"Heç kameradan başı çıxmır, deyir ki, özündən razısan" - FOTO

"Heç kameradan başı çıxmır, deyir ki, özündən razısan" - FOTO
21:17 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Mən bu cür həmkarımı tanımıram"

Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətovun Milli.Az-a müsahibəsi

- Anar, hazırda ən baxımlı ekran işlərindən biri olan "Sən olmasaydın" serialında çəkilirsiniz. Serial sizin teatrdakı işlərinizə mane olmur ki?

- Təbii ki, mənim üçün ilk növbədə teatrdır. Uzun illərdir artıq Akademik Milli Dram Teatrında çalışıram. Çəkilişləri elə nizamlayıram ki, teatrın işinə mane olmayım. Bu sənət ocağında sonuncu dəfə Azərpaşa Nemətovun quruluşunda "Ölülər" tamaşasını oynadım. Çox uğurlu və yaddaqalan tamaşa oldu. Buna görə Azərpaşa müəllimə təşəkkürümü bildirirəm.

- Neçə ildir serialda çəkilmirdiniz?

- Təkcə keçən mövsüm serialda olmadım. Sözün düzü, keçən mövsüm "Dəfnə ağacı" serialına dəvət almışdım, amma teatrda çox gərgin məşq gedirdi. Mən "Ölülər" tamaşasına ciddi hazırlaşırdım. Belə qərara gəldim ki, heç bir serialda çəkilməyim. Daha doğrusu, əvvəlcədən razılaşmışdım, sonradan təklifdən imtina etdim. İskəndər obrazı mənim ən çox arzuladığım rol idi, ona görə də keçən mövsüm seriala çəkilmədim. Hazırda "Sən olmasaydın" serialının çəkilişləri öz axarı ilə davam edir. Çox baxımlı və reytinqli serialdır. Buna görə Yaşar Əhmədova təşəkkürümü bildirirəm ki, məni seriala dəvət etdi.

- Çəkildiyiniz hansısa serialda özünüzü oynamısınız?

- Xeyr, elə bir rolum olmayıb ki, tam özümü oynayım. Amma ifa etdiyim rolda özüməməxsus nəsə olub.

- İskəndər rolunu çox arzuladığınızı bildirdiniz. Əslində bu rolu oynamaqla kimlərəsə nəyisə sübut etmək istəyirdiniz, yoxsa sadəcə bir arzu idi?

- Xeyr, mən heç kimə nəyisə sübut etmək istəmirəm. Teatra yeni gələndə çox istəmişdim bu rolu oynayım. Görünür, keçən mövsüm qismət olmalı idi. Mən öz işimi layiqincə görməyə çalışıram.

- Bu rolu teatrınızda digər aktyorlar da oynamışdılar. Həmin rolun sizdən əvvəlki ifaçılarından iradlar eşitdiniz?

- Əlbəttə, düzgün iradlar olanda qəbul edirəm. Çalışıram ki, iradlar vasitəsilə nələrəsə düzəliş edim. İradları da ilk növbədə mənə Azərpaşa müəllim bildirir, başqa heç kimini radına ehtiyac qalmır. Məndən əvvəl bu rolu rejissor Mərahim Fərzəlibəyovun quruluşunda əməkdar artist Sabir Məmmədov oynayıb. Hazırda da Sabir müəllim tamaşanın yeni quruluşunda digər obrazlardan birində çıxış edir.

- Efir məkanında hal-hazırda bir çox seriallar çəkilir. Sizin serialın digər seriallardan əsas fərqi nədədir?

- Digər seriallardan fərqli olaraq bizim serialımız insani hisslər üzərində qurulub. Biz bu serialda yeniyetmə uşaqların sevgisini yox, artıq həddi-büluğa çatmış insanların sevgisini göstəririk. Məncə, əsas fərq budur.

- Sevda ilə tərəf-müqabili olmaq asandır, yoxsa çətin?

- Əslində mən Sevdanı çoxdan tanıyıram. Dostluq münasibətlərimiz də var. Eşidəndə bu seriala Sevdanı dəvət edəcəklər, bir az tərəddüd etdim. Düşünürdüm ki, nə dərəcədə alınar? Amma sonradan məşqlər edəndə gördüm ki, nə yaxşı ki, mən yanılmışam. Düşünürəm ki, Sevdada aktrisalıq çox yaxşı alınır. Xüsusi bir çətinlik hiss olunmur. Bütün kollektiv Sevdanı sevir, oynadığı obraz isə hörmətlə qarşılanır.

- Ümumiyyətlə, müğənnilərin serialda çəkilməsi nə dərəcədə düzgündür?

- Bu, dünyanın hər bir yerində var. Həmçinin də bizdə. Müğənnilərin seriallarda çəkilməsini çox normal qəbul edirəm. Əgər bacarırsa, niyə də olmasın? Ən azından, onlar da səhnədədir, kliplər çəkdirirlər. Bəzən elə adamları filmlərdə çəkirlər ki, heç kameradan başı çıxmır. Bilmirəm, zamanın tələbidir, yoxsa rejissor seçimidir? Amma müğənni ən azından səhnə görüb, klip çəkdirib.

- Teatrda, yoxsa kinoda uğur qazanmısınız?

- Mən uğur qazanmışam, yoxsa qazanmamışam - deyə bilmərəm. Əgər qazanmışamsa, bu, teatrda da ola bilər, seriallarda da. Amma bilirəm ki, tamaşaçı rəğbətini qazanmışam. Buna görə bütün tamaşaçılar qarşısında baş əyirəm.

- Dəyişməyən xüsusiyyətiniz nədir?

- Mənim heç bir xüsusiyyətim dəyişməyib. Əvvəldən necə olmuşamsa yenə də eləyəm. Mənə deyirlər ki, özünüzdən razı görünürsüz. O adama sual verirəm ki, məgər siz özünüzdən narazısız? Deyir, yox, deyirəm, onda mən də özümdən narazı deyiləm (gülür).

- Özündən razılıq pis xüsusiyyətdir ki?

- Əlbəttə ki, özündən razılıq pis əlamət deyil. Gərək haradasa insan özündən razı olsun. Amma tam şəkildə yox. İşində narazılıq hissi olmalıdır ki, sən onu daha da yaxşı edəsən.

- Paxıllığınızı çəkən həmkarlarınız varmı?

- Vallah, nə bilim. Hələ ki, bununla rastlaşmamışam. Bu cür həmkarlarımı tanımıram. Düşünürəm ki, hamı məni çox istəyir. Bəlkə, kimsə ürəyində paxıllıq edib, amma büruzə verməyib. Əgər paxıllıq yaxşı mənadadırsa, qoy olsun. Bəzən mənim özümdə də kiməsə qarşı yaxşı mənada paxıllıq olur. Həmin dəqiqə o insanı çağırıb xoş sözlərimi deyirəm.

- Teatrda bir çox sənətkarlarla tərəf-müqabili olmusuz. Sizi sıxışdıranlar olurdumu?

- Böyük sənətkarların əksəriyyəti ilə tərəf-müqabili olmuşam. Xeyr, sıxışdırmayıblar, əksinə, dəstək olublar. Bu cür bir şey hiss etməmişəm. Mən özümə qarşı həmişə dəstək görmüşəm. Teatrda heç kəslə küsülü deyiləm. Kin saxlamıram. Düşünürəm ki, hamıda bu cürdür.

- Baş rolda çəkildiyiniz aktrisa həmkarınızla haqqınızda heç şayiə yayılıbmı?

- Bəlkə də, olubsa da mən eşitməmişəm. Çünki bütün tərəf-müqabillərimlə dostluq əlaqələrimiz var. Vaxtaşırı görüşürük. Məncə, şayiələrin yayılıb-yayılmaması insanın özündən asılıdır.

- Çəkilişlərdən vaxt edib qızınıza zaman ayıra bilirsinizmi?

- Bəzən elə vaxt olur ki, günlərlə bir-birimizi görmürük. Çünki o, məktəbə gedəndə çox vaxt mən oyaq olmuram. Amma az da olsa vaxt tapıb günümü onunla keçirirəm. Çəkilişdə olarkən tez-tez telefonla danışırıq.

Əli Rəhimoğlu

Milli.Az
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/491630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR