"Mən də çox adamdan şübhələnə bilərəm" - Cəmşid Məhərrəmov

"Mən də çox adamdan şübhələnə bilərəm" -  Cəmşid Məhərrəmov
16:47 22 Noyabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+


“Hansı oyunuma, hərəkətimə baxıb, nəyə əsasən bu cür düşünürlər? Allahları bilər, özləri bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan”ın futbolçusu Cəmşid Məhərrəmov deyib.

 

Bu gün İntizam Komitəsinin (İK) iclasında UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymətlər verilib. Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən 22 futbolçu araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

 

Siyahıda “Rəvan” klubunun da 7 oyunçusunun adı göstərilib ki, onların sırasında təcrübəli yarımmüdafiəçi, millinin sabiq üzvü Cəmşid Məhərrəmov da var.

 

Şübhəli duruma düşməsi ilə razılaşmayan 33 yaşlı futbolçu narazılığını bildirib. O, məsələ ilə bağlı müvafiq qurumlara şikayət edəcəyini vurğulayıb: “Rəvan”ın futbolçuları oyun alqı-satqısına getməyiblər. Sadəcə, bu klubda durum yaxşı olmadığına görə uşaqlar oyuna tam köklənə bilmirlər. I divizionda ən acınacaqlı vəziyyət, deyərdim ki, bizdədi. Ola bilər, hansısa matçda uduzmağımız kimlərinsə fikirlərini yanıldıb. Qərarla bağlı, əlbəttə ki, şikayət edəcəm. Bu günə qədər futbol oynamışam. “Rəvan”a karyeramı ləkələməkdən ötrü gəlməmişəm ki, kimsə dura şübhələnə, mənim adımı hallandıra. Heç kimin buna haqqı yoxdu. Mən də çox adamdan şübhələnə bilərəm. Amma əlində sübut olmadan heç kim durub kimisə ləkələyə bilməz, bu mümkün deyil. Onların buna haqqı yoxdu. Mən kimlə nə etmişəm, harda oturmuşam, harda durmuşam? Dəlil tapa bilməzlər, çünki Cəmşid heç vaxt oyun alqı-satqısına getməz. Bu vaxta qədər hansı klublarda futbol oynamışam, hansı nəticələrə imza atmışam - futbol ictimaiyyəti gözəl bilir. Şükür Allaha, özümə şəraitimi də qurmuşam, dolanışığım da yaxşıdı. Neçə illik futbol həyatımı I divizionda itirməyə gəlməmişəm ki? Sadəcə, yüksək dəstədə klubların sayı azaldı, mənim isə futbol oynamaq istəyim çox olduğuna və gələn il Premyer Liqada klubların sayının artacağını düşündüyümə görə, “Rəvan”da qaldım”.

 

Məhərrəmov siyahıda adları olan “Rəvan”ın digər futbolçuları - Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Elvin Əliyev, Omid Masumi və Fərid Quliyevin də oyun alqı-satqısında iştirakının mümkün olmadığını bildirib: “Elə insanların adlarını o siyahıya salıblar ki, söz tapa bilmirəm. Bunu edənlər çıxıb hamının qarşısında cavab verməlidilər. O futbolçuların heç biri oyun alqı-satqısının bir addımlığına da gedə bilməz. Hansısa matçımızın diskini qoyub desinlər ki, bax, bu hərəkətinizə görə sizdən şübhələnirik. Axı belə şey yoxdu. Etmədiyin şeyə görə səndən şübhələnməyə, ləkə atmağa heç kimin ixtiyarı yoxdu. İnsan əlində dəlil, sübutla gələr. Oyun alıb-satanlar qalıb qıraqda, gəlib elə bir klubdan yapışıblar ki, bugünkü gün onun vəziyyəti hamıya bəllidi. Axı bu yaşımda mənə lazım deyil ki, üstümə ləkə düşsün. Bu günə qədər oynayan, yaxşı pul qazanan, millidə çıxış edən, titullar əldə edən futbolçu buna gedərmi? Heç kim getməz, mən, ümumiyyətlə, getmərəm. Mən futbola yeni başlayanda vəziyyətimin necə olduğuna insanlar var ki, şahid idilər. Elə bir təklif olub, amma stoldan durub getmişəm, tüpürmüşəm həmin yerə. İnsanın özündən çox şey asılıdı. Mən inanmıram ki, “Rəvan”da kimsə o söhbətə gedə”.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmn-d-cox-adamdan-ubhln-bilrmquot-t54357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR