Ərəblər qar üçün Azərbaycana gəlir

Ərəblər qar üçün Azərbaycana gəlir
18:18 22 Noyabr 2016
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Yeni il bayramı ərəfəsində ərəb ölkələrindən, Novruz bayramında isə İrandan ölkəmizə gələcək turistlərin sayının artacağı gözlənilir. Artıq iranlı turistlərin hər il Novruz bayramı ərəfəsində vətənimizə gəlişi adət halını alıb, bu il də əvvəlki illər kimi onların sayının artacağı istisna edilmir. Ərəblərə gəldikdə, onların ölkəmizə axınını bu il yayda gördük. Azərbaycanın yay fəslini görən ərəblər ölkəmizi bir də qışda görmək istəyirlər.

Yayılan məlumatlara görə, hətta gələcək turistlərin sayı o qədər çox olacaq ki, Azərbaycanda mövcud 22 minlik qonaqlama yerlərinin sayı yetərsiz qalacaq.

Bu günlərdə ölkəmizə indoneziyalı turizm şirkətlərinin gəlişi də gözlənilir. Məlumata görə, şirkət rəhbərlərinin bu səfəri kəşfiyyat xarakterlidir. Bunun səbəbi ölkəmizə gələcək indoneziyalı turistlərin sayının sürətlə artması ilə əlaqədardır. Hətta günə 250 indoneziyalının ölkəmizə gəlişinin gözlənildiyi bildirilir.

Bəs ölkəmizin qış turizmində sadalanan əcnəbilərin cəlb edilməsi üçün yetərli imkanlar varmı?

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Publika.az-a bildirib ki, İran və Ərəb ölkələrindən turistlərin cəlb edilməsi ölkəmiz üçün prioritet hesab edilir: “Son illər ölkə başçısının imzaladığı fərman və sərəncamlar, ölkəmizdə təşkil olunan idman yarışları, mədəni tədbirlər, turizm imkanları ilə bağlı ölkə xaricində aparılan təbliğat turistlərin marağını artırıb. Rusiya, İran, Türkiyə, MBD ölkələrindən, Avropa, eləcə də yaxın və uzaq şərq ölkələrindən ölkəmizə gələn turistlərin sayında bu il artım müşahidə edirik. Turizm şirkətləri və assosiasiyalarından verilən məlumata görə, qış turizm mövsümündə yaxın şərq ölkələrindən turistlərin Azərbaycana cəlb edilməsinə imkan var. Bu həmin ölkələrdə hava şəraiti və ölkəmizdə qış turizminin yüksək səviyyədə təşkil edilməsi ilə bağlıdır”.

V.Şixəmmədov gələcək turistlərin yerləşdirilməsi üçün yetərli potensialın olduğunu deyib: “Hər il Novruz bayramı günlərində iranlı turistlərin sayı digər aylara nisbətən kəskin fərqlənir. 2017-ci ilin mart ayında belə halların müşahidə edilməsi gözləniləndir. Ölkəyə gələn turistlərin yerləşdirilməsi üçün yetərli potensialımız var. İstər nəqliyyat, istər mehmanxana, istərsə də bələdçilər baxımdan tələblər ödənilir”.

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov indoneziyalıların kütləvi axının gözlənilən olmadığını desə də, İran və Ərəb ölkələrindən marağın yüksək olacağını düşündüyünü bildirib: “Ölkəmizə gələcək İndoneziyadan turizm şirkətləri məlumatlar toplayacaq. Onların bu səfərindən sonra indoneziyalıların Azərbaycana gəlişi gözləniləndir. Bu, yerli turizm şirkətlərin onlara nələr təqdim etməsindən çox asılıdır. İndoneziyalıların ölkəmizə cəlb edilməsi çox müsbət haldır. Çünki bu ölkənin 240 milyon əhalisi var, əksəriyyəti müsəlmandır. İmkanlardan yararlana bilsək hər il yüz minlərlə indoneziyalını ölkəmizə cəlb edə bilərik.

İranlı turistlərin Novruz bayramında gəlişi gözləniləndir. Ərəb turistlərin qış vaxtı ölkəmizə gəlməsi istisna edilmir. Çünki onlar Qusar, Qəbələdə çox olublar və qış turizminə maraqları var. Onlar əvvəl də bu bölgələrə baş çəkiblər. Düzdür, yaydakı qədər gözlənilmir, lakin gələnlər olacaq. Növbəti il yayda isə İraqdan gələn turistlərin sayının yenidən artması gözləniləndir”.

M.Ağakərimov artıq Quba, Qəbələ və Qusarda otellərdə yerlərin bronlaşdırıldığını deyib: “Bu günlərdə həmin bölgələrdə olmuşam. Dekabr, yanvar ayı üçün bu bölgələrdə istirahət etmək istəyənlərin sayı kifayət qədərdir. Onlar arasında yerli vətəndaşlarla yanaşı, xarici turistlər də var”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR