Saxta profillərlə bağlı AÇIQLAMA

Saxta profillərlə bağlı AÇIQLAMA
13:42 22 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən həftə baş prokuror Zakir Qaralovun Milli Məclisə göndərdiyi sosial şəbəkələrdə saxta profillərlə böhtan və təhqirə yol verən istifadəçilərlə bağlı təklifi gündəmdən düşmür. Xüsusilə, diqqətçəkən məqam təkliflərin hələ də mahiyyətinin ictimaiyyətə tam açıqlanmamasıdır. Bu da müzakirələrin getdikcə artmasına səbəb olur. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu cür hallarının qarşısının alınmasının çətin olduğunu bildirdi: "Azərbaycanın mövcud olan qanunvericiliyində təkcə ənənəvi mediada, yəni KİV-də deyil, internet məkanının müxtəlif yerlərində təhqirlərlə bağlı cinayət məsuliyyəti öz əksini tapıb. Yəni qanunvericilikdə var ki, sən kimisə hansısa saytda, sosial şəbəkədə təhqir edəcəksənsə, böhtan atacaqsansa, cinayət məsuliyyəti var. Sual yarana bilər ki, bunlar varsa, bəs indiki dəyişikliklər nədən ibarətdir? Yeni dəyişiklikliyin mahiyyəti bundan ibarətdir ki, əgər anonim saytlarda, yaxud anonim şəkildə sosial şəbəkələrdə təhqir varsa, bu da cinayət məsuliyyəti yaradacaq. Prokurorluq bununla bağlı araşdırma apara biləcək. Təzə dəyişiklikliyin mahiyyəti bundan ibarətdir.  Müxtəlif səviyyəli tədbirlərdə Azərbaycan internetində də bəzi hallarda bu cür problemin olduğunu və bunun da  yolverilməz olduğunu  bildirmişik.

Eyni zamanda onu da vurğulamışıq ki, mövcud qanunvericilik imkan verir ki, həm hüquqi müstəvidə və həm də ictimai qınaqlar yolu ilə, Azərbaycan internetinin faydalı tərəflərini daha da inkişaf etdirməklə bu cür xoşagəlməz hallara qarşı mübarizə aparılsın və  qarşısı alınsın.
İndiyədək cinayət məsuliyyəti yaradan maddə olsa da, demək olar ki, bu maddə tətbiq olunmurdu. Yüksək səviyyəli görüşlərdə ölkə  prezidenti açıq şəkildə bəyan edib ki, Azərbaycanda internet azaddır. Məhz bu cür açıqlamalar, güman ki, kimlərəsə köhnə maddəni tətbiq etməyə imkan vermirdi. Demokratik ənənələrin yetərincə inkişaf etmədiyi durumda hansısa məmurun əlinə düşən bu qanunun nələrə gətirib çıxara biləcəyini görəsən hesablayanlar olubmu?

Əgər əvvəlki maddə kimi icra olunmayacaqsa, onda bunu qəbul edib onsuz da bizə qarşı bəzən ədalətsiz mövqe sərgiləyən beynəlxalq qurumlara yeni bir mövzu vermək görən kimin ağlına gəlib? Azərbaycanda ictimai-siyasi gərginliyin pik həddində olduğu bir zamanda da hökumət internetin məhdudlaşdırılması istiqamətində bu tip addımlar atmayıb. 

Problemin olmasını heç kim danmır, amma internetin mahiyyəti və  internet azadlığı baxımından, qanunun icrası mexanizmlərinin aydın olmaması və əlavə ciddi problemlər yaradacağına görə, düşünürəm ki,  təklif olunan variant həll yolu deyil. Yeri gəlmişkən, bu tip qanunların icrası  sonda hökumətlə, dünyanın qlobal informasiya resursları, Google, Facebook, Twitter və s. bu kimi nəhəng internet qurumları arasında  konfliktlər yarada bilər. Düşünürəm ki, onların bizə yox, daha çox bizim onlara ehtiyacımız var.  Odur ki, onlarla əməkdaşlıq xəttinin götürülməsi, onların Azərbaycana dəvət edilməsi, nümayəndəliklərinin burada açılmasına çalışmaq daha düzgün addım olardı. Belə olduqda isə qeyd olunan problemləri daha asanlıqla həll etmək olardı. Ümid edirəm ki,  problemin həlli ilə bağlı daha təkmil bir variant hazırlanana qədər qeyd olunan təklif Milli Məclisdə müzakirəyə çıxarılmayacaq. Qanunun həyata keçiriləcəyi ilə bağlı bizdə çoxlu narahatlıqlar var. Təkliflə bu problemlərin həllinə nail olmaq asan deyil, bəlkə də heç buna nail olmaq mümkün olmayacaq. Demokratik ənənələr zəif olan yerlərdə məmurların bu qanundan sui-istifadə etmələri asanlaşacaq. Məsələn, anonim biri başqasının adından profil açıb, məsuliyyəti onun üzərinə ata bilər. Buradan siyasi və biznes məqsədləri üçün istifadə oluna bilər. Saxta istifadəçilərin tapılması kifayət qədər çətin proseduradır. İnternet məkanında olan peşəkar şəxslər elə addımlar ata bilərlər ki, bunu ümumiyyətlə aşkara çıxarmaq olmaz. Arqument ortaya atıla bilər ki, insanları çəkindirmək üçün belə qanun qəbul olunub. 

Qanunvericiliyimizdə belə halın olması da Azərbaycan imicinə ciddi zərbə olacaq".

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, deputat Fazil Mustafa hesab edir ki, bu məsələnin gündəmə gətirilməsi ilə hüquqi cəhətdən nəyəsə nail olmaqda çətinlik yarana bilər: "Sosial şəbəkə virtual məkandır və hamı üçün açıqdır. İstənilən şəxs kimliyini gizlədərək, aktiv istifadəçi ola bilər. Burada ortaya atılan əsas məsələ diqqətdə olmalıdır. Kimsə saxta, yaxud real profillə nəsə yaza bilər. O zaman nə yazılıb, o nəzərə alınmalıdır. Əsas olan odur ki, ölkə başçısının şərəf və ləyaqətinin təhqir olunması, böhtan atılması, yalan məlumatların yayılması qanunvericiliyin əsas diqqətindədir. Onu tənzimləməyə çalışır. Saxta profillər məsələsini burada önə çəkmək, məncə, doğru deyil. Burada böhtan və yalan xarakterli məlumatların yayılmasını önə çəkmək lazımdır. Bunun araşdırılması hüquq mühafizə orqanlarının əməliyyat tədbirləri ilə müəyyən oluna bilər. İnsanlar təhqir, böhtan və bu kimi məsələlərə yol verməməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR