Fikrət Əmirovun anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirildi - FOTO

Fikrət Əmirovun anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirildi - FOTO
18:37 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 22-də Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbində bəstəkarın anadan olmasının 94 illiyi münasibətilə tədbir təşkil olunub.

Milli.Az xəbər verir ki, ilk öncə məktəbin nəzdində Fikrət Əmirov adına muzeyin açılışı olub. Burada bəstəkarın kitabları, elmi məqalələri, musiqi əsərləri yer alıb. Bu da məktəbdə davamlı olaraq təhsil alan şagirdlərə F.Əmirovun yaradıcılığı ilə yaxından tanış olmağa imkan yaradacaq. Daha sonra qonaqlar məktəb şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra məktəbin akt zalında "Fikrət Əmirovun musiqisini ifa və təhlil edirik" adlı elmi ifaçılıq konfransı öz işinə başlayıb. Fikrət Əmirovun "1001 gecə" baletindən "Şəhrizadın rəqsi", "Uşaq lövhələri", "Skertso", "Elegiya", "Sevilin ariyası", "Lirik rəqs" və digər əsərləri səsləndirilib.

Konfransda Fikrət Əmirov adına 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbin direktoru, əməkdar müəllim Ədilə Yusifova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova və Azərbaycan Milli Konservatoriyasının prorektoru, dosent Lalə Hüseynova Fikrət Əmirovun həyat və yaradıcılığından söz açaraq, unudulmaz bəstəkarın Azərbaycan musiqi tarixində müstəsna xidmətlərə malik olduğunu öz çıxışlarında qeyd ediblər. Onun yazdığı "Nizaminin xatirəsinə" simfoniyası, "Şur" və "Kürd ovşarı" simfonik muğamları və "Sevil" operası sənətkara böyük şöhrət qazandırıb.

Vurğulanıb ki, Fikrət Əmirov müxtəlif janrlarda biri-birindən əsrarəngiz musiqi əsərləri yaratdığını bildirən Ə. Yusifova deyib ki, bəstəkarın "Azərbaycan kapriççiosu", "Gülüstan-Bayatı-Şiraz", "Nəsimi əfsanəsi" kimi simfonik əsərləri ona populyarlıq qazandırıb.

Bəstəkarın oğlu Cəmil Əmirov ailəsi adından tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək məktəbə xatirə hədiyyələri təqdim edib.

Tədbir "Min bir gecə" baletinin musiqisi əsasında rəqs ifaçılığı ilə yekunlaşıb.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/492241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR