Azər SİRRİNİ AÇDI: “Evlənəndə o qızla şərt kəsdim ki…”- MÜSAHİBƏ - FOTO

Azər SİRRİNİ AÇDI: “Evlənəndə o qızla şərt kəsdim ki…”- MÜSAHİBƏ - FOTO
12:33 18 Noyabr 2016
133 Şou
Ölkə mətbuatı
A- A+

Onu Azərbaycan tamaşaçısı “Xoca” filmindən tanıyıb, sevib. Elə bu film də onun sənət yolunda “yaşıl işıq” yandırıb. Ard-arda filmlərə çəkilən aktyor serial rejissorlarının da diqqətini çəkib. Bu gün ölkəmizdə çəkilən əksər serialların baş qəhrəmanıdır. Tanınmış aktyor Azər Aydəmirdən söhbət gedir.

ATV-də həftəiçi hər gün yayımlanan “Məryəm” serialının baş qəhrəmanı - Zauru canlandıran aktyorun Publika.az-a müsahibəsini təqdim edirik:

- İlk dəfə sizi Vahid Mustafayevin filmlərində görüb tanımışıq. Bəs seriala gəlişiniz necə oldu?

- Doğrudur, 2011- ci ildə artıq xoşbəxt aktyor idim. Çünki aktyor Səmimi Fərhadın məsləhəti ilə “Xoca” filminə təklif almışdım.

Vahid Mustafayevin “Xoca” filmində rol alandan sonra kino aləmində tanındım. Yura obrazı mənə gözlədiyim uğuru gətirdi. Təkliflər almağa başladım. Sözün düzü, bu filmə qədər ambisiya, təsadüflər və dostların köməyi ilə özümü təsdiq etməyə çalışırdım. “Bir baxın, mən də varam, nəsə bacarıram”, - deyə hamıya müraciət edirdim.

İlk rolum Cavid Təvəkkülün “Döngələr” çoxseriyalı bədii filmində olub. Özümü təsdiqləməyim üçün, balaca rol da olsa, bu imkanı mənə verdi.

Bu filmdən sonra Samir Kərimoğlunun “Mən evə qayıdıram” filmində rol aldım.

- Harda özünüzü daha rahat hiss edirsiniz - kinoda, yoxsa serialda?

- Hər ikisində. Amma kino daha çox məsuliyyət tələb edir. Kino elədir ki, orda emosiya, oyun və obrazın dramaturji xəttində səhv buraxmalı deyilsən. Amma serialda belə səhvə yol verdinsə, növbəti bölümlərdə bu səhvi dialoq və improvizələrlə düzəldə bilərsən.

- Keçən dəfə həmkarınız Rasim Cəfər status paylaşaraq narazılığını ifadə etmişdi ki, bizim tamaşaçılar seriallara baxmadan mənfi rəy yaradır, yerli serialları pisləyir. Razılaşırsınızmı bu fikirlə?

- Əlbəttə onun fikirlərində böyük həqiqət var. Mən də seriala baxmadan mənfi rəy bildirən adamlara qıcıq oluram. Sən hər hansı bir rejissor, yaxud da aktyorun insani keyfiyyətlərini, milli mənsubiyyətini bəyənmirsənsə, seriala baxmadan rəy bildirirsənsə, deməli, ciddi şəkildə paxıllıq edirsən. Yox, həqiqətən də baxıb, bəyənmirsənsə, hər bir insanın subyektiv fikrinə hörmətlə yanaşmaq lazımdır.

- Özünüzün sevə-sevə baxdığınız əcnəbi, ya Türkiyə serialı varmı?

- Türkiyə seriallarına böyük hörmətim var. Onlar durmadan üzərlərində işləyirlər, buna görə də sürətlə inkişaf edirlər. Amma daha çox Hollivud seriallarını sevirəm.

- Sizcə, onlar daha çox nəylə uğur qazanıblar?

- Türkiyəli aktyorlar öyrənməklə, internetdə master-klassları izləməklə püxtələşirlər. Bu onlarda ən çox sevdiyim müsbət tərəfdir. Onlar teatrla kinonun fərqini başa düşürlər, bir-birinə qarışdırmırlar. Bunun özü elə ən böyük peşəkarlıqdır. Amma Hollivud seriallarından danışa bilmərəm, çünki onlar bu janrın yaradıcılarıdır. Qanunları özləri diktə edir. Biz sadəcə, onlara baxıb, ayaqlaşmalıyıq.

- Özünüzü şanslı aktyor sayırsınız?

- Bəli. Şansımı dəyərləndirməyi də bir an belə unutmuram. Buna görə rol seçəndə də diqqətli oluram.

- Ürəyiniz istəmədiyi halda, rejissora etiraz edirsinizmi ki, mən bu rolu oynamaq istəmirəm?

- Təbii ki, ürəyim istəmirsə, o rolu oynamıram. Əvvəlcədən rejissorla məsləhətləşib kompromisə gəlirik. Razılaşırıqsa, “haydı irəli!”- deyirəm, əks halda, həmin rolu başqa həmkarlarıma təklif edirəm. Çünki məndə bir az kastinq-menecer xüsusiyyəti də var. Eşitdiyimə görə, aktyor və aktrisa seçimi məndə uğurlu alınır.

- Son çəkildiyiniz “Məryəm” serialında müsbət obraz kimi sevilirsiniz. Maraqlıdır, özünüzü əclaf, qaniçən obrazlarda sınamaq istərdinizmi?

- Düzdür, amma karyeramda mənfi rollarım da olub. Deyilənə görə pis də alınmayıb. “Azərbaycanfilm”in istehsalı olan “Zabit şərəfi” filmində belə bir obraz yaratmışam.

- Sizcə, tamaşaçı sevgisini nəylə qazanmısınız?

- Əsas səbəb özümün də tamaşaçı olmağımdır. Xalqın içindəyəm və onların nə istədiklərini gözəl bilirəm. Bir də çəkildiyim filmlərdə maksimum dərəcədə real olmağa çalışıram. İstəmirəm onları aldadım.

- Aktyor üçün xarici görünüş önəmlidirmi?

- Aktyorun yaratdığı obrazın xarizması yüksək səviyyədədirsə, aktyor yüksək intellektə malikdirsə, deməli, mavi ekrandan tamaşaçını öz energetikası və orqanikliyi ilə özünə bağlayacaq. Bu zaman xarici görünüş də rol oynamır.

- Gəlin sizi bir az yaxından tanıyaq, bilirik ki, evlisiniz. Xanımınız sizi tərəf müqabillərinizə qısqanırmı?

- Evliyəm, bir övladım var. Mən onunla tanış olanda və evlilik təklif edəndə, aktyor olduğumu bilirdi və buna tam hazır idi. Bununla belə o qızla şərt kəsdim ki, mən aktyoram, gələcəkdə qısqanclıq yaradan rollarım da olacaq, həmin vaxt məni anlasın.

- Anlayırmı?

- Qısqanclıq sözsüz ki, var. Amma bu bizim ailədə qalmaqal səviyyəsinə gəlib çıxmır. Sadəcə olaraq, “nə isə, mən sonra tək baxaram” cümləsi ilə kifayətlənir.

- Bərabər yol gedəndə, ya məclislərdə heyranlarınız sizə yaxınlaşıb nəsə soruşanda xanımınızın reaksiyası necə olur?

- Son zamanlar demək olar ki, bu adət halını alıb. Xanımım buna adət edib və bunu da normal qəbul edir. Bu sarıdan problem yaşamırıq.

- Azərbaycanda açıq-saçıq, erotik səhnələrə pis baxırlar. Sizin buna münasibətinizi bilmək maraqlı olardı.

- Əgər filmin dramaturji həlli bunu tələb edirsə, acıq-saçıq və yataq səhnələri mütləq olmalıdır. Duzdu, bizim tamasaçı bunu qəbul etmək istəmir, hardasa onları da başa düşmək olar. Məncə, Azərbaycan tamaşaçısı və Azərbaycan kinosu bu məsələdə ortaq məxrəcə gəlməlidir.

- Hobbiniz, əyləncəniz varmı?

- Boş vaxtım olan kimi ekran həyatından uzaqda, dostlarla görüşürəm. Cəmiyyətdən uzaqlaşmağı xoşlamıram, əks halda, obrazlarım üçün yetərincə material olmaz. Belə bir deyim var ki, qulaq gündə bir söz eşitməsə, kar olar. Ətrafımda, ölkəmdə və dünyada nə baş verdiyini öyrənmək mənim üçün maraqlı əyləncədir. Cavanlıqda isə sevdiyim aktyorların çəkildiyi filmlərin disklərini alıb, ardıcıllıqla yığmaq ən sevdiyim məşğuliyyət olub.

- Özünüzdə bəyənmədiyiniz, mübarizə apardığınız xüsusiyyət hansıdır?

- İki əsas mənfim var: artıq çəkim və tənbəlliyim. Bu mənfilər aradan qaldırılsa, daha böyük uğurlara imza atardım.

- İnsanlarla baryer saxlamağı xoşlayırsınız?

- Xoşlamıram, amma həyat sübut edir ki, hərdən lazımdır.

- Əcnəbi həmkarlarınızdan fərqli olaraq, qazancınız çox deyil. Çatırmı dolanışığa, geyimə, lüks həyata?

- Hər halda, ailəmizi dolandırmağa bəs edir. Naşükür adam deyiləm.

- Çoxlu pulunuz olsaydı, birinci nə alardınız? Milyonlardan söhbət gedir…

- Özümə ev alardim.

- İnşallah, eşitdim təzə film də çəkəcəksiniz?

- Rejissor dostum, “Pərdə” filmindən tanıdığınız Emil Quliyevlə müəllifi olduğumuz “Həmrəylik günü” adlı bədii filmin çəkilişlərinə start verməyi planlaşdırırıq. Qubada qarın yağmasını gözləyirik. Bu film Azərbaycanda ilk yeni il romantik komediyası olacaq.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/176421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR