Azərbaycan büdcə layihəsində əsaslı xərcləri 43% artırıb

Azərbaycan büdcə layihəsində əsaslı xərcləri 43% artırıb
11:02 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisə təqdim olunan variantına əsasən, gələn il büdcədən əsaslı xərclərə 5 213,0 mln. manatın ayrılması nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu vəsaitin həcmi hökumətin hazırladığı ilkin büdcə variantı ilə müqayisədə 43%, yaxud 1 558,6 mln. manat çoxdur.
Layihənin yeni variantında qeyd olunub ki, bu xərclərin dövlət büdcəsi məsrəflərinin tərkibində xüsusi çəkisi 31,4% təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 6,5 faiz bəndi çoxdur.
Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə növbəti ilin büdcəsindən 2 501,0 mln. manat sərf ediləcək. Bu isə ilkin variantdakı məbləğdən 34% və ya 641 mln.manat çoxdur.
Həmin vəsaitin 560,0 mln. manatı (əvvəlki məbləğ dəyişməyib - "Report") və ya 22,4%-i Cənub Qaz Dəhlizii layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirak payının maliyyələşdirilməsi üçün şirkətin nizamnamə kapitalının artırılmasına yönəldiləcək. İnvestisiya xərclərinin 1 941,0 mln. manatı və ya 77,6%-i digər zəruri hesab edilən prioritet layihələrin və tədbirlərin maliyyələşdirilməsinə (dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən investisiya layihələrdə Azərbaycan tərəfinin maliyyələşdirdiyi öhdəliklərin yerinə yetirilməsinə və digər investisiya layihələrin maliyyələşdirilməsinə) yönəldiləcək.
Layihəyə əsasən, 2017-ci il dövlət büdcəsinin əsaslı xərclərinin 2 712,0 mln. manatı dövlət büdcəsinin müvafiq xərc bölmələrində əksini tapmaqla xüsusi dövlət alışlarının həyata keçirilməsinə, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin (əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binaları) alınmasına yönəldiləcək. Bu məbləğ isə ilkin variantla müqayisədə 51%, yaxud da 915,6 mln. manat çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-budce-layihesinde-esasli-xercleri-43-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR