Efirdəki unitaz(lar)

Efirdəki unitaz(lar)
16:49 22 Noyabr 2016
135 Digər
Ölkə mətbuatı
A- A+

 

Bir tanış var. Unitaz görəndə çıxıb oturur üstündə. Görəndə deyəndə ki, yəni unitazla bir işi olanda. Deyir, üşüyürəm. Otura bilmirəm. Başqa tanışlar da var. Onlar da unitaz görəndə çıxıb otururlar üstündə. Onlar da deyir, iyrənirik. Mən isə hamını başa düşürəm. Başa düşməyən Vahid Mustafayevdi. Deyir, bir dəfə bu üşüyən uşaqlardan biri ANS-də yenə həmin o məsələylə bağlı çıxıbmış unitazın belinə. Unitaz da, eləmə tənbəllik, ortadan ikiyə bölünüb. Üstündəki qardaşın orası-burası bulaşıb... Ona bulaşsa nəydi e, yuyub təmizləyəcəkdi. Al qana bulaşıb. Unitaz bədbəxtin həmin məlum yerlərini kəsik-kəsik eləyib. Vahid Mustafayev gözünə döndüyüm də unitazın belinə çıxan həmin şəxsdən qırılan unitazın pulunu alıb.

 

Unitazın üstünə çıxan yeni qəhrəman isə teleaparıcıdır. ARB TV adlanan telekanalda efirdə unitaza oturan bu xanım isə sadəcə xəbər təqdim edirmiş. Bu unitaz Azərbaycan efir məkanına hələ indi çıxsa da, iyi illərdi efirdən burnumuza vurur. Bəlkə də elə məhz illərdi iylənən həmin unitazdı, nəhayət, onu tamaşaçılarla da tanış etdilər. Azərbaycan telekanallarına baxmayan bir adam kimi nə həmin efirdəki unitaz görüntüsünün, nə də onun qoxusunun mənə fərqi yoxdu. Ancaq kinolardan da görüb bildiyim kimi, unitazın özü yox, qoxusu narahatlıq verməlidir. Efirdə unitaza oturan qızdan isə unitaz qoxusu ağır formada hiss olunmurdu. Guya ki, çox yox, bir neçə gün əvvəl kimisə axtardıqları verilişlə ağlı yayılan qalmaqallı materialda unitaz yox idi? Var idi. Vallah, mən ən azı 5 unitaz görmüşdüm o videolarda.

 

Ya da guya ölkənin ən əməkdar artistləri Ay Zaurla “Ay olmayan” Zaurların verilişlərində və ya onların işlədikləri telekanallarda efirə heç unitaz çıxarmırlar da. Qurana əl basaram ki, nə vaxt təsadüfən baxmışamsa, neçə-neçə unitazlar görmüşəm. Tut iyindən qalx göyə. Ya da hansısa adsız aparıcıların efirdə çıxardıqları hoqqalar, danışdıqları yalanlar unitazı xatırlatmır guya? Gərək elə aparıcının özü də unitaza oxşaya və ya onun üstünə dırmaşa? Unitazla eyni qoxu versə bəs eləmir?

 

Ya da guya qırılan unitazın pulunu lap yaxşı eləyib alan Vahid Mustafayev efirə unitaz və ya unitazbaş çıxarmayıb da. Vallah, hesablasaq, ən çox unitaz elə həmişə ANS-də olub. Əgər hansısa kanaldan mənə zəng edib soruşsalar ki, unitaz, ya unitazbaş? Mən unitazın özünü seçərəm. Hətta “aziatski” də olar. 

 

Sən inanmırsan, amma bu işığa kor baxım, efirdəki unitazların əlindən Azərbaycan kanallarına baxmıram. Yəqin, elə sən də baxmırsan. Ziyalı adama oxşayırsan. Saçını düzəlt. Gözünə düşüb.

 

Bu yaxınlarda da işdə mətbəxə düşmüşdüm, gördüm, televizor açıqdı, kiminsə toyu idi yenə. Yalan olmasın, efirdə bəlkə də bir 20 nəfər unitaz oynayır, atılıb-düşürdü. Hələ bir neçəsi də qıraqda dayanıb əl çalırdı. Əl çaldıqca da iyi lap pis yayılır axı. Tapdalamayasan gərək. Tapdaladın, qanın getdi. İyidən mətbəxdə çox qala bilmədim. Bibilərə tapşırdım, pəncərəni açsınlar, efirdən yayılan unitaz iyi çəkilsin.

 

Deməyim odu ki, siz allah, tualetdə siqaret çəkməyin. Bu nə xasiyyətdi axı sizdə? 

 

Hə, deməyim həm də odu ki, unitazın özündən yox, qoxusundan iyrənmək lazımdı.

 

Avropalılara da çimməyi biz öyrətmişik.  

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR