"Türkiyə vətəndaşları artıq Avropa İttifaqına əvvəlki kimi güvənmirlər"

"Türkiyə vətəndaşları artıq Avropa İttifaqına əvvəlki kimi güvənmirlər"
12:05 24 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin sabiq Avropa İttifaqı naziri, keçmiş dövlət naziri Egemen Bağış APA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Müəyyən müddətdən bəri Türkiyə-Aİ münasibətlərində ciddi sıxıntılar yaşanır. Bunun əsas  səbəbi nədir?
 
- Avropa İttifaqının proseslərə baxış problemi var, öz problemlərinə diaqnoz qoymaqda çətinlik çəkdiyi kimi, problemləri həll etməməkdə də israrlı davranır. Əgər bu gün Aİ Türkiyəni realist yanaşma ilə dəyərləndirsə, ehtiyac hiss etdiyi gənc əhalinin və enerji mənbələrinin Türkiyədə olduğunu görər. Dünyadakı müzakirə mövzularına diqqətlə baxsa, məsələlərin həllində ən böyük aktyorlardan birinin Türkiyə olduğunu görər və problemlərin həllində Türkiyə ilə birlikdə hərəkət etməyin vacibliyini anlayar. Bunları görmək yerinə, sanki başına quma soxmuş quş kimi hərəkət edir. İslamofobiya xəstəliyinə düçar olmuş Avropa inamlarımıza və mənəvi dəyərlərimizə görə bizi özündən uzaqda saxlamağa çalışır. Halbuki Avropanın mübarizə etdiyi problemlərin həllində Türkiyə kimi demokratiya mədəniyyəti ilə islam mədəniyyətini uzun illərdən bəri  birlikdə yaşada bilən bir model çox önəmlidir. Avropanın bu kənarlaşdırıcı mövqeyi Türkiyə ictimaiyyəti tərəfindən qəbul edilmir. Bizdə bir söz var, çox naz etmək aşiqi usandırır. Bir halda ki, Avropa İttifaqı bu qədər dar baxışlıdır, bizim Məclisimiz bombalananda səsini o qədər gec çıxardı, bizim cəmiyyətimiz də buna qarşı öz etirazını nümayiş etdirir. Türkiyə bir əmirlik deyil, dünyəvi, sosial hüquq dövlətidir. Burada cəmiyyətin gözləntiləri qərar mexanizmlərinə çox təsir göstərir. Türkiyə ictimaiyyəti bir vaxtlar Aİ-yə 70% dəstək verdiyi halda, o dəstək bu gün 30%-dən aşağı düşübsə, buradakı mesajları çox yaxşı oxumaq lazımdır. Avropa 1950-ci illərdən bəri Türkiyənin başını qatır, gözlədir, halbuki Türkiyəyə özünün çox önəmli bir müttəfiqi kimi baxmalıdır. Bizim məhsullarımız orada sərbəst dolaşarkən vətəndaşlarımızın viza növbələrində gözlədilməsi və buna bəhanə kimi "Terrorla mübarizə qanunu"nun göstərilməsi heç bir məntiqə sığımır. Ən azı, ona görə ki, Birləşmiş Ərəb Əmirlikləri kimi terrorla mübarizə qanunu  bizimkindən çox sərt olan bir ölkənin vətəndaşlarını vizadan azad etməsi ikili standartdır. Türkiyə Cümhuriyyətinin vətəndaşları artıq Aİ-yə keçmişdə olduğu qədər güvənmirlər. Bunun səbəbi Aİ-nin bizə qarşı mövqeyidir. Həm terrorla mübarizədə bizi tək qoydular, həm vətəndaşlarımıza sərbəst dolaşma haqqı vermədilər, həm də 3 milyon qaçqına biz qapımızı açarkən onlara qarşı qeyri-humanist mövqedə durdular.
 
- Aİ-nin "ikiüzlülüyünü" vurğulayırsınız...
 

- İkidən çox olar. Bizim buna "çoxüzlülük" deməyimiz daha məntiqli olardı.
 
- Avropa Parlamentinin sədri Martin Şultsun sanksiya xəbərdarlığına prezident Ərdoğan sərt reaksiya verdi.
 
- Hal-hazırda irəlini görməmək virusu Avropanı sarıb. Hamı daxili dinamikaya, daxili siyasətə hesablanmış mesajlar verməyə çalışır. Hörmətli Şultsun hədəfi Almaniyanın seçiciləridir, Türkiyə üzərindən öz seçicilərinə salam göndərməyə çalışır. Yəni, AP sədri olmasını bir tərəfə qoyub, alman siyasətçisi kimi davranır, Türkiyəyə qarşı duyğuları istismar edərək oradan özünə pay çıxarmağa çalışır ki, bu da ona yaraşmır. Çünki biz Martin Şultsu bir dövlət adamı kimi görmək istərdik. Ancaq təəssüf ki, bizim gözləntilərimizə cavab vermədi. Yəni, Martin Şultsun Bilgi Universitetindən fəxri doktor adı alarkən etdiyi çıxışa baxın, bir də keçən həftəki çıxışına baxın: iki fərqli Martin Şults görəcəksiniz.
 
- Bu durumda beynəlxalq təşkilatların nə önəmi qalır ki? Onlar da zəifləmirlərmi?
 
- Bəzi dövlətlər beynəlxalq təşkilatlardan özlərinin əlaltıları kimi istifadə etməyə çalışırlar. Bu məqsədlə öz aktyorlarını o təşkilatlarda müəyyən mövqelərə gətirirlər. Bu da Türkiyə kimi, Azərbaycan kimi ölkələrin o təşkilatlara olan hörmətini itirmələrinə səbəb olur.
 
- Nazir olmazdan əvvəl TBMM NATO qrupunun üzvü idiniz...
 
- Transatlantik komitənin başqanıydım.
 
- NATO Parlament Assambleyasının İstanbuldakı 62-ci sessiyasında prezident Ərdoğan demokratiyanın önəmini vurğuladı. NATO-nun 2004-cü ildə İstanbulda keçirilən zirvə toplantısından üzü bəri keçən dönəmi necə dəyərləndirirsiniz?
 
- Türkiyə NATO-nun ən önəmli ölkələrindən biridir. 15 iyul hərbi çevriliş gecəsində NATO-dan gözlədiyimiz sürətdə və tərzdə dəstək reaksiyasını görməsək də, NATO PA-nın 62-ci sessiyasının İstanbulda keçirilməsi çevrilişçilərə və onların arxasındakı şərəfsiz ağılın üstünə yumruq kimi enmişdir. Ancaq buna baxmayaraq, sanki bu ölkədə çevrilişə təşəbbüs olmayıbmış kimi, Türkiyənin demokratiya standartlarını sorğu-suala çəkmə təşəbbüsləri var. Sanki Dağlıq Qarabağda 1 milyon insan evsiz-eşiksiz qalmayıb, Azərbaycan torpaqlarının 20%-i işğal edilməyib, hər yerdə Ermənistanı qorumağa cəhd var. Bunları görəndə beynəlxalq təşkilatların ağıldan uzaqlaşdıqlarını və çoxüzlü siyasət yürütməyə başladıqlarını heyrətlə qarşılamamaq olmur. Bu da bizim o qurumlara olan hörmətimizi, təəssüf ki, azaldır. Ona görə, gələcəkdə Aİ-nin də, NATO-nun da, BMT-nin də daha səmimi, daha realist və tənqidi qeydlərinə daha hörmətlə yanaşılacaq kimi mövqe nümayiş etdirmələri lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR