Nazir: “Azərbaycanda aparılan gənclər siyasəti dünya üçün də nümunədir”

Nazir: “Azərbaycanda aparılan gənclər siyasəti dünya üçün də nümunədir”
11:58 22 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş üzrə Şurasının iki günlük iclası işə başlayıb.

Publika.az xəbər verir ki, iclas MDB-in 25 illiyinə həsr olunub.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın Şuraya üzv olan nümayəndələri iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, sözügedən iclas yubiley tədbiridir:

“Artıq 20-ci dəfədir ki, MDB ölkələrinin gənclər siyasəti sahəsində çalışan nümayəndələri bir araya gəliblər. Bu gün Bakıda səfərdə olan MDB ölkələrinin nümayəndələri arasında nazirlər və nazir müavinləri də var. Onlar burada Azərbaycanda aparılan gənclər siyasəti ilə də tanış olacaqlar”.

Nazir qeyd edib ki, Azərbaycanda gənclər siyasəti sahəsində ciddi işlər görülüb:

“Azərbaycanda aparılan gənclər siyasəti dünya üçün də nümunədir. Bu baxımdan da Azərbaycanın bu imkanlarını MDB ölkələri ilə də paylaşmaq, bu ölkələrin gəncləri ilə daha sıx dostluq və əməkdaşlıq qurmaq bizim əsas hədəfimizdir”.

A.Rəhimov əlavə edib ki, iclasın sonunda hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb:

“Sənəd artıq imzalanıb. Ona görə də biz bu gün əsasən gələcək planları müzakirə edəcəyik”.

Hazırda tədbir çıxışlarla davam edir.

Şuranın gündəliyində 14 məsələnin müzakirəsi və sənədlərin qəbulu nəzərdə tutulub.

Xatırladaq ki, Gənclərlə iş üzrə Şura 2005-ci il oktyabrın 25-də imzalanan “MDB-nin üzv dövlətlərinin Gənclərlə iş sahəsində əməkdaşlığına dair” Sazişin icrası məqsədilə yaradılıb.

Şura üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən (hər ölkədən iki nəfər olmaqla) ibarətdir.

Şuranın iclasları ildə iki dəfədən az olmamaq şərti ilə keçirilir. Şuranın 2016-cı ilin aprel ayında Minsk şəhərində keçirilmiş iclasında növbəti toplantının Bakıda keçirilməsi qərara alınıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR