Almaniya indiyədək Azərbaycana 500 mln. dollar yatırıb

Almaniya indiyədək Azərbaycana 500 mln. dollar yatırıb
15:42 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Almaniya investorları indiyədək Azərbaycanda əsas kapitala 488,3 mln. ABŞ dolları, o cümlədən qeyri-neft sektorunda 405,4 mln. dollar həcmində investisiya qoyub. Hazırda Azərbaycanda Almaniya kapitallı 169 şirkət fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupunun VI iclasında Azərbaycan İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev bildirib. 
"Almaniya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı kimi fəal iştirak edir. Sumqayıt Kimya Sənaye Parkında yeni tikilən peşə məktəbində alman modelində peşə təhsilinin yaradılması üzrə iş davam edir. Həmçinin, "Tvinninq" layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra olunub və hazırda 3 layihənin icrası üzrə işlər görülür", - deyə S.Vəliyev bildirib.
Mövcud əlaqələrin səviyyəsinin iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açdığını deyən S.Vəliyev qeyd edib ki, bu baxımdan Prezident İlham Əliyevin bu ilin iyun ayında Almaniyaya səfərini xüsusi vurğulayıb: "Səfər çərçivəsində çox məhsuldar görüşlər keçirilib. Eyni zamanda biznes-forum da təşkil edilmişdir. Bugünkü görüşün proqramı çox zəngindir. İşçi Qrupunun iclasında ticarət, investisiya, ekologiya, təhsil, tvinninq layihələrinin icrası, azərbaycanlı iş adamalarının Almaniyada ixtisasartırma layihələrində iştirakı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq".
"Hazırda Azərbaycan üçün önəmli olan yerli məhsulların Almaniya bazarına çıxarılmasıdır və bununla bağlı təqdimat keçiriləcək. Eyni zamanda, Almaniya şirkətlərinin Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, xüsusən, sənaye parklarının fəaliyyəti barədə məlumat veriləcək və təkliflər səsləndiriləcək", - deyə Nazirlik rəsmisi əlavə edib. 
Almaniyanın İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru, İşçi Qrupunun həmsədri Ekard Frants Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun VI iclası çərçivəsində müzakirə edilən məsələlərin iki ölkə arasında iqtisadi-ticarət əlaqələri üçün önəmli olacağına əminliyini bildirib. 
"İşçi Qrupu çərçivəsində intensiv və etibarlı əməkdaşlıqdan məmnunuq. İclasın gündəliyində bir çox məsələlər yer alıb və sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək. Enerji, kənd təsərrüfatı, logistika və turizm sahələrində bir çox məsələlərə toxunulacaq. Menecerlərin ixtisasının artırılmasına dair proqram mövcuddur və proqram çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib", - deyə E.Frants qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/almaniya-indiyedek-azerbaycana-500-mln-dollar-yatirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR