"ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişməsi..."

"ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişməsi..."
18:05 22 Noyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişməsi prosesin irəliləməsinə təsir göstərməyəcək.

Milli,Az xəbər verir ki, bunu report-a açıqlamasında politoloq Tofiq Abbasov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ilin sonunda vəzifəsindən ayrılmaq niyyətini dilə gətirməsinə münasibət bildirərkən deyib.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişdirilməsi və ya əvəzlənməsi nəyisə həll etsəydi, bu proses çoxdan ölü nöqtədən tərpənərdi. Hələlik bu yerdəyişmələr münaqişənin həllinə heç bir müsbət təsir göstərməyib" -  T.Abbasov bildirib.

Onun sözlərinə görə, C.Uorlikin vəzifəsindən ayrılmaq istəyi çoxdan bəlli idi: "O, artıq münaqişənin üzvü olan ölkələrin elitasını buna hazırlamışdı".

T.Abbasov vasitəçi ölkələrin bu gün əsas diqqəti siyasi elitanın yenidən qurulmasına yönəltdiyini əsas gətirərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hansısa dəyişiklik olacağına şübhə ilə yanaşdığını vurğulayıb: "İndi ABŞ-da siyasi dəyişikliyi baş tutub, qarşıda Fransada, sonra da Almaniyada seçkilər gözlənilir. İndi hər üç tərəf yuxarı eşelona yeni insanların gəlməsi kontekstində planlarında düzəlişlər edirlər. Onlar bü dəyişikliklərlə Vaşinqton, Paris, Berlin və bəlkə də Romanın xarici siyasətinin prioritetlərində baş verə biləcək dəyişikliklərə özlərini hazırlaşdırır. Odur ki, bu məsələlər həll olunmayınca, - hesab edirəm ki, bu, gələn ilin yazından əvvəl baş verməyəcək, - Dağlıq Qarabağ kimi məsələlərdə köklü irəliləyiş gözləməyin mənasi yoxdur."

Ekspert bununla yanaşı, Qarabağ cəbhəsində yenidən hərbi partlayışın olacağını istisna etməyib və fikrini Ermənistanın yenidən gərginliyi artırması, atəşkəs rejimini pozmaqla təxribatlara əl atması ilə izah edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Hamburqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündən nəsə gözləməyə dəyməz və bu görüş, sadəcə, texniki xarakter daşıyacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR