də həmin bu məkəb və məscid vəhdətinin bərəkətinin məhsuludur. İbn Sina böyük astronom, təbib, riyaziyyatçı və s. olmaqla yanaşı, həm də dövrünün böyük Əlişünası idi. Nə riyaziyyatçı, təbib olmağı ona Əlişünas olmağa mane olmuşdu, nə də Əlişünas olması onu dövrünün böyük astrofiziki olmaqdan məhrum etmişdi. Və yaxud, bir vaxtlar müsəlman dövlətinin adi, sıravi üzvləri, yəni o insanlar ki, İslamın heç əsil siması deyildilər - həmin insanlar Avropaya elm, mərifət gətirdilər, ümumi təhsil sistemində yeni intellektual ənənələr yarandı və s. Həmin bu müsəlman İspaniyası olan Əndəlus haqqında saatlarla danışmaq olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, məktəb elə islamın anlamıdır axı. Bunu gətirib İslamla qarşı-qarşıya qoymağa qərəzdən başqa nə ad vermək olar? İslam nə vaxt elmlə, məktəblə savaşıb ki?! Əksinə, həmişə elmə havadar olub, hər bir məscidin yanında bir mədrəsə də olub ki, insanlar savadsız olmasın. Sözsüz ki, burada mədrəsədən söhbət gedərkən, Sovetin ateist yazarlarının əsərləri əsasında lentə alınmış "ə zəbər ə" və s. kimi səhnələrdən söhbət gedə bilməz. Çünki, normal təfəkkürlü insan başa düşür ki, bu tip səhnələri lentə almaqla, tarixi bu cür bizlərə təqdim etməyə çalışmışlar. Qorxulu, qaragüruhçu, vahiməli, bədheybət, savadsız, pinti, "müsəlman" düzəltməklə, əsil İslamı, Həzrət Muhəmmədin (s) gətirdiyi İslamı, bəşəriyyətin nicat yolu olan İslamı öz aləmlərində sanki gözdən salmaq istəmişlər və bu istək hələ də davam edir.
 
Əvvəlki illərdəki gözdən salmaq kampaniyası Allahsız bir rejimin fundamental əsaslarından biri idi. Bəs günümüzdə niyə belə virus suallar ortalığa atılır və özünə məscid əleyhdarları olan çox kiçik bir qrup tərəfindən layklar və s. yığılmağa çalışılır? Məscid və məktəb - hər ikisi Allahın bəyəndiyi və dəyər verdiyi evlərdir. Biri havadır, digəri sudur. Məscidin də, məktəbin də - hər ikisinin müqəddəs bir ruhu var. Çalışmaq lazımdır ki, məscid də, məktəb də aid olduqları o ülvi aləmdən ayrılmasınlar və insanın ali inkişafında bir vasitə olsunlar. Əgər burada söhbət ruhu və cismi kirlənməmiş, xalis, sozün hər iki mənasında pak və təmiz olan məsciddən nə qədər gedirsə, o qədər də, xalis, sözün əsil mənasında pak və təmiz, ruhu kirlənməmiş (məktəb üçün ruhu kirlənmiş anlayışı, cismi kirlənmişdən daha vahiməlidir) əsil məktəbdən gedir.
Üstü-başı çirkli, işi-gücü məsciddə, qəbiristanlıqda oturub, mərhumun qohumlarını "ovlamaq" olan, əslində isə elə İslamın özünə bir ləkə olan bir qrup "din xadimi" ətrafda nə qədər pis və mənfi obraz yaratsalar da və İslamı gözdən salmağa cəhd kimi Sovetin çürümüş siyasətinin davamçıları olsalar da, niyyətləri hədəfə çatmayacaqdır. Məktəbə gəldikdə isə, öz əqidəsini satmış, 5-10 manat fond puluna görə kiçik yaşlı şagirdlərlə riyaziyyat dərsini fond pullarının hesablanması dərsinə çevirən, hər 8 mart, 5 oktyabr qabağı min cildə girən şəxslər də, inşəallah, müqəddəs müəllim anlayışının misdaqı olmayacaqlar.
 
Yeri gəlmişkən onu da qeyd edim ki, məhz həmin "müəllim", bayaqkı "din xadimi"ndən daha təhlükəlidir və gələcəyimiz üçün az qala atom bombası qədər qorxuludur. Çünki, belə müəllimlərin yetişdirdiyi də özü kimi manqurt olmağa məhkumdur. Ruhu ölən bir toplumun cisminin pərvazlanmasının imkanı yox dərəcəsindədir!
 
Məktəblərimiz, məsciddən fərqli olaraq, çoxdur, Ancaq, bir mənası varmı bu mexaniki çoxluğun, və yaxud özünü hansı üstün nailiyyətlərdə büruzə verə bilər bu təmin olunmamış çoxluq?
 
Bəli, "Mənim əgər pulum olsaydi, məktəb tikdirərdim, yoxsa məscid?" sualına belə cavab verərdim. Əgər imkanım olsaydı, bütün peşə sahiblərinə ləyaqətli və vicdanlı olmağın zəruriliyini xatırladardım.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR