İsrailin “əsas oyunçu” istəyi və Netanyahunun Azərbaycan həmləsi

İsrailin “əsas oyunçu” istəyi və Netanyahunun Azərbaycan həmləsi
13:33 24 Noyabr 2016
92 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Vaşinqtonun İsrail siyasətinin necə olacağı məsələsi düşündürücüdür. Çünki Obama Administrasiyası dönəmində Təl-Əvivlə ciddi soyuqluq yaranmışdı. Xüsusilə Fələstinin BMT tərəfindən tanınması və İranla nüvə sazişinin imzalanması ikitərəfli münasibətlərin buzlaşmasına gətirib çıxardı. Hətta Obama və İsrailin baş naziri Benyamin Netanyahunun söz atışması da diqqətdən qaçmadı. Bunun fonunda Amerikada Trampın gözlənilməz qələbəsi də suallar yaradır.

Publika.az-ın təhlilində də Trampın məhz Amerikanın idarə olunmasında xüsusi paya sahib yəhudi lobbisinin dəstəyi ilə qələbə qazandığı qeyd olunur.

“Dərin müharibə”də qələbənin sirri: yeni prezident devriləcəkmi? - TƏHLİL

“Trampın triumf”u, Amerika yeni prezidentini “dörd ağ atın qoşulduğu arabada” qarşılayır, Roma imperiyasında qalib sərkərdənin qarşılandığı kimi.



Bu baxımdan, “Tramp Amerikasının İsraillə buzları əridəcəkmi?” sualı önə çıxır.

Milli Məclisin deputatı Fazil Mustafa Publika.az-a açıqlamasında deyib ki, ABŞ-İsrail münasibətləri Obama dövründəkindən daha yaxşı olacaq: “Lakin bu da həqiqətdir ki, istənilən Amerika prezidenti İsraillə yaxşı münasibətlər saxlamağa məhkumdur. Çünki ABŞ-da yəhudi lobbisinin gücü böyükdür. Ola bilsin ki, müəyyən məsələlərdə hansısa anlaşılmazlıqlar olsun. Lakin bu iki ölkə strateji müttəfiqdir və ABŞ öz müttəfiqinə hər cür yardımı edir. Bu baxımdan, kardinal dəyişikliklər gözlənilmir”.

Fələstin məsələsinə gəlincə, F. Mustafa qeyd edir ki, Amerikanın buna özünəməxsus yanaşması var: “İsrail Fələstin məsələsini həll etmək istəməyəndə Amerika da ona dəstək verən qismində görünmək istəmir”.

Böyük ehtimalla, Tramp Amerikasının ayağı İsrailə düşərli olacaq. Artıq Təl-Əvivin aktiv siyasi gedişlər etməsi, xüsusilə bölgədə Türkiyə ilə münasibətlərini yaxşılaşdırması prosesi müşahidə olunur. Bir neçə gün öncə İsrail 6 illik fasilədən sonra Türkiyəyə ilk səfir təyin etdi. Bir neçə ay öncə isə “Mavi Mərmərə” hadisəsinə görə Türkiyədən üzr istəyərək, təzminat ödəməyə razılaşdı.

Hələ o vaxt bunun səbəbləri haqda yazarkən qeyd etmişdik ki; “Qərbin regionda müttəfiqi hesab olunan İsrailin Türkiyə və Rusiya ilə eyni “qədəri” paylaşması maraq doğurur. Təbii ki, Fələstinin bir çox Qərb ölkəsi tərəfindən tanınması, BMT-də qəbul edilməsi, Qəzzada demoqrafik dəyişikliklərə Avropadan sərt təpkilərin gəlməsi Təl-Əvivi qane edə bilməzdi. İsrailin “vurulmuş” Rusiyaya qucaq açmasının arxasında bu inciklik də dayanırdı. Əslində, Qərbin Fələstinin tanınmasını sürətləndirməsinin səbəbləri sırasında Təl-Əvivin "rus simpatiyası" da olmamış deyildi. Lakin İsrailin Türkiyə qarşısında geri çəkilməsi bu kontekstdə maraq doğurur. Axı, Təl-Əviv Romada Türkiyənin qalibiyyətinə deyil, “Qəzzanın xilasına” imza atmışdı. Məhz bu amil hər şeyin “üç muşketyorun” – Ankara-Təl-Əviv-Moskva – kardinal ordusuna qarşı mübarizəsindən ibarət olmadığını ortaya çıxarır.
İsrailin “Qəzzanın xilası” anlaşmasına imza atmasının arxasında enerji amili dayanır. Romada əldə olunan razılaşmada İsrail qazının Türkiyə üzərindən Avropaya çıxarılması məsələsi də öz əksini tapıb. Xəritədə marşrutu izlədikdə İsrail qazının Türkiyəyə çıxışı üçün mütləq Suriya torpaqlarından keçməsinin lazım olduğunu görmək olar. İndiki şəraitdə bu, mümkünsüz görünür. Deməli, qarşıdakı dövrdə Suriyada terrora son qoyulmalı və təbii qaz marşrutunun təhlükəsizliyi üçün sabitlik təmin olunmalıdır. Görünən odur ki, İsrail onu güclənməyə qoymayan Qəzza məsələsində qeyri-müəyyən tarixə qədər güzəştə gedərək, Avropanın qaz bazarında payçı olmaq istəyir. Digər tərəfdən, Türkiyə ilə anlaşma Qəzza problemini İsrailə qarşı kart kimi istifadə edən İranı oyundan kənarlaşdırmaq planının bir hissəsidir”.

Qərbin planlarına qarşı Türkiyə-Rusiya-İsrail birliyi – TƏHLİL



Görünür, Təl-Əviv eyni siyasəti davam etdirir və Obamanın gedişindən sonra bu daha da aktiv olacaq.

F.Mustafa qeyd edir ki, İsrail-Türkiyə münasibətlərinin yaxşı olması Azərbaycana xeyir edəcək: “Çünki bizim hər iki ölkə ilə qarşılıqlı maraqlarımız var və onlar arasındakı gərginlik bizə sərf etmir. Bu baxımdan, İsrailin Türkiyə ilə əməkdaşlığa köklənməsini alqışlamalıyıq”.

Və burada Azərbaycan faktoru aydın şəkildə görünür. Təbii ki, Türkiyə-İsrail gərginliyi Bakıya sərf etmir. İndi isə bölgədə kartlar dəyişir. Benyamin Netanyahunun bu ilin sonunda Azərbaycana rəsmi səfərə gəlməsi də bu kontekstdə diqqət çəkir. Bu səfərin ana xəttində İran amilinin dayanması da ayrıca məsələdir.

İran prezidenti Həsən Ruhaninin bu həftənin sonunda Ermənistana səfər edəcəyi isə bölgədə yeni siyasi proseslərin yarandığını deməyə əsas verir.

Siyasi ekspert Elxan Şahinoğlu bu iki səfəri belə şərh edir: “İrəvan əlindən gələn hər şeyi edəcək ki, səfər uğurlu keçsin, müxtəlif sazişlər imzalansın. İran prezidenti iki dəfə Azərbaycana rəsmi səfər edib, Ermənistanda isə hələ bir dəfə də olmayıb.Tehranda anlayırlar ki, Həsən Ruhaninin Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq doğuracaq. Məni dəfələrlə iranlı diplomatlara demişəm ki, Tehran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə göz gəzdirməlidir. Onların ənənəvi cavabı var: “Siz də İsraillə sıx əməkdaşlıq edirsiniz”. Bu fikri ortaya qoyduğum arqumentlərlə heç zaman qəbul etmədim. Yaxşı, Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etsə, İran da Ermənistanla əməkdaşlıqdan imtina edəcəkmi – sualına isə konkret cavab vermirlər. Deyirlər ki, İran bütün qonşularla, o cümlədən Ermənistanla normal münasibətlərə malik olmaq istəyir. Demək, İsrail bəhanədir. Ancaq iranlı diplomatlar hər dəfəsində bunu da deyirlər: “Azərbaycanın yeri bizim üçün başqadır, Terhan Azərbaycan və Ermənistanla müqayisədə Sizə üstünlük verir”. Bunun belə olub-olmadığına inanmamız üçün İran prezidentinin Azərbaycanın ərazi bütövlüyü haqqında Bakıda dediyi fikirləri İrəvanda təkrarlaması lazımdır”.

F. Mustafa isə hesab edir ki, İsrail baş nazirinin səfəri ölkələrimiz arasındakı münasibətləri daha da möhkəmləndirəcək.

“Maraqlarımız bölgədə müəyyən dərəcədə üst-üstə düşür. Hərbi sahədə, kənd təsərrüfatı və sənayedə əməkdaşlığımız inkişaf edə bilər. Bu sahələr İsraildə inkişaf edib. Hesab edirəm ki, Netanyahunun səfəri əməkdaşlığın möhkləmlənməsinə töhfə verəcək”, - deyə o bildirib.

Bütün bunların fonunda İsrailin aktiv siyasətə keçdiyi diqqət çəkir. Hesab etmək olar ki, Tramp Amerikası dönəmində Təl-Əviv bölgədə əsas oyunçu olduğunu əyani şəkildə sübut etməyə çalışacaq.

Asif

Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/177176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR