“Xorvatiyadan “Dördlər final”çısı kimi qayıtmaq istəyirik” - Rizvan Fərzəliyev

“Xorvatiyadan “Dördlər final”çısı kimi qayıtmaq istəyirik” - Rizvan Fərzəliyev
08:17 22 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 23-də başlayacaq futzal üzrə UEFA Kubokunun elit-raundunda Azərbaycanı təmsil edəcək "Araz" B qrupunda "Uqra Yuqorsk" (Rusiya), "Hamburq" (Almaniya) və "Nasional Zaqreb" (Xorvatiya) komandaları mübarizə aparacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Araz"ın kapitanı Rizvan Fərzəliyev komandanın hədəflərindən danışıb.
 
- Cəmi 2 gündən sonra ilk oyununuza çıxacaqsınız. Elit-raunddakı rəqiblərinizi lazımi qədər təhlil etmisinizmi?

- Açığı, aşkar favorit yoxdu. Şanslar bərabərdi. Hər bir komanda "Dördlər finalı"na vəsiqə qazana bilər. Təbii ki, həmin vəsiqəyə "Araz"ın sahib çıxmasını çox istərdik. Səfərdən üzüağ qayıdacağımıza inanırıq.
 
- Aşkar favoritin olmadığını desəniz də, Rusiya çempionu "Uqra Yuqorsk" klubunun əsas rəqibiniz olduğu danılmazdı...

- Nəyə görə Rusiya çempionu? Çünki onlar UEFA Kubokunun son qalibidilər. Ancaq bu məqam bizi qorxutmur. Onlar çempion olsalar da, bu dəfə üstünlük qazanmaq üçün səylə mübarizə aparacağıq.
 
- Dünya çempionatı zamanı zədələnmişdiniz. Artıq bərpa oluna bilmisinizmi?

- Kolumbiyada məşq zamanı zədələndim və oyunlarda iştirak edə bilmədim. Amma kənardan nə bacardımsa, uşaqlara dəstək olmağa çalışdım. Zədəm artıq sağalıb və çempionat oyunlarında meydana çıxıram. Elit-raundda dünya çempionatının əvəzini çıxmağa çalışacam.
 
- Ölkə çempionatına diqqət yetirdikdə asan qələbələr qazandığınızı görürük. Bu amil daha ciddi yarışa hazırlıq baxımından problem yaratmayacaq?

- Deməzdim ki, asan qələbələr qazanırıq. "Neftçi" ilə görüşdə də böyük hesabla qələbə qazandıq. Amma bu, matçın asan keçdiyi kimi qəbul edilməməlidi. O ki qaldı elit-raunda, əlavə məşqlər keçməklə çatışmayan cəhətlərimizi düzəltməyə çalışmışıq. Xorvatiyadan "Dördlər final"çısı kimi qayıtmaq istəyirik. Təbii ki, güclü rəqiblə qarşılaşanda hazırlıq səviyyən də yüksək olur. Son 3-4 ildi daxili çempionatda 3-4 komanda rəqabət aparır. Qalan iştirakçılar zəifdilər. Buna baxmayaraq, məqsədimiz UEFA Kubokunda və Avropa çempionatında uğur qazanmaqdı. Nəticələrimiz göz qabağındadı. Bunun davamı gəlsin.
 
- Dünya çempionatından sonra uzunmüddətli istirahət üçün vaxtınız olmadı. Oyunçular fiziki baxımdan hazırdılarmı?

- Gündə iki dəfə məşq edirdik. Məşqçilər korpusunda fiziki hazırlıq üzrə məşqçimiz var. Məşq prosesi elə qurulur ki, taktiki çalışma ilə yanaşı, fiziki hazırlığımızı da lazımi səviyyəyə çatdırırıq. DÇ-dən sonra fiziki baxımdan gerilədiyimizi düşünmürəm.
 
- Yüklənmənin çox olması narahatlıq yaratmır?

- Sevindirici məqamdı ki, komandanın üzvləri fiziki hazırlığını hər zaman üst səviyyədə saxlayırlar. Boşluq olsa, çətinlik yaranar. Yüklənmənin problem yaradacağına inanmıram.
 
- "Araz" iki dəfə UEFA Kubokunun bürünc medalını qazanıb. Çempionluq üçün mühit yetişməyib?

- Bu dəfə finalda oynamaq istəyirik. İki dəfə buna yaxın olsaq da, məqsədimizə çatmadıq. Yekunda bürünclə kifayətləndik. İndi qızıl medalı qazanmaq üçün zəmin var. Zaqrebdən "Dördlər final"çısı kimi dönmək ilkin tapşırıqdı. Bunun öhdəsindən gəldikdən sonra bu haqda düşünməliyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR