Azərbaycan Premyer Liqasının XII turu qonaqların fiaskosu ilə əlamətdar olub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun bütün oyunlarında qalib gələn meydan sahibləri qapılarını da toxunulmaz saxlayıblar.
"Qarabağ" "Kəpəz"i, "Qəbələ" isə "Zirə"ni 1, "Sumqayıt" "Neftçi"ni 2, "İnter" AZAL-ı 3 cavabsız qolla məğlub edib. Bir sözlə, 7 qol vuran ev komandaları aktivinə ümumilikdə 12 xal əlavə edib.
Ölkə çempionatları tarixinin son illərinə nəzər salsaq, belə hadisəyə axırıncı dəfə 2 il 8 ay öncə təsadüf olunub. 2013/14 mövsümünün XXX turunda - 2014-cü il martın 28-31-də baş tutan 5 matçda qonaqlar xala həsrət qalmışdılar. Lakin 5 qələbə qazanan meydan sahibləri qapısını toxunulmaz saxlaya bilməmişdi və ümumi hesab 11:2 kimi tarixə düşmüşdü.
Ölkə futbolunda canlanmanın yaşandığı 2004-cü ilin yayından indiyədək 7-ci dəfədi belə hal yaşanır. Bir dəfə 8, üç dəfə 6, iki dəfə 5, indi isə 4 görüşdə qonaqlar xal üzünə həsrət qalıb. Amma əvvəlki 6 halda onlar ən azı 1 qol vurub. Bu isə o deməkdi ki, son 12 ildə ilk dəfə həm qol, həm də xal həsrəti qeydə alınıb.
Düzdü, bu 12 ildə meydan sahiblərinin qol buraxmadığı bir tur olub. 2010/11 mövsümünün XXVIII turunda 10 qol buraxan qonaqlar fərqlənə bilməyib. Lakin 2011-ci il aprelin 23-24-dəki turun 6 matçında onların yeganə təsəllisi bir qolsuz heç-heçə olub.
Milli.Az