Azərbaycan XİN başçısı fransalı həmkarının "3+2" formatlı görüş təklifini qəbul edib

Azərbaycan XİN başçısı fransalı həmkarının "3+2" formatlı görüş təklifini qəbul edib
23:42 17 Noyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində noyabrın 17-də bu ölkənin xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.
"Report" AZRTAC-a istinadən xəbər verir ki,  görüşdə tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycan-Fransa münasibətlərin bütün sahələrdə müsbət və davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə olunub.
Nazirlər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə nəzər salaraq, bu günlərdə Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş layihəsi üzrə danışıqların başlanılması üçün Avropa Komissiyasına müvafiq mandatın verilməsi faktını alqışlayıb, bu qərarın ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin məqsədyönlü və qarşılıqlı maraq əsasında inkişafına yeni təkan verəcəyinə əmin olduqlarını bildiriblər.
Həmçinin nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Onlar münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqlı və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq ediblər.
Bu xüsusda nazir Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində “3+2” formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib.
Səfər zamanı nazir Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri səfir Stefan Viskonti ilə də görüşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-xi-n-bascisi-fransali-hemkarinin-3-2-formatli-gorus-teklifini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR