“Həmsədrlərin dəyişməsi birbaşa Ermənistanın xeyrinə
işləyən addımdır”.
Publika.az xəbər verir ki, bu barədə politoloq Qabil
Hüseynli ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin
ilin sonunda fəaliyyətini dayandıracağı haqda fikirlərini şərh
edərkən deyib.
Q.Hüseynli bildirib ki, bundan öncə Fransa Minsk qrupundakı
həmsədrini dəyişdirdi: “Yeni fransalı həmsədr təyin olunmasından
iki ay keçməsinə baxmayaraq, münaqişə ilə bağlı bir cümlə də
danışmayıb. Çünki yeni həmsədrlər gələndə onların münaqişə haqda
ətraflı öyrənməsi xeyli vaxt alır. Ceyms Uorlikin yerinə gələcək
yeni diplomat da belə edəcək. Bu isə faktiki olaraq, münaqişənin
həlli ilə bağlı prosesin uzanmasına gətirib çıxarır. Ermənistana
lazım olan da budur”.
Politoloq Qərbin Qarabağ münaqişəsində Rusiyanın əsas açar olduğu
fikrini qəbul etdiyinə diqqət çəkib.
“Bu barədə Ceyms Uorlikin özü də zaman-zaman bildirib. Lakin
reallıq budur ki, rusiyalı həmsədr münaqişə ilə bağlı heç bir
təşəbbüs irəli sürmür. Deməli hər iki məqam Ermənistana sərf edir”,
- deyə o bildirib.
Q.Hüseynli əlavə edib ki, 2017-ci ildə Ermənistanda parlament
respublikasına keçidlə bağlı referendumun keçirilməsi nəzərdə
tutulur: “Serj Sarkisyan öz hakimiyyətinin müddətini uzatmaq üçün
belə bir teatr qurmaq fikrindədir. Bu teatrın rahat şəkildə baş
tutması üçün Qarabağ məsələsi ikinci plana keçməlidir. Görünən odur
ki, Minsk qrupu öz fəaliyyəti ilə Sarkisyana bu imkanı yaradır. Bu
baxımdan, bu formatın ləğv olunması, yaxud dəyişdirilməsi vacibdir.
Rəsmi Bakı dəfələrlə bunu gündəmə gətirib. Əslində, həmsədr
dəyişdirilməsinin digər hədəfi də heç bir iş görə bilməyən Minsk
qrupunun fəaliyyət göstərdiyi görüntüsünü yaratmaqdır”.
Asif