BANM-in prezident təqaüdçüsü danışır: "Məhz BANM gələcək planlarımı gerçəkləşdirə bilər"

BANM-in prezident təqaüdçüsü danışır: "Məhz BANM gələcək planlarımı gerçəkləşdirə bilər"
11:37 23 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsi olaraq prezident təqaüdçüləri ilə bağlı yeni bir layihəyə başlayırıq. Bu layihəmiz "BANM-in prezident təqaüdçülərinə 10 sual" adlanır. Beləliklə, suallarımızı BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Reyhanə Kərimli cavablandırır.

Milli.Az müsahibəni təqdim edir:

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

-Mənim adım Reyhanə Kərimlidir. 1998-ci il dekabr ayının 19-da Sabirabad rayonunda anadan olmuşam. 2005-ci ildə Belarus Respublikasının Qrodno şəhərində təhsilə başlamışam. Daha sonra, 2007-ci ildən Bakı şəhəri Nizami rayonu 272 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm və 2016-cı ildə elə həmin məktəbin məzunu olmuşam.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

-İmtahan dövrü ilə bağlı unudulmaz təəssüratlarım var. Həmin dövrdə bir qədər həyəcan və narahatlıq keçirməyimə baxmayaraq imtahanda göstərdiyim nəticənin sayəsində bütün yorğunluq və sıxıntı bir anda xoş bir xatirəyə çevrildi.

- Nə qədər bal topladınız?

-Məqsədimin 700 bal olmasına baxmayaraq, qəbul imtahanında 690 bal toplayaraq prezident təqaüdçülərinin sırasına daxil oldum.

- Niyə məhz BANM-i seçdiniz?

-BANM-in ilk açıldığı ildən yüksək bal toplayan tələbələrin buraya üz tutmasını görüb, "əgər nə vaxtsa yüksək bal toplasam, mən də buranı seçəcəyəm", - deyə düşünürdüm. 10-cu sinifdə oxuyanda BANM haqqında bir qədər də məlumat topladım və əmin oldum ki, məhz BANM mənim gələcək planlarımı gerçəkləşdirə bilər.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

-Ailədə mənim kiçik yaşlarımdan oxumaq həvəsimin şahidi olmuşdular və həmişə mənim təhsilimi davam etdirməyimi dəstəkləyiblər.

- Ən böyük arzunuz nədir?

-Hər bir tələbə kimi mənim də arzularım, daha doğrusu, məqsədim var. Hal-hazırda ən böyük məqsədim BANM-də yaradılmış şəraitdən istifadə edərək peşəkar mühəndis olmaqdır.

- İxtisasınız haqqında nə demək istərdiniz?

-Mənim fikrimcə, hələlik hazırlıq kursunda oxuduğumdan ixtisasım haqqında tam məlumatım yoxdur, amma bu ixtisası seçməzdən əvvəl BANM-in rəsmi səhifəsindən və digər mənbələrdən maraqlanaraq "Proseslərin avtomatlaşdırılması mühəndısliyi" ixtisasının məhz mənim arzuladığım sahə olduğuna əmin oldum.

- Hobbiniz nədir?

-Boş vaxtımda əsasən musiqiyə qulaq asıram, amma maraqlı kitaba rast gələndə oxuyuram, xoşuma gələn eskizlər görəndə onların rəsmini çəkirəm.

- Başqa hansı maraqlarınız var?

-Uşaqlıqdan rəqsə, gimnastikanın müxtəlif növlərinə, skripka və fortepiano musiqi alətlərinə marağım var. Həmçinin, ingilis dilindən başqa, gələcəkdə alman dilini də öyrənmək istəyirəm.

- Hansı janrda kitabları oxuyursunuz?

-Janrından asılı olmayaraq klassik əsərləri oxuyuram, amma oxuduğum kitabların içində daha çox povestlər üstünlük təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR