Obamanın İran planı açıqlandı – TRAMPA QARŞI

Obamanın İran planı açıqlandı – TRAMPA QARŞI
11:03 21 Noyabr 2016
124 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obamanın administrasiyası hakimiyyətin sonuna kimi İranla nüvə razılaşmasının möhkəmləndirilməsinə yönəlik addımlar atmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda “Wall Street Journal” nəşri yazıb.

Qəzetin yazdığına görə, mümkün addımlar arasında İranda işləmək üçün Amerika şirkətlərinə lisenziyaların verilməsi, həmçinin bir sıra sanksiyaların ləğvi var. Məlumata görə, Obama administrasiyası hələ prezident seçkilərinə kimi (8 noyabr –red.) bu barədə qərarlar qəbul etmək fikrində idi.

Seçkiqabağı kampaniyanın gedişatında respublikaçı Donald Tramp İranla nüvə razılaşmasını kəskin tənqid edib. Onun iddiasına görə, razılaşma Tehrana nüvə silahını yaratmağa imkan verəcək. Trampın xarici siyasət üzrə məsləhətçisi Valid Fares bildirib ki, Tramp razılaşmanı təkrar gözdən keçirməyi və ona dəyişikliklər etməyi tələb edəcək.

Obama administrasiyasındakı mənbələrdən biri qeyd edib ki, razılaşmanı ləğv etmək olduqca çətindir. Çünki razılaşmanı Çin və Rusiya dəstəkləyir.

İranın nüvə proqramı üzrə razılaşma 2015-ci il iyulun 14-də Vyanada bağlanıb. BMT Təhlükəsizlik Şurası iyulun 20-də razılaşmaya dəstək olaraq 2231 saylı qətnamə qəbul edib. İran 2016-cı il yanvarın 16-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) nüvə potensialının əhəmiyyətli azalması üzrə proqram təqdim etməklə sanksiyaların bəzilərindən azad olub.

Razılıq çərçivəsində İran ölkədə ən çox 130 ton ağır su saxlaya bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR