TARİXİ QƏRAR: 57 illik prosesə qon qoyulur

TARİXİ QƏRAR: 57 illik prosesə qon qoyulur
12:23 23 Noyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamenti bu gün Türkiyə ilə bağlı tarixi bir qərar verə bilər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Avropa İttifaqına girişi haqqında danışıqların dayandırılmasına çağıran qətnamə Avropa Parlamentinin plenar iclasında səsverməyə çıxarılacaq.

Bir çox avropalı lideri “itkimiz böyük olar” söyləsə də, Avropa Parlamentindəki 2 böyük qrup müzakirələrin dondurulmasını istəyir. Parlamentin ən böyük fraksiyası olan mərkəz sağçı Avropa Xalq Partiyasının lideri Manfred Veber dünənki açıqlamasında bildirib ki, Türkiyəyə mesaj çox açıqdır: “Üzvlük müzakirələri dərhal dondurulmalıdır”.

Veber Türkiyənin Çin və Rusiyaya meyllənməsinin çaşdırıcı olduğunu deyib. Sosialist qrupun lideri Gianni Pitella da üzvlük müzakirələrinin dondurulmasını istədiklərini bildirib.

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ötən həftə Türkiyədəki hadisələrlə əlaqədar ciddi narahatlığını ifadə edib. O, ölüm cəzasının mümkün bərpası haqqında müzakirələrdən və Xalqların Demokratik Partiyasının (HDP) üzvü olan millət vəkillərinin həbsindən narahat olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə ilk dəfə 1959-cu ildə Avropa İqtisadi Birliyinə tam üzvlük üçün müraciət edib. Avropa İttifaqı və Türkiyə arasında assosiasiya haqqında razılaşma 1963-cü ildə imzalanıb. Yalnız 2005-ci ildə başlanan üzvlük müzakirələri fikir ayrılıqları ilə əlaqədar dəfələrlə dayandırılıb.

Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. “Nəticə olmayacağı təqdirdə, bu məsələ xalq səsverməsinə çıxarılacaq”, - deyə o, qeyd edib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin Avropa İttifaqına qəbul olunması ilə bağlı referendum 2017-ci ildə keçirilə bilər. Dövlət başçısı deyib ki, Avropa İttifaqı danışıqlar müddətini uzatmaqla Türkiyəni özündən uzaqlaşdırır: “Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmirsə, bunu açıq deməlidir”.

Bu gün isə Ərdoğan qətnamə layihəsinin Avropa Parlamentində müzakirəyə çıxarılmasına sərt reaksiya verib. O, səsvermənin nəticəsinin Türkiyə üçün heç bir qiyməti olmadığını bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR