İpoteka üçün vəsait haradan cəlb ediləcək?

İpoteka üçün vəsait haradan cəlb ediləcək?
16:42 23 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) yeni istiqraz emissiyası ilə cəlb edəcəyi 50 mln. manat vəsaitin gələn həftədən etibarən Fondun müvəkkil bankları arasında bölüşdürüləcəyi, bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinin bərpa olunacağı gözlənilir. Bəs İpoteka Fondu bu pulları haradan əldə edəcək?

Milli.Az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert, iqtisadçı Rəşad Əliyev bununla bağlı mülahizələrini bildirib:

"Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 15%-dir, yəni banklara kredit həmin faizlə verilir. Mərkəzi Bankın özü banklardan vəsaitləri depozit hərracında 21 noyabrda orta hesabla 14,98%-dən cəlb edib. Özü də tələb nə az - nə çox, 105 milyon manat olub. SOCAR-ın dollar istiqrazları 5%-dən yerləşdirilib. Maliyyə Nazirliyi də dövlət istiqrazlarını yuxarı faizlə cəlb edir.

İpoteka Fondu isə bu günlərdə 50 milyon manat məbləğində istiqrazlar yerləşdirmək niyyətindədir. Bu vəsaitlər 8%-lə adi ipoteka kreditlərinin verilməsinə yönəldiləcək və bunun üçün də aşağı faizlə cəlb edilməlidir. Əvvəllər Fond istiqrazları 3%-dən yerləşdirirdi və həmin vaxt manatın məzənnəsi möhkəm idi, üstəlik də MB-nin uçot dərəcəsi dəfələrlə aşağı idi. O vaxt da bu istiqrazların alınması o qədər də sərfəli deyildi. Məsələn, bir dəfə iri banklardan birinin vəzifəli şəxsinə sual verəndə, dedi ki, sərbəst vəsait olsa da, həmin istiqrazları likvid aktiv kimi saxlamağa dəyər. Ancaq əgər pul çoxdursa. İndi şərait dəyişib. İndi vəsait cəlb etmək olar. Ancaq hansı faizlə?

Çünki istiqraz çox aşağı faizlə yerləşdirilməlidir. Maliyyə institutlarına isə bu maraqlı deyil. Heç kim digər sərfəli maliyyə alətlərini qoyub 3-4%-lik istiqrazları almaz. Sözsüz ki, istiqraz yerləşdirilməsinə qərar verənlər, yəqin, istiqrazların necə yerləşdiriləcəyi yolunu müəyyən ediblər. Bizə isə ancaq ehtimal və ümid etmək qalır".

Ekspert Fondun vəsaiti haradan cəlb edəcəyi ilə bağlı 3 ehtimal irəli sürüb: "Birinci ehtimal Maliyyə Nazirliyidir. Bu, inandırıcı görünmür, çünki nazirliyin büdcə ilə problemləri, onsuz da, çoxdur. Digər tərəfdən, nazirliyin özü dövlət istiqrazlarını daha yüksək faizlə cəlb edir.

İkinci ehtimal istiqrazların Mərkəzi Bank tərəfindən alınması ilə bağlıdır. Bu, bir qədər qəribə görünsə də, belə ehtimal az da olsa, var. Çünki MB-nin birbaşa kredit vermə təcrübəsi olub və bunun fonunda istiqraz alması da qeyri-adi görünməz.

Daha yüksək ehtimal isə üçüncüsü ilə bağlıdır. Manatla çoxlu həcmdə sərbəst maliyyə vəsaitləri olan banklara bu işin "tapşırılması" istisna deyil. Hətta bu, onlara sərf etməsə belə...

Sual oluna bilər ki, nə üçün istiqrazların yerləşdirilməsinin incəlikləri bu qədər vacibdir? Çünki məhz bu yerləşdirmə nəticəsində bilinəcək ki, gələcək maliyyə mənbələri haradan formalaşacaq və onun gələcək potensial həcmi nə qədər olacaq".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR