“Sosial evlər”in verilməsinə az qaldı…

“Sosial evlər”in verilməsinə az qaldı…
23:47 19 Noyabr 2016
497 Ölkə
Ölkə mətbuatı
A- A+

Mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə "Elektron hökumət" portalında "Güzəştli mənzil" sistemi yaradılacaq.
 
Aztəminatlı və gənc ailələrin mənzillə təminatı ilə bağlı ciddi problemlər mövcud idi. Bu istiqamətdə ipoteka kreditləşməsi ilə bağlı işlər görüldü. Amma ipoteka kreditləşməsi bu problemi tam həll edə bilmədi. Çünki bu kreditləşməyə əlçatanlıq istənilən səviyyədə olmadı. Digər ölkələrin təcrübəsində olan sosial evlərlə bağlı layihə gündəmə gətirilirdi. Və artıq bu istiqamətdə bir çox detallar açıqlanıb. Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə "Elektron hökumət" portalında "Güzəştli mənzil" sistemi yaradılmalıdır. Portal 2017-ci il mayın 1-dən işə düşəcək.
 
Fərmana görə...
 
Fərmana əsasən, "Güzəştli mənzil" sistemi Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın mövcudluğunu, mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınaraq, Cəmiyyətə göndərilməsini, mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və bu Fərmanın 6.2.1- 6.2.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatların alınmasını, müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını təmin etməlidir.
 
"Güzəştli mənzil" sisteminin təşkili Mənzil İnşaatı Dövlət Agentliyi, fəaliyyətinin təmin olunmasını isə "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir. Fərmanın icrası ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrı Dövlət Komitəsi və Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.
 
"Gələn ildən müraciətlərin qəbuluna başlanıla bilər"
 
İqtisadçı alim Vüqar Bayramov açıqlamasında sosial evlərlə bağlı bir çox detallara aydınlıq gətirib. O, bildirib ki, gələn ildən sosial mənzillərə sahib olmaq üçün müraciətlərin qəbuluna başlanıla bilər: "Azərbaycan Respublikası Prezidentinin "Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" fərmanı ilə ölkəmizdə gələn ilin mayın 1-dək "güzəştli mənzil" sistemi yaradılacaq. Bu fərman mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirilir. Çünki sənəd artıq gələn ildən sosial mənzillərə müraciətlərin əlçatanlığını təmin etməklə yanaşı, eyni zamanda elektron proseduraların tətbiqini nəzərdə tutur".
 
V. Bayramov sözügedən sənəddə nələrin nəzərdə tutulması və sosial evlərin hansı şərtlərlə təklif edilməsi məsələsi haqda da nüanslara toxunub: "Əvvəla, fərman "Elektron hökumət" portalında "Güzəştli mənzil" sistemi yaradılmasını nəzərdə tutur. Bu o deməkdir ki, vətəndaşlar elektron portal vasitəsi ilə güzəştli mənzillərə müraciətə çıxış imkanı əldə edəcəklər. İkincisi, sistemə sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər daxil ediləcək. Bu isə o deməkdir ki, sosial mənzil almaq istəyən şəxs sistemə daxil olaraq, hansı sənədlərin tələb edilməsi, şərtlər o cümlədən otaqların sayından asılı olaraq mənzilin qiyməti və digər məlumatlarla tanış ola biləcəklər. Üçüncüsü, bu sistem mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətini real vaxt rejimində qeydiyyata alaraq "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərəcək. Bu zaman vətəndaş müraciət etdikdən sonra onun müraciəti güzəştli mənzil inşaatına məsul olan qurumla bölüşdürüləcək. Dördüncüsü, sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və müraciətçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatları və o cümlədən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatları qeydə alınacaq. Beşincisi, bu məlumatların vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatı aparılacaq ki, bu da şəffaflıq baxımdan olduqca vacibdir. Altıncısı, cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinet yaradılacaq. Bu müraciətçiyə imkan verəcək ki, öz müraciəti ilə bağlı prosesi birbaşa izləyə bilsin. Yeddincisi, fərman güzəştli mənzillərin ipoteka və xüsusən də sosial ipoteka vasitəsi ilə əldə edilməsinə imkan verəcək. Güzəştli mənzilin üç il müddətində icarəyə verilməsinə və həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq ediləcək".
 
İqtisadçı qeyd edib ki, güzəştli mənzillər Bakının Yasamal rayonunda olacaq. Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək: "Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödənişin aylıq 300 manatdan az olmasına cəhd edilir. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. İlk il 2 min mənzil istifadəyə veriləcək, daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəfdədir. Güzəştli mənzillər illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Gözlənilir ki, 3 otaqlı mənzillərin sahəsi təxminən 70, 2 otaqlılar isə 45 kvadrat metr olacaq. Bütövlükdə, yeni sistem mənzili olmayan, amma güzəştli şərtlərlə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edəcək".
 
Orta bazar qiymətindən aşağı qiymət...
 
"Marja"nın məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası təsdiq edilib. "MİDA" MMC-nin mənzilləri ilə bağlı qaydalarda qeyd olunur ki, "MİDA" MMC mənzilləri "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti və ya nağd qayda ilə satacaq. Güzəştlə mənzil almaq üçün ASC-nin agent bankından ipoteka krediti alınacaq.
 
Qaydada bildirilir ki, mənzil güzəştli qiymətlə ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilir. Güzəştli qiyməti (mənzilin satış qiymətini) "MİDA" MMC-nin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin orta bazar qiymətindən aşağı müəyyən edəcək.
 
Qaydalarda qeyd olunur ki, mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir. Mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90%-ni təşkil etməlidir (kreditin məbləğinin 90%-dən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).
 
Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər açağıdakılardır:
- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
- elmlər doktoru elmi dərəcəsi olan şəxs;
- ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
 
Bu hüquqdan yalnız bir dəfə istifadə etmək olar
 
Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Qaydaya uyğun olaraq, yalnız layihə üzrə tikinti işlərinin 30 (otuz) və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan veriləcək. Mənzillərin satışının başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrində, cəmiyyətin internet saytında, "Elektron hökumət" portalında və "AİF" ASC-nin internet saytında yerləşdiriləcək.
 
Mənzilin güzəştlə əldə edilməsi üçün bu hüquqa sahib olan şəxslər "MİDA"ya müraciət etməlidirlər. Mənzilin güzəştlə əldə edilməsi üçün müraciət elektron qaydada "Elektron hökumət" portalında olan "Güzəştli mənzil" elektron sistemi vasitəsilə ediləcəkdir.
 
Müraciətlər real vaxt rejimində "Güzəştli mənzil" elektron sistemində qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir. Müraciətə onun qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır. Əlavə araşdırmanın aparılması tələb olunduğu hallarda, müraciət edən şəxsə bu barədə məlumat verilməklə, həmin müddət 10 iş günü artırıla bilər.
 
Müraciət etmiş şəxsin güzəştli kateqoriyaya aid olması müəyyən edildikdə, cəmiyyət həmin şəxsin sistemdə qeydiyyata alınaraq, müraciətin qeydiyyataalınma nömrəsinə uyğun olaraq, ona elektron kabinet verilməsi barədə qərar, həmin kateqoriyaya aid olmadığı müəyyən edildikdə isə elektron kabinet verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edir.
 
"Güzəştli mənzil" sistemində qeydiyyata alınmış şəxs, barəsində elan verilmiş mənzili həmin sistemdə seçə bilər. Müraciət edən şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.
 
Mənzilin seçilməsi və seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə bağlı müraciət edənin elektron kabinetində sistem vasitəsilə dərhal məlumat yerləşdirilir. Binada mənzillərin güzəştlə satışı müddəti başa çatdıqdan sonra və ərizəçinin seçdiyi mənzili onun əldə etməsinin mümkün olub-olmaması məsələsinə baxılır.
 
Əgər müsbət qərar qəbul olunursa, agent banka müraciət edilir. Agent bank müraciət edən şəxsə ipoteka krediti ayırarsa, o, mənzilə sahib ola biləcək.

"Kaspi"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR