O biri dünyada bahalaşma başlayır – 30 faizlik qiymət artımı gəlir

O biri dünyada bahalaşma başlayır – 30 faizlik qiymət artımı gəlir
11:23 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Online alış-veriş internetdə satmaq və bu xidmətdən yararlanmaq deməkdir. Yəni ayaqlarınızı yorub AVM-ə getməyə ehtiyac yoxdur. Gözlərinizi və diqqətinizi cəmləşdirməyiniz kifayətdir. İstədiyiniz geyimi, ev əşyasını, hətta bitkiçilik məhsullarını Çindən, Böyük Britaniyadan, uzaq Amerikadan sifariş verə bilərsiniz. Təki inetnetiniz, istəyiniz və cibinizdə pulunuz olsun.

Biz inandıq... Əlimizlə toxunmadığımız, görmədiyimiz məhsulu aldıq. Bəs sahibkarlarımız necə, sektorda gəlir qazanacaqlarına inanıb bu biznesə girişirlərmi?

Publika.az Azərbaycanda online alış-veriş bazarı ilə bağlı araşdırmasını təqdim edir.

Çin liderdir

Əvvəla qeyd edək ki, oline alış-veriş anlayışı ilkf dəfə 1990-cı ildə meydana çıxıb. Hazırda dünya üzrə online alış-verişin həcminə görə, Çin birinci yerdədir. 2015-ci ildə bu ölkədə online ticarət 562 66 milyard dollar təşkil edib. Siyahının ikincisi ABŞ olub. ABŞ-da elektron ticarət 349,06 milyard dollar təşkil edib. Böyük Britaniya üzrə bu rəqəm 93,89, Yaponiya 79,33, Almaniya 74,46, Fransa 42, 62, Cənubi Koreya 36,76, Kanada 28,77, Rusiya 20,30, Braziliyada isə 18,80 milyard dollar olub.

Azərbaycana gəlincə, biz bu göldə damla da deyilik. Dövlət Statistika Komitəsinin hesabatına əsasən yanvar-iyul aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 8,3 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 0,3 faiz üstələyərək 8,1 milyon manata bərabər olub.

Müqayisə üçün bildirək ki, qonşu Türkiyədə onlayn ticarətin həcmi ildə 20 milyard lirəyə (10 milyard dollar) çatır. Rusiyada isə 4 milyard dollara bərabərdir. Təkcə qonşü dövlətlərlə fərq dəfələrlədir…

Yerli saytların alveri niyə aşağıdır?

Azərbaycanda online alış-verişlə bağlı 2005-ci ildə “Elektron ticarət haqqında” qanun qəbul edilsə də, bu sahədə indiyə qədər “Alibaba”nın heç yarısına bərabər şirkət formalaşmayıb. İş adamlarımız təkcə Subaylar Günündə ilk 8 dəqiqədə 1 milyard dollar qazanan “Alibaba”dan ruh almırlar. Niyə?

Qeyd etdiyimiz kimi, artıq 10-ildən çoxdur ki, Azərbaycanda online alış-veriş mövcuddur. Bu sahədə vitrin.az, camex.az, Tap.az, hesabli.com və digər saytlar yaradılıb. Lakin hələ də alıcılar fərdi şəxslər tərəfindən sosial şəbəkələrdə satılan məhsulları almağa üstünlük verirlər. Bu sırada xarici saytlardan sifarişləri də unutmaq olmaz. Çünkü yerli saytların alveri onlara da uduzur. Rəyini soruşduğumuz vətəndaşların əksəriyyəti buna səbəb kimi yerli saytlarda çeşidin azlığını, əsasən ikinci əl malın satıldığını, geyimlərin baha olduğunu, sahibkarlar isə internetdən istifadə imkanlarının məhduduluğunu əsas gətirirlər.

Tozlu.com.az 2 aydır işləmir

Hazırda bazarı təşvişə salan sektorun vergiyə cəlb ediləcəyinə dair bəyanatlardır. Məsələn, tozlu.com.az online alış-veriş saytı bu səbəbdən 2 aydır fəaliyyətini dayandırıb. Müraciət edən müştərilərə ancaq Türkiyə banklarının kredit kartları ilə ödəniş aparılmasının mümkünlüyü bildirilir.

Vergilər Nazirliyi nə istəyir?

Bu gün elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Lakin o da faktdır ki, elektron ticarətdə "elektron pulların" tətbiqi bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir. Bundan başqa, belə əməliyyatların transmilli olması vergi nəzarəti üçün əlavə problemlər yaradır. Bu səbəbdən də Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizminin yaradılması üçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində işlər aparır. Nazirlikdən bildirirlər ki, bir çox hallarda e-ticarət əməliyyatları həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər dövlətin rezidenti olması, serverin isə tamamilə başqa dövlətdə yerləşməsi vergi orqanlarının üzləşdiyi əsas problemdir. Qeyd olunur ki, elektron ticarət üzrə vergi nəzarətinin təşkil edilməsi məqsədi ilə, ilk növbədə, ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalı və onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda, bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçiriləcək.

Online alış-veriş bahalı olacaq

Sahənin vergiyə cəlb edilməsi şirkətlər üçün “vergi cənnəti”, alıcılar üçün isə “qiymət cənnəti” ifadəsini gündəmdən çıxaracaq. Vergi ödəmək məcburiyyətindən qalan sahibkar qiymətləri qaldıracaq. Yeni qaydalar hazırlandıqdan sonar qiymətlərin 30 faizə qədər artacağı proqnozlaşdırılır. Bununla da yerli online alış-veriş saytları yenə də xarici saytlara uduzmaqda davam edəcəklər.

Leyla Aliyeva


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/176405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR