“Kaspersky Lab”: Azərbaycan istifadəçilərinin 25%-i internetdə təhlükələrlə üzləşib

“Kaspersky Lab”: Azərbaycan istifadəçilərinin 25%-i internetdə təhlükələrlə üzləşib
19:47 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ “Kaspersky Lab” şirkətinin ekspertləri 2016-cı ilin üçüncü rübü üzrə informasiya təhlükələrini təhlil ediblər.
“Report” xəbər verir ki, araşdırma nəticələrinə əsasən, hesabat dövrü ərzində Azərbaycan istifadəçilərinin 25%-i internetdə təhlükələrlə üzləşib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 7 faiz azalıb. Belə ki, ötən il Azərbaycan istifadəçilərinin 32%-i internetdə zərərli ünsürlərə yoluxub. Yerli təhlükələr isə Azərbaycanda ənənəvi olaraq aşağı səviyyədə qalır.
Ümumilkdə, üçüncü kvartalda ən geniş yayılmış təhlükələrdən biri mobil bank troyan virusları olub. 
“Kaspersky Lab”ın ekspertləri bildirirlər ki, bu cür göstəricilərin əsas səbəbi regionda adətən iyul, avqust və sentyabr aylarına təsadüf edən məzuniyyət mövsümüdür. Belə ki, bu dövr ərzində məzuniyyətə çıxanlar tərəfindən edilən onlayn ödənişlərin sayı artır, kibercinayətkarlar isə vaxt itirmədən buna reaksiya verirlər. Bu ilin üçüncü rübünün nəticələrinə əsasən, fərdi kompüterlərə bank troyanları tərəfindən hücumların səviyyəsinə görə birinci yerdə Rusiya qərarlaşıb. 
“Kaspersky Security Network” bulud infrastrukturunun məlumatlarına əsasən, rusiyalı istifadəçilərin 4,2%-i bu cür maliyyə təhlükələri ilə üzləşib. Reytinqdə yeni yer almış Şri-Lanka ikinci sıradadır. Bu ölkədə istifadəçilərin 3,5%-i internet ödənişləri edərkən təhlükə ilə rastlaşır ki, onların arasında Şri-Lankaya məzuniyyət məqsədilə gələn və onlayn bankinqdən istifadə edənlər də ola bilər. Bundan başqa, siyahının ilk beşliyində turizm istiqamətləri üzrə məşhur olan Braziliya, Türkiyə və Kamboca yer alır.
“Qarşıdan gələn Yeni il bayramı mövsümündə turistlər arasında məşhur ölkələrdə zərərli proqramların aktivlik göstəriciləri dəyişəcək, xüsusən də bank sahəsi üzrə zərərli proqramlar vasitəsilə ən çox kiberhücuma məruz qalan ölkələrin reytiniqinin də qış istirahət mərkəzlərinə doğru dəyişəcəyi istisna olunmur. Lakin kiberhücumların qurbanları, yəni evdən tur almaq, səyahət zamanı tez ödəniş etmək və ya sosial şəbəkələrdə fotoşəkil yerləşdirmək istəyən turistlər əvvəlki qaydada onları gözləyən təhlükələrlə sadəcə öz ölkələrində deyil, həm də tanınmış turizm məkanlarda rastlaşa bilərlər. Yeni il bayramını pul və ya cihazlarındakı mühüm informasiya itkisi ilə korlamamaq üçün istifadəçilər buna diqqət yetirməli və internetdə daha ehtiyatlı olmalıdırlar” - “Kaspersky Lab” şirkətinin antivirus üzrə eksperti Denis Makruşin deyib.
Bundan başqa, şifrələyici proqramlar və maliyyə fırıldaqçıları bu gün də rusdilli internet istifadəçiləri üçün aktual təhlükə olaraq qalır. Bu zərərli proqramlar istifadəçilərin cihazlarına keçir, mühüm faylları şifrələyir və ya sadəcə ekranı bloklayıb geriyə dönüş üçün pul tələb edirlər. Bu cinayətkarlıq növü çəkilən xərclə müqayisədə sahiblərinə daha çox gəlir gətirdiyi üçün kibertəhlükələr dünyasında daha da məşhurlaşır. Belə ki, dünyada kiberhücuma məruz qalmış istifadəçilərin sayı 2,6 dəfə artıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/kaspersky-lab-azerbaycan-istifadecilerinin-25-i-internetde-tehlukelerle-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR