Seriallarımızdakı naşılıq - Peşəkarlar danışdı

Seriallarımızdakı naşılıq - Peşəkarlar danışdı
10:17 21 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün yerli telekanallarda çoxlu sayda seriallar nümayiş olunur. Onların bəziləri geniş tamaşaçı auditoriyası qazan bilsə də böyük əksəriyyəti keyfiyyət baxımından o qədər də qane edici deyil. O da məlumdur ki, artıq bir neçə ildir ki, dövlət tərəfindən film və serialların çəkilişinə külli miqdarda maliyyə ayrılır. Lakin çəkilən serialların keyfiyyəti bu gün də müzakirə olunmaqdadır.

Seriallarda süjet xətti bilinməyən ssenarilər, gənc aktyorların qeyri-təbii oyunu, peşəkar olmayan operator və rejissor işi bu müzakirələrə səbəb olmaqdadır. Təbii ki, bu cür iradları bütün seriallar barəsində demək olmaz. Lakin reallıq budur ki, Azərbaycan tamaşaçısı yerli seriallardansa xarici, xüsusən də Türkiyə seriallarına baxmağı üstün tutur. Səbəb isə odur ki, yerli seriallar xarici seriallarla hələ də rəqabət apara bilmir. Bəs, niyə seriallarımız hələ də tamaşaçılara yad, qeyri-səmimi görünür?

Bəzi ekspertlər buna səbəb kimi qeyd edirlər ki, ölkəmizin müasir ruhlu serialların çəkilməsi sahəsində təcrübəsi o qədər çox deyil. Digər səbəb kimi isə maddi-texniki bazanın yüksək səviyyədə olmadığı və yaxud universitetlərdə peşəkar aktyor yetişrilməsində problemlər olduğu bildirilir.

Milli.Az xəbər veriir ki, xalq artisti Rasim Balayev mövzu ilə bağlı müsavat.com-a danışarkən çəkilən filmlərdə peşəkar rejissor, operator, ssenari iş olmamasından gileyləndi: "Rejissor sənəti çox ətin sənətdir və mən ara-bir filmlərə baxıram. Rejissorlar aktyorlarla işləyə bilmirlər. Əgər istəsələr, onlar aktyorları normal səviyyəyə gətirib çıxara bilərlər. Amma yoxdur. Rejissor sənəti dərindən bilməyənlər gəlib film çəkir. Ssenari də çox zəifdir. Lazımısız söz yığımı olur. Kino başqa sənətdir, teatrdan fərqlənir. Məsələn, teatrda uzun-uzadı monoloqlar olur, aktyorlar onu gözəl ifa edir. Amma kinoda sən deyən uzunçuluğu sevmir, orda təsviri incəsənət var və müxtəlif kino qanunları ilə çəkilməlidir. Ona görə də filmlər tamaşaçıların xoşuna gəlmir. Müəyyən lazımsız hadisələr uzun-uzadı o qədər uzadılır ki, tamaşaçılar bezir. Aktyorlar yazıq da neyləsinlər, orada əgər ssenari, rejissor və operator sənəti yoxdursa, onlara heç bir irad deyə bilmərik. Aktyoru da oynatmaq lazımdır. Rejissor ondan istədiyini tələb etməlidir. Bəzən görürsən ki, aktyor nə istəyir oynayır, amma rejissor müdaxilə etmir. Bəzən çəkilişləri çox tələsik aparırlar. Məsələn, mən bir neçə dəfə görmüşəm, bir obyekti bir günə götürürlər, deyirlər ki, buranın bir günlük pulunu vermişik, əgər səhər saat 10-dan götürülübsə, o biri gün saat 9-da təhvil verir, bir neçə metrajı eyni vaxtda həyata keçirirlər. Hər kəs də yuxusuz olur. Belə iş olmur. Hər şeyin öz vaxtı var. 8-9 saatdan artıq işləmək olmur. Bunların hamısı öz təsirini göstərir".

Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Bəsti Cəfərova isə seriallar haqqında danışmaq istəmədiyini bildirdi: "Çünki mən o seriallara baxmıram. Siz heç görmüsüzmü ki, mən o seriallarda çəkilim? Görməmisiz. Ona görə də olmadığım yerdə kiminsə işinə həqarət söyləmək, işini aşağılamaq istəməzdim, çünki insanlar əziyyət çəkirlər. İndi nə qədər alınır, ya alınmır bu onların öz işləridir. O ki, qaldı İncəsənət Universitetinə, burada kifayət qədər gözəl, səriştəli pedaqoqlar var, iş gedir, tələbələrimiz var. Əgər o seriallara həmin istedadlı tələblər gəlib çıxa bilmirlərsə, onda pedaqoqların hansı günahı var? Ümumiyyətlə, Azərbaycan xalqı çox istedadlı xalqdır. Heç bir teatrda böyük aktyor vəfat etdikdən sonra qapıya qıfıl vurulmur. İstedadlar var və ardı da gələcək".

Tanınmış rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərov isə mövzuya bu cür şərh bildirdi: "Birinci növbədə onu demək istəyirəm ki, hazırda çəkilən bütün serialları pisləmək istəmirəm. Çünki onların arasında cəhd edib ortalığa bir şey çıxartmaq istəyənlər də var. İkincisi də dəfələrlə qeyd etmişəm ki, serial istehsalı kinodan daha çətin istehsal növüdür. Və təbii ki, çətinliyi ilə də bağlı onun maliyyə problemləri var. Maliyyə problemi birdəfəlik gətirib müəyyən bir mənada çəkiliş meydançasında işləyən insaların sayına, bura gəldikdə müəyyən bir vaxt müddətinə mütləq yerləşdirmək məcburiyyəti var və ən vacib məsələ isə məktəbsizlikdir. Doğrudur, bəzi gənclərimiz xaricə gedib təhsil alır, geri dönürlər, amma geri dönməyənlər də var. Amma bu gün əgər bir müntəzəm olaraq 5-7 serial çəkilirsə, onların mütləq çəkiliş qrupu olmalıdır. Bu, sadəcə rejissordan, aktyordan asılı məsələ deyil. Texniki, yaradıcı qrupda çoxlu sayda işçi olmalıdır, rəssam, ikinci rejissor və sairə.

Dünya təcrübəsinə baxaq, təxminən 80-90-cı illərdəki Türkiyə seriallarına nəzər yetirək. Onlar təxminən 16-20 il sonra formalaşmağa başlayıb. Və yaxud rus seriallarına baxaq, təxminən 2000-ci ildən start götürmüşdüsə, 2016-cı ildə artıq normal serial çəkməyə başlayıblar. Biz uşaqlardan çox şey tələb edə bilmərik. Çünki sadaladığımız problemlərlə yanaşı, Azərbaycanda vizual sənətlə məşğul olan gənclərin yeganə çıxış yolu özlərinə öz başına təcrübə keçərək peşəkarlaşmaqdır. Bu da məktəbsizlikdən uzun bir yoldur.
Dəfələrlə qeyd etmişəm ki, aktyorların pis oyunu ilk növbədə rejissorun problemidir. Düzgün deyil "universitet pis aktyor buraxır, hələ ki gəncdirlər" deyib fikirlər söyləmək. Rejissorlardan çox şey asılıdır. Amma bu, o demək deyil ki, bir məktəb keçmiş rejissor gəlib bir qrupu peşəkar edə bilər. Buna, bir müddət, vaxt lazımdır. Seriallarımız təxminən 4-5 il bundan əvvəl çəkilməyə başlayıb. Bu müddət ərzində əgər müəyyən bir irəliləyiş varsa, gənclərin işlərində az da olsa peşəkarlıq ortalığa çıxırsa bu, artıq nəticədir.

Beləliklə, seriallarımızla bağlı 3 ən vacib probemə var: birincisi vaxt, müddət zamandır. Bütün dünya təcrübəsinə 10-20 ilə bu istehsal gəlib öz yerini tutur. Bizdə hələ bu müddət keçməyib. İkincisi bizdə məktəbsizlik problemi var. Yəni məktəbsizlik dedikdə təkcə Mədəniyyət və İncəsənət Universitetini bitirməklə olmur, başqa xarici ölkələrdə təhsil almaq, uşaqları ora göndərmək lazımdır. Bizə bəzən elə gəlir ki, yalnız iqtisadiyyat, hüquq cəmiyyətdə daha lazımlıdır. Amma cəmiyyətdə ideoloji bir faktor var ki, xalqın tərbiyəsində və cəmiyyətimizin quruculuğunda vizual sənətin, ideologiyanın çox vacib bir dəyəri var. Mənə elə gəlir ki, cəmiyyətimiz hələ ki, bu vacib xətti lazmi qədər qiymətləndirmir. Bizə elə gəlir ki, serial, kino əyləncədir. Amma bilmək lazımdır ki, cəmiyyətimizn quruculuğunda bunların böyük əhəmiyyəti var".

Aktrisa Naibə Allahverdiya isə seriallardan kənarlaşdırılmasından söz açdı: "Bəziləri elə düşünür ki, aktyorluq sənəti asandır. Amma dünyada ən ağır 3-cü sənət hesab olunur. Yəni bu sənət zərgər, riyazi dəqiqliklə işləyən sənətdir. İndi kimi gəldi seriallara çəkirlər. Kim kimin adamıdır, kimsə pulsuz çəkilirsə, kimsə az pul qəbul edirsə, onları çəkirlər. Elə bil ki, seriallar işbazların əlinə keçib. Rejissorların özlərinin bu sənətə maraqları yoxdur. Çünki onu çəkən adam ilk növbədə pulu düşünür. Əksər ssenaristlər qeyri-peşəkarlardır, onların çoxu heç bir məktəb keçməyib. Əsl peşəkarlar qaldı kənarda. Necə ki, mənim kimi bir neçə aktyorları kənara itələyiblər. Gözəl rejissor olmalıdır. Tutaq ki, bir serial əkilirsə bu ailədir və ailənin başçısı da rejissordur. Əgər filmdə ssenarist və rejissor məktəbi yoxdursa, aktyor neyləsin? Elə bir Azərbaycan incəsənətinə düşmən kəsiliblər.

Peşəkarları kənarlaşdırdılar deyə, onlar da küsüb getdi. Heç kim də bu barədə danışmaq istəmir. Kimə deyirsən deyir ki, "mənlik deyil". Azərbaycan kino sənətini, teatrını sevən insanlar anlamalıdırlar ki, qeyri-peşəkar insanları efirə çıxartmaq olmaz. Bu gün seriallarımızda çəkilənlərə baxıram, aparıcı, müğənni, hər yolda keçən... ayıbdır e. Ola bilər ki, aparıcının istedadı olsun, amma o, yalnız bir dəfə çəkilə bilər. Oynayanda da yalnız özünü oynaya bilər, heç vaxt başqasının həyatını yaşayıb oynaya bilməz. Mən əgər hansısa obrazımın öhdəsindən gəlməsəm də, hər halda aparıcıdan, müğənnidən yaxşı oyanayacam, çünki 30 il bu sənətdə çalışmışam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR