"İcra orqanları qanunsuz tikintiyə şərait yaradır"

"İcra orqanları qanunsuz tikintiyə şərait yaradır"
11:27 21 Noyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda tikinti sahəsində mövcud olan problemlər uzun illərdir ki həllini tapmır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hələ 3 il bundan əvvəl Tikinti və Şəhərsalma Məcəlləsinə edilən dəyişikliklərə əsasən, rayon icra hakimiyyətlərinin tikintiyə icazə vermək səlahiyyətləri əlindən alınsa da, faktiki olaraq onlar yenə də qeyri-rəsmi sərəncam vermək hüquqlarını əllərində saxlayırlar. Mövcud problem isə tikintini aparsan belə, onun altında olan torpağın özəlləşdirilməməsi ilə bağlıdır. Millət vəkili Cavid Qurbanov da Milli Məclisin komitə iclasında problemi dilə gətirərək vurğulayıb ki, bu anlaşılmazlığın aradan qaldırılması üçün ölkə rəhbərliyinə müraciət etmək lazımdır.

"Bu gün ev, obyekt tikintisi aparırsansa, onu özəlləşdirsən də altındakı mülkiyyət (yəni torpaq) sənə aid deyil. Ona görə də təklif edirəm ki, heç olmasa, tikintinin altındakı torpaq mülkiyyətinin də tikinti aparıldığı ərazi qədər və ya bir az ondan artıq hissəsinin özəlləşdirilməsinə imkan verilsin", - deyə millət vəkili bildirib.

Qeyd edək ki, Tikinti və Şəhərsalma Məcəlləsinə edilən dəyişikliyə görə tikinti aparan şəxs əvvəlcə torpağı özəlləşdirib sənədlərini əldə etdikdən sonra tikinti prosesinə başlamalıdır. Ancaq rayon icra hakimiyyətləri və vətəndaşlar bunu nəzəra almır.

Qafqazinfo problemlə əlaqədar əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıdan münasibət öyrənib. Ekspert də vurğulayıb ki, rayon icra hakimiyyətlərinin fərdi yaşayış evinin tikintisinə icazə vermək hüquqları yoxdur: "Onların sərəncam vermək hüquqları Tikinti və Şəhərsalma Məcəlləsi qüvvəyə mindiyi tarixdən etibarən əllərindən alınıb. Amma təəssüflər olsun ki, bəzi rayon icra hakimiyyətləri müxtəlif formada qanunu manipulyasiya edə bilirlər. Vətəndaşla hər hansı bir razılaşma formasında bunu həyata keçirirlər. Ancaq bu razılaşma rəsmi sənəd formasında icazə deyil. Yəni, ilkin qeydiyyat üçün əsas ola bilməz.

Nəzərə almaq lazımdır ki, Bakı şəhərində 10-15 il ərzində on minlərlə belə tikinti aparılıb ki, həmin tikililərin yerləşdiyi torpaq sahələrinin mülkiyyət hüquqları yoxdur, amma üzərindəki tikililərə mülkiyyət hüququnu təmin edən çıxarışlar mövcuddur".

Ekspertin sözlərinə görə, qeyri-yaşayış sahələrində vəziyyət fərqlidir: "Qeyri- yaşayış sahələrində hündürlüyü 12 metri ötən tikililərə artıq təkcə şəhər icra hakimiyyətləri deyil, Fövqəladə Hallar Nazirliyi, Arxitektura və Şəhərsalma Komitəsi və. s müvafiq qurumlar rəy verməlidirlər. Həmin rəylərin olması ona görə zəruridir ki, qeydiyyat zamanı bu sənədlərdən birinin olmaması həmin əmlakın qeydiyyata alınmasını əngəlləyir".

Uzun illərdir həllini tam tapmayan mövcud problemin qanunvericiliklə bağlı olub-olmaması məsələsinə aydınlıq gətirən R.Osmanlı qeyd edib ki, qanunvericilkdə əvvəllər boşluqlar çox idi: "Tikinti və Şəhərsalma Məcəlləsi qüvvəyə mindikdən sonra, demək olar ki, bu boşluqlar aradan qaldırılıb. Son iki-üç il ərzində müvafiq konyuktura nəzərə alınmaqla məcəlləyə dəyişilliklər aparılıb. Ancaq yenə də bu günə qədər tikinti aparılmasında həlli mümkün olmayan problem müvafiq yerli icra hakimiyyəti orqanlarının vətəndaşlara qeyri-qanunui yolla tikinti aparmağa şərait yaratmasıdır. Hələ də ölkədə tikinti sahəsində çox ciddi problemlər qalır. Yəqin ki, yaxın gələcəkdə bu problemləri tam olaraq həll edib aradan qaldırmaq mümkün olmayacaq".

R.Osmanlı əlavə edib ki, Tikinti və Şəhər Məcəlləsinə edilən dəyişikliklərdən vətəndaşların məlumatlı olmaması da əsas məsələlələrdəndir: "Bəzi hallarda isə vətəndaşlar özləri bu məsələlərdə maraqlı olurlar. Belə ki vətəndaşın əlində vəsaiti az olduqda ancaq 1 sot torpaq alır və onun içərisində tikinti aparmağa başlayır. Müvafiq yerli icra hakimiyyəti orqanı isə sənədlərin düzgün olmadığını görəndə, məcəlləyə uyğun normaların pozulduğunu bildirdikdə isə vətəndaş özü yerli icra hakimiyyəti orqanına qeyri-qanuni təşəbbüslə çıxış edir.

Paytaxta bu cür tikililərin hansı sayda olduğunun dəqiq reyestrini aparmaq isə qeyri-mümkündür. Bu, bizim kimi hər hansı qeyri- hökumət təşkilatının imkanları xaricindədir. Çünki böyük layihədir, onlarla insan bu prosesə cəlb olunmalıdır. Təqribi rəqəmlərə əsasən isə deyə bilərəm ki, Bakı və Abşeron ərazisində 500 mindən yuxarı belə qanunsuz tikililər mövcuddur. Müəyyən ehtimallar var ki, həmin tikintilər gələcəkdə söküləcək. Çünki bu tikililərin 15- 20 minə qədəri mühafizə zolaqlarında, yəni yüksək gərginlikli xəttlərin, dəmiryolu, magistral xətlərin, avtomobil yolu, qaz, su xətlərinin üstündə inşa olunub. Ona görə də gələcəkdə həmin obyektlərin sökülmə ehtimalı var. Amma digər tikintilərin sökülməməsi baş verə bilər. Həmin tikillilərin bir hissəsində problem sənədin tam olmamasıdır, bir hissəsində isə torpağın sənədi olsa da, tikilinin sənədi yoxdur. Yaxud da torpağın təyinatı üzrə istifadə olunmaması halları var. Ancaq bütün hallarda hökumət 500 minə yaxın tikilini söküb vətəndaşları çölə tökə bilməz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR