Saxta faktlar, gülünc iddialar, ziddiyyətli yanaşmalar - Azərbaycan hədəfdə +

Saxta faktlar, gülünc iddialar, ziddiyyətli yanaşmalar - Azərbaycan hədəfdə +
07:17 18 Noyabr 2016
135 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz Azərbaycanda media və söz azadlığı ilə bağlı hadisələri izləyir, gündəlik monitorinqini aparırıq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Azərbaycanda medianın inkişafı rahat və dinamik yoldadır. Ən əsası odur ki, medianın demokratik müstəvidə inkişaf etdirilməsi üçün həm siyasi iradə var, həm kifayət qədər qanunvericilik bazası formalaşdırılıb, həm də iqtisadi imkanlar mövcuddur. Artıq Azərbaycanda inkişaf etmiş ənənəvi KİV-lər var. Bu sıraya son zamanlar onlayn medianın sürətli inkişafı da qatılıb. Bu məsələlərə kifayət qədər obyektiv yanaşan və düzgün qiymətləndirən beynəxalq təşkilatlar var.

Bunu Milli.Az-a Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası İdarə Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli deyib.

Lakin onun fikrincə, çox təəssüf ki, bəzi beynəlxalq təşkilarlar fərqli mövqelərdən çıxış edir və Azərbaycan mediasını aşağılayıcı formada göstərməyə çalışır: "Biz, media təşkilatları olaraq həmişə demişik ki, Azərbaycanda media və söz azadlığının olmadığı ilə bağlı səbəb kimi göstərilən arqumentlər, ümumiyyətlə, Azərbaycanda mövcud deyil, yəni çox vaxt bu faktlar qondarma xarakter daşıyır. Yəni ya onların arqumentlərini araşdıranda bəlli olur ki, belə faktlar yoxdur, yaxud da olan faktların dəyişdirilməsinə, kontekstdən çıxarılmasına cəhd göstərilir. Məsələn, bu gün müxtəlif beynəlxalq təşkilatların bəzilərinin siyahılarında gah 7, gah 8, gah da 12 jurnalistin həbsdə olduğu göstərilir. İlk ziddiyyət elə buradan ortalığa çıxır. Bu, necə ola bilər?! Deməli, bu təşkilatların jurnalistikaya yanaşmalarının özü ziddiyyətlidir. İkincisi, qəribə bir yanaşma var, çox vaxt bir məhbusu müdafiə etmək, ona haqq qazandırmaq, ya da Azərbaycandakı proseslərə ləkə salmaq üçün iddia edirlər ki, bu şəxs guya ona görə tutulub ki, o, Facebook fəalıdır, hansısa yazılar yazır. Bu, anlaşılan deyil. Kimsə Facebook-da fəaldırsa, statuslar paylaşırsa, həmin şəxs başqa əməlinə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz? Həmin təşkilatların guya jurnalist fəaliyyətinə görə həbs olunanlarla bağlı siyahısına baxdıqda görmək olur ki, orada adıkeçən şəxslərin əksəriyyətinin qarşısında yazılıb ki, bunlar Facebook fəalıdır və guya buna görə tutulublar. Bu arqumentin özü də nə qədər ziddiyyətlərin olduğunu açıq göstərir.

Bəzən isə, ümumiyyətlə, Azərbaycan elə ölkələrlə bir sıraya qoyulur ki, orada ya internet tamam məhdudlaşdırılıb, ya da orada hansısa ciddi problemlər var. Azərbaycanla rəqabətdə olan ölkələr, xüsusən də Ermənistan isə ön cərgələrə çəkilir. Bu isə dərhal göstərir ki, onlar ya erməni lobbisinin təsiri altındadır, ya da burada kimlərinsə siyasi marağı var".

M.Ələsgərli hesab edir ki, öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaranların məntiqi gülünc görünür: "Medianın hər yerdə problemləri var. Reallığı göstərmək üçün deyə bilərik ki, son 20 ildə dünyada 2500-ə yaxın jurnalist peşə fəaliyyətinə görə öz həyatını itirib. Baxaq görək, bunlardan neçəsi Azəbaycanın payına düşür və ölkəmizi o qədər ölüm faktları ilə yanaşı qoymaq nə dərəcədə ədalətlidir? Bu cür iddialarla adətən ABŞ-da fəaliyyət göstərən və özünü beynəlxalq təşkilat elan edən, yaxud da başqa ölkələrdə yaradılıb, amma ABŞ-a bağlı olan təşkilatlar çıxış edirlər. Amma bu iddaların yersizliyi özünü göstərdi. Yaxşı olar ki, onlar qayıdıb öz durumlarına baxsınlar.

Əgər yaxşı baxsaq, əslində, bizi ittiham edən dövlətlərin özündə medianın nə qədər ağır durumda olduğunu görərik. Bunu Azərbaycan tərəfi deyəndə bəlkə də fikirləşə bilərlər ki, burada guya subyektiv yanaşma və ya hansısa maraq var. Amma son günlərin faktlarına baxaq. ABŞ-da prezidentliyə namizəd olmuş və prezident seçilmiş Donald Tramp 2 ilə yaxın davam edən seçki kampaniyası boyu bar-bar bağırıb bütün dünyaya elan etdi ki, Amerika mediası korrupsiyalaşmış, siyasiləşmiş, müəyyən maraqlardan çıxış edən və qərəzli mövqe bildirən lobbi mediasıdır. Bunu təsadüfi bir adam deməyib. Ona görə də ölkəsindəki bu cür problemləri qoyub Azərbaycanda hansısa Facebook fəalına haqq qazandırılması, əlbəttə ki, gülünc görünür".

Qeyd edək ki, Dünya Xəbər Agentliklərinin V Konqresinin bir qrup iştirakçısını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskinin "Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?" sualına cavabında demişdi ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR