Cavid Qurbanov: “Mərkəzi stansiya dekabrın 24-də açılacaq”

Cavid Qurbanov: “Mərkəzi stansiya dekabrın 24-də açılacaq”
19:18 24 Noyabr 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən təşkil edilən aylıq işgüzar nahar çərçivəsində Palatanın üzvləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşüb.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qonaqlara qarşıdan gələn “Black and Ball” və Azərbaycan-ABŞ biznes-forumu barədə məlumat verib. O, həmçinin Nuran Kərimovu “AmCham”ın yeni vitse-prezidenti seçilməsi münasibətilə təbrik edib.

Cavid Qurbanov isə bildirib ki, Azərbaycan ərazisinə görə kiçik ölkə olmasına baxmayaraq, dünyanın mərkəzində yerləşir və Şərqlə Qərb arasında körpü rolunu oynayır.

“Yerləşməmiz bizə loqistika imkanlarımızı dəstəkləməyi və onları inkişaf etdirməyi tələb edir. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin inkişafına xüsusi diqqət yetirir, son illərdə 6 hava limanı və 12 min km yol tikilib. Dəmiryolları da burada böyük rol oynayır. Artıq iki ildir ki, “Azərbaycan DəmirYolları” QSC islahatlar həyata keçirir və işçilərin aylıq məvacibini artırmağa və işə yeni əməkdaşlar cəlb etməyə çalışır. Eyni zamanda, biz binalarının müasirləşdirilməsinə də diqqət yetiririk, xüsusən də Sumqayıt ərazisində”, - deyə Cavid Qurbanov qeyd edib.

Cavid Qurbanov Mərkəzi Stansiyanın hazırda təmirdə olduğunu və artıq dekabrın 24-də yeni mərkəzi stansiyanın qapılarını sərnişinlərə açacağını bildirib. O, həmçinin qeyd edib ki, Bakı-Sumqayıt marşrutunda sərnişinlərin sayı artıb və yeni stansiyaların açılması, yeni lokomotiv və qatarların alınması nəzərdə tutulur. Bunula yanaşı, ADY Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun tikintisinə başlayacaq.

QSC-nin rəhbəri biletlərin onlayn satış sistemi, ötən il ərzində ADY tərəfindən alınan yeni lokomotivlər və elektrik qatarları barədə məlumat verib və bildirib ki, Naxçıvan-Məşəd marşrutu üzrə sərnişin qatarları noyabr ayının sonundan etibarən istismara veriləcək. Sözügedən marşrut iki ölkə arasında turizm əlaqələrinin davamlı inkişafına dəstək olacaq.

Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olaraq Azərbaycan və İran sərhəddində Astaraçay üzərində dəmiryolu körpüsünün inşası bu ilin dekabr ayında yekunlaşacaq. Cavid Qurbanov bildirib ki, dəmiryolunun Astara stansiyasından İran sərhəddində körpüyədək olan 8,3 km hissəsi artıq hazırdır və sınaqdan keçirilib. Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirməyi nəzərdə tutur. Dəhliz Azərbaycan, İran və Rusiya dəmir yollarını əlaqələndirəcək.

Tədbirin sonunda Cavid Qurbanov “AmCham”ın üzvlərinə və tədbir iştirakçılarına təşəkkür edib və ADY-nın gələcəkdə də Palata ilə məhsuldar əməkdaşlığına inandığını bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/177225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR