Noyabrın sonunda İranın rabitə və İT naziri Azərbaycana gələcək

Noyabrın sonunda İranın rabitə və İT naziri Azərbaycana gələcək
13:07 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın səfiri Cavad Cahangirzadə ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, Ş.Mustafayev C.Cahangirzadəni Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edib və ölkədəki diplomatk fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: "Əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm əhəmiyyəti var. Bu ilin əvvəlində dövlət başçımızın İrana rəsmi səfəri çərçivəsində 12 sənədin, İran Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində isə 6 sənəd imzalanıb. Bu ilin sonunadək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisi başa çatdırılacaq".
Nazir qeyd edib ki, Azərbaycanla İran arasında bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 58% artıb: "İki ölkə arasında kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, enerji, neft-qaz, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Bununla yanaşı, İran şirkətləri Azərbaycanda yaradılan sənaye parklarının imkanlarından da yararlana bilərlər. Noyabrın sonunda İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri nəzərdə tutulur. Səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq".
C.Cahangirzadə son dövrlərdə Azərbaycan-İran əlaqələrinin daha da genişləndiyini vurğulayıb. Səfir iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.
Eyni zamanda, görüşdə bu ilin sonunda Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclasında müzakirə olunacaq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/noyabrin-sonunda-i-ranin-rabite-ve-i-t-naziri-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR