Arzuya qalib gələn sevgi HEKAYƏ

Arzuya qalib gələn sevgi HEKAYƏ
21:05 24 Noyabr 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Sən buralardan çox uzaqlarda, hətta xəyallarımın belə gedib çıxa bilməyəcəyi uzaqlardasan. Mən isə yenə öz ünvanımda - hər an xatirələrinlə baş-başa qaldığım mənzilimdəyəm.
   Birgə çəkdirdiyimiz şəklimiz də başımın üstündən asılıdır. Yadımdadır, biz o şəkli dekabrın son günü çəkdirmişdik - Yeni ilə bir gün qalmış... Hər dəfə ona baxanda sən yadıma düşürsən. Səninlə olduğum günləri, əllərinə toxunduğum anları, bir sözlə, hər şeyi xatırlayıram...

Aqşin yenə dəlicəsinə sevdiyi Səidəni fikirləşir, onun xəyalı ilə söhbət edirdi. Onlar məktəbdə eyni sinifdə oxumuşdular. Elə birinci sinifdə oxuyarkən bir-birinə vurulmuşdular. Əvvəllər bu məhəbbəti "uşaq sevgisi" adlandırırdılar. Sonradan bu "uşaq sevgisi" əsl məhəbbətə - ürək sevgisinə çevrildi. Elə bir məhəbbətə ki, Aqşinin yuxularına haram qatırdı. Ailələri də bu sevgidən agah idilər və hətta toya hazırlaşırdılar. Ancaq bir gün Səidə təhsilini xaricdə davam etdirmək istədiyini dedi:
- Aqşin, bilirsən ki, biz neçə illərdir bir-birimizi sevirik. Mən də eşqimə sadiqəm. Ürəyim səndən başqa heç kəsi sevməyib və ömrümün sonuna qədər səni sevəcəm. Buna adın qədər əmin ola bilərsən. Mənim ürəyimdə bir nəfər var - o da sənsən. Ancaq təhsilimi Amerikada davam etdirmək istəyirəm. Bir neçə həftəyə gedəcəm. Səndən bir müddət idi bunu gizlədirdim...

Səidənin bu sözləri Aqşini bərk sarsıtdı. Axı Aqşin Səidədən ayrı qala bilməzdi...

Səidə isə fikrində qəti idi. Aqşin nə qədər israr etsə də, Səidə fikrindən dönmədi və bir neçə həftə sonra ikinci təhsil almaq üçün Vaşinqtona yola düşdü.

***

Beləcə günlər günlərə calandı. Bu minvalla altı ay keçdi. Ayda bir neçə dəfə telefonla danışırdılar. Ancaq bir gün Səidə uşaqlıqdan arzuladığı xaricdə təhsil sevdasının Aqşinə duyduğu sevgiyə məğlub olduğunu anladı. O, təhsilini yarıda buraxıb, Bakıya dönmək və bu xəbəri zəng edib Aqşinə demək qərarına gəldi:   

- Salam, Aqşin, necəsən?

- Sağ ol, əzizim. Sənsiz necə olacam? Sən gedəndən nə gecəm var, nə gündüzüm. Bir gün də mənə bir il kimi görünür. Sənsiz ürəyim qəfəsə salınmış bülbül kimidir, Səidə.

- İnanıram, Aqşin. Mən də sənsiz çox, lap çox darıxıram. Sənə şad xəbərim var.

- Nə xəbərdir? - Aqşin həyəcanla xəbər aldı.

- Mən buradakı təhsilimi yarımçıq saxlayıb Bakıya qayıdıram. Hə, sənin yanına - bir gün belə fikrimdən çıxara bilmədiyim Aqşinimin yanına qayıdıram.

Səidənin bu sözləri Aqşinin payız ömrünə bahar təravəti, həsrətdən qaralmış gözlərinə nur gətirdi.

Anar Məcidzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR