ABŞ-Azərbaycan: Münasibətlərin inkişafı üçün yaxşı zəmin yaranıb

ABŞ-Azərbaycan: Münasibətlərin inkişafı üçün yaxşı zəmin yaranıb
14:42 18 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Barak Obamanın 8 illik prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri istənilən səviyyədə inkişaf etməyib: "Vaşinqton ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Rusiyaya təhvil verdi, rəsmi Bakı isə Dövlət Departamentinin diqqəti insan haqları və demokratiya məsələlərinə yönəltməsindən narazı qalaraq Azərbaycanda Amerikaya bağlı fondları qapatdı.

İndi Barak Obama gedir. Ona görə də bu günlərdə Bakıya gələcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinksin səfərinin elə bir əhəmiyyəti yoxdur. Barak Obama administrasiyası 8 ildə Azərbaycanla münasibətlərdə gərəkən məsafəni qət edə bilmədisə, Ağ Evi tərk etməli olduğu 2 ayda münasibətlərdə nə dəyişə bilər ki?"

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Ona görə də ekspertin fikrincə, digər paytaxtlar kimi rəsmi Bakı da Donald Trampın prezidentliyini gözləyir: "Son iki gündə Azərbaycan prezidenti İlham Əliyev bu və ya digər şəkildə iki dəfə Donald Tramp mövzusuna toxunub. Birincisi, İlham Əliyev Donald Trampa zəng edərək onu prezident seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaiyyətində uğurlar arzulayıb. İkincisi, İlham Əliyev xarici jurnalistlərdən birinin sualına cavab verərkən, Tramp haqqında müsbət fikirdə olduğunu deyib.

E.Şahinoğlu vurğulayıb ki, D. Tramp prezident seçildikdən sonra çox az dövlət başçısı ilə telefonla danışıb və bunlardan biri İlham Əliyevdir: "Deməli, münasibətlərin gələcək inkişafı üçün artıq indidən möhkəm zəmin formalaşıb. Telefon danışığında Trampın İlham Əliyevə ünvanlanmış bu sözləri də diqqəti çəkir: "Sizin haqqınızda çox xoş sözlər eşitmişəm". Ayrıca, Tramp İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı da xahiş edib.

D.Tramp İ.Əliyev haqqında xoş sözləri müxtəlif şəxslərdən eşidə bilərdi. Tramp biznesmen kimi bir neçə dəfə Moskvada olub. O, Moskvada daha çox Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovla və onun oğlu Emin Ağalarovla sıx təmasda olub, qızı İvanka və oğulları indi də Eminlə e-mail vasitəsilə yazışırlar. İvanka Bakıda olub, "Trump Tower" binasının tikintisi ilə tanış olub. Yəni Trampın qızı da Bakıdan ölkəsinə kifayət qədər məlumatlı qayıda bilərdi".

Politoloq qeyd edib ki, indi Azərbaycan Trampın prezidentliyinə hazırlaşır. Azərbaycanın Trampdan ən böyük gözləntisi isə həmsədr olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığı artırmaqdır: "Barak Obama prezident olduğu 8 ildə Azərbaycan prezidentini Ağ evə dəvət etmədi. Rəsmi Bakı Trampdan bu buzu da sındırmasını gözləyir. Çünki əvvəlki prezidentlər - Bill Klinton və Corc Buş Azərbaycan prezidentlərini Ağ evə dəvət etmişdilər. O ki qaldı Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasına, Tramp administrasiyası Obama administrasiyasının siyasətini davam etdirərək, bu məsələdə rəsmi Bakıya dəstəyini davam etdirəcək.

Ancaq Tramp administrasiyasının da rəsmi Bakıdan istəkləri olacaq. Məncə, bu mənada rəsmi Bakı Amerika fondlarının və qeyri-hökumət təşkilatlarının, o cümlədən Konqresin maliyyələşdirdiyi "Azadlıq" radiosunun fəaliyyətinə qoyduğu qadağanı ortadan qaldırarsa, bu, yeni Vaşinqton administrasiyasına müsbət işarə olar".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR