"Belə olsa, həmin futbolçu gözümdən düşər" - Roman Qriqorçuk

"Belə olsa, həmin futbolçu gözümdən düşər" -   Roman Qriqorçuk
19:07 23 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

“Turnir cədvəli baxımından şansımız qalmayıb. Buna baxmayaraq, sabah yaxşı oynamaq istəyirik”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “qırmızı-qaralar” sabah Belçikanın “Anderlext” klubunu qəbul edəcəklər. Matçdan öncə mətbuat konfransı keçirən Qriqorçuk bunları deyib: “Avroliqanın hər bir oyunu bizim üçün böyük hadisədi”.

 

- “Sent-Etyen”lə oyundan sonra demişdiz ki, rəqibiniz güclü çempinatda çıxış etsə də, onlarla başabaş oynadız. Sabah üçün də bu fikir keçərli ola bilərmi?

- Biz başa düşürük ki, bütün rəqiblərimiz bizdən güclüdülər. Başa düşürük ki, şansımız qalmayıb. “Qəbələ” ən yaxşı oyununu göstərə bilsə, qələbə şansı yarana bilər. Səhv buraxmamalıyıq. “Sent-Etyen”lə görüşdə buraxdığımız səhv qələbə arzumuzun üstündən xətt çəkdi. Uğur da bizim tərəfimizdə olmalıdı. Bunlar hamısı üst-üstə düşdüyü halda, qalib gəlmək şansımız var.

 

- Sabah hansısa futbolçunuz oyunu buraxacaqmı?

- Dabo və Kvekveskiri sıraya dönüb. Zenyov sabah meydana çıxmayacaq. Ancaq digər futbolçularımız hazırdılar. Ümid edirəm ki, həm Dabo, həm də Nika hazırda yaxşı formadadılar. Sabah heyətdə əvvəlki oyunlarda az şans əldə edən futbolçular yer alacaq. İstəyirik ki, onlar da güclərini, nə qədər hazır olduqlarını göstərsinlər.

 

- Sabahkı oyuna hansı motivasiya ilə çıxacaqsız?

- Mən təsəvvür edə bilmirəm ki, hansısa futbolçuya Avropa Liqasının qrup oyunu maraqlı olmasın. Belə olsa, təəccüblənərəm və həmin futbolçu mənim gözümdən düşər. Çünki Avroliqanın qrupuna çıxıb, 6 oyun keçirmək futbolçunun təcrübəsini artırması üçün yaxşı şansdı. Hər bir oyunçu belə turnirlərdə özünü yaxşı tərəfdən göstərsə, digər klubların diqqət mərkəzinə düşür. Odu ki, onlarda motivasiya yüksək səviyyədədi.

 

- Adətən Sənan Qurbanov baş məşqçini əvəzləyəndə “Qəbələ” uduzmur. Necə düşünürsüz, sabah da bu statistika davam edəcəkmi?

- Ümid edirəm ki, bu ənənə sabah da davam etsin (gülür).

 

- “Anderlext” qrupdan çıxmaq vəzifəsinin öhdəsindən hələ ki, gəlməyib. Bu mənada, rəqib oyuna psixoloji gərginliklə çıxacaq. Bunu sizin üçün üstünlük saymaq olarmı?

- Bəli, biz psixoloji üstünlüyə malik olacağıq. Nəzərə alaq ki, rəqib son oyunlarda istədiyi futbolu göstərə bilmir. Psixoloji cəhətdən biz rəqibdən üstünük. Amma futbolda ustalıq səviyyəsi baxımından üstünlük daha vacibdi.

 

- Seçim şansınız olsaydı, hansını seçərdiz: “Anderlext” üzərindəki qələbəni, yoxsa “Qarabağ”la oyundakı qalibiyyəti?

- Əlbəttə ki, “Qarabağ”la oyundakı qələbəni. İndiki məqamda bunu etmək daha çətindi. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbel-olsa-hmin-futbolcu-gozumdn-durquot-t54385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR