Xalq artisti Nəriman Əzimov Gəncədə dəfn olunub - FOTO

Xalq artisti Nəriman Əzimov Gəncədə dəfn olunub - FOTO
16:24 21 Noyabr 2016
190 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xalq artisti, dirijor Nəriman Əzimov Gəncədə dəfn edilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, onunla vida mərasimi Gəncə Dövlət Dram Teatrında təşkil olunub. Mərasimdə şəhərin mədəniyyət, elm və ictimaiyyət nümayəndələri iştirak edib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Sənan Hacıyev, AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev çıxış edərək Nəriman Əzimovun həyat və yaradıcılığından danışıblar.

 

Xalq artisti Fikrət Verdiyev bildirib ki, uzun illər Nəriman Əzimovla dost olub. Onun 40 ildən artıq dahi Üzeyir Hacıbəyovun yolunu davam etdirdiyini deyən F. Verdiyev Nəriman Əzimovun Gəncənin mədəniyyət həyatı üçün böyük işlər gördüyünü, bu şəhərdə ansambl yaratdığını söyləyib. Digər çıxış edənlər Nəriman Əzimovla bağlı xatirələrini danışıblar. Övladları Nadir və Namiq Əzimovlar atalarının xatirəsini əziz tutduqlarına görə ictimaiyyət nümayəndələrinə və İcra hakimiyyəti aparatına minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib. Məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş.

 

Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. 

 

Nəriman Əzimov 1982-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

 

Mərhum vəsiyyətinə uyğun olaraq Gəncənin Səbsikar qəbiristanlığında anasının məzarının yanında torpağa tapşırılıb.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR