BƏƏ-dən olan investorlara Azərbaycanda emal müəssisələri yaratmaq təklif olunub

BƏƏ-dən olan investorlara Azərbaycanda emal müəssisələri yaratmaq təklif olunub
12:17 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Əl Gurairi ilə görüşüb. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 
Məlumata görə, Ş.Mustafayev Azərbaycan və BƏƏ arasında münasibətlərin yüksək səviyyədə olduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə önəm verdiyini deyib. Onun sözlərinə görə, əməkdaşlığın inkişafında və iş adamları arasında əlaqələrin genişlənməsində Dubay Ticarət və Sənaye Palatasının fəaliyyəti əhəmiyyətlidir: "Təsadüfi deyil ki, Palatanın MDB üzrə ilk beynəlxalq nümayəndəliyi 2012-ci ildə Azərbaycanda açılıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan-BƏƏ ticarət əlaqələri 24% artıb. Ölkələrimiz arasında kənd təsərrüfatı, emal, turizm, yük daşımaları, neft-kimya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Dövlət başçısının tapşırığına əsasən, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri çərçivəsində noyabr ayının sonunda Dubaya mineral sular, meyvə şirələri, ət və süd məhsulları, meyvə-tərəvəz, bal istehsalçılarından ibarət ixrac missiyası təşkil ediləcək. Bundan başqa, qida sektorunda fəaliyyət göstərən Azərbaycan sahibkarları noyabrın 29-u - dekabrın 1-i tarixlərində Dubayda keçiriləcək sərgidə iştirak edəcəklər".
Nazir qeyd edib ki, BƏƏ investorlarının iştirakı ilə Azərbaycanda yeni emal müəssisələrinin yaradılması üçün potensial genişdir: "BƏƏ şirkətləri ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yaradılan imkanlardan yararlana bilər. Xəzər Dəniz Limanının tikintisi layihəsi üzrə I mərhələnin başa çatması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlərin davam etdirilməsi bu sahədə əlaqələrin genişləndirilməsinə, BƏƏ yüklərinin Azərbaycan üzərindən daşınmasına geniş imkanlar yaradır".
Məcid Saif Əl Gurair isə Azərbaycana səfəri çərçivəsində regionlarda olduğunu, quruculuq-abadlıq işlərinin onda böyük təəssürat yaratdığını vurğulayıb. Dövlət başçılarının siyasi iradəsinin iki ölkə arasında əlaqələrin inkişafına böyük stimul verdiyini qeyd edən palata sədri iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bee-den-olan-investorlara-azerbaycanda-emal-muessiseleri-yaratmaq-teklif-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR